
Azərbaycan teatr tarixində xüsusi yeri olan “Hicran” tamaşası 1983-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində nümayiş olunub və bu gün də sevə-sevə xatırlanır. Siyavuş Aslan, Nəsibə Zeynalova, Hacıbaba Bağırov kimi sənət nəhənglərinin iştirak etdiyi bu tamaşa tamaşaçıların yaddaşında silinməz iz buraxıb. Tamaşada xalq artisti Siyavuş Aslanın geyindiyi məşhur sarı pencəyin maraqlı tarixçəsi var. Həmin pencək Zərdab rayonunun Əlvənd kəndində yaşayan həmyerlimiz Maarif Qurbanov tərəfindən aktyora bağışlanıb. 1983-cü ildə teatrın aktyor heyəti Zərdabın Əlvənd kəndinə qastrol səfərinə gələrkən kənd mədəniyyət evinin yaxınlığındakı mağazaya baş çəkib. Mağazada asılqanda olan zolaqlı, sarı rəngli pencək Siyavuş Aslanın diqqətini çəkib. Aktyor bu pencəyi uzun müddətdir axtardığını və “Hicran” televiziya tamaşasında canlandırdığı obraza tam uyğun gəldiyini bildirib. Pencəyin pulunu ödəmək istəsə də, Əlvənd kənd sakini Maarif Qurbanov onu ödənişsiz şəkildə, hədiyyə olaraq sənətkara təqdim edib.
Zerdab.com








