
Ulu Öndər Heydər Əliyev əsl insan sərrafı idi. O, insanlarda ilk növbədə savadı, bacarığı, potensialı, məsuliyyət hissini və zəhmətkeşliyi qiymətləndirir, istedadlı və perspektivli kadrların üzə çıxarılmasına, irəli çəkilməsinə xüsusi diqqət yetirirdi. Bəzən gənc yaşda məsul vəzifələrə təyin olunan kadrlara müəyyən dairələrdə tərəddüdlə yanaşılsa da, Ulu Öndərin etimad göstərdiyi həmin gənclər sonradan öz işləri, əzmkarlıqları və məsuliyyətləri ilə bu etimadı doğruldurdular.
Belə etimad göstərilən gənclərdən biri də əslən Zərdab rayonunun Körpükənd kəndindən olan Marat Allahverdiyev idi.
Bəlkə də çoxları bilmir ki, Heydər Əliyevin etimadı ilə məsul vəzifəyə irəli çəkilərkən Marat Allahverdiyevin cəmi 34 yaşı var idi. Bu, bir tərəfdən Ulu Öndərin gənclərə olan inamının, digər tərəfdən isə Marat müəllimin şəxsi keyfiyyətlərinə, bilik və bacarığına verilən yüksək qiymətin göstəricisi idi.
Marat müəllim ona göstərilən etimadın məsuliyyətini dərindən dərk edir, üzərinə düşən vəzifələri vicdanla və layiqincə yerinə yetirirdi. O, əmək fəaliyyətinə Bakı şəhər komitəsində tikinti instruktоru kimi başlayıb, sonralar dəmir-beton zavodunun direktoru, Azərbaycan Rabitə Nazirliyində Rabitə Montaj-Tikinti Trestinin rəhbəri, daha sonra Mətbuat və İnformasiya Nazirliyinə çevrilən Dövlət Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədr müavini və sədri, eləcə də məşhur “Bərpaçı” mərkəzinin rəisi kimi məsul vəzifələrdə çalışıb.
Onun rəhbər vəzifələrdəki fəaliyyəti davamlı olub. Marat Allahverdiyev sonrakı illərdə Azərbaycan mədəniyyət nazirinin müavini, Respublika Xalq Nəzarət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri kimi mühüm dövlət vəzifələrində çalışıb. Bu vəzifələrin hər biri yüksək peşəkarlıq, prinsipiallıq və məsuliyyət tələb edirdi. Marat müəllim isə fəaliyyəti boyu məhz bu keyfiyyətləri ilə seçilirdi.

Beynəlxalq İctimai Telekommunikasiya Akademiyasının üzvü, akademik, texniki elmlər doktoru Marat Allahverdi oğlu Allahverdiyev yalnız dövlət idarəçiliyindəki fəaliyyəti ilə deyil, həm də şəxsiyyəti, ziyalılığı, insanlara münasibəti, o cümlədən doğma el-obasına bağlılığı ilə yadda qalıb. O, 1990-1995-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olub.
Marat müəllim Bakıda dünyaya gəlsə də, əslən olduğu Zərdab rayonunu, doğma torpağın insanlarını heç vaxt unutmurdu. İstər Bakıda, istərsə də Zərdabda yaşayan həmyerlilərinin problemləri ilə maraqlanır, köməyini əsirgəmirdi. Elə buna görə də Zərdab camaatı Marat müəllimi bu gün də böyük hörmət və sevgi ilə xatırlayır.
Marat müəllim Ulu Öndər Heydər Əliyevə və onun dövlətçilik siyasətinə sədaqəti idi. Bu sədaqəti yalnız öz fəaliyyəti ilə nümayiş etdirmirdi, həm də övladlarına aşıladığı əsas həyat prinsiplərindən biri idi. O bunun nə qədər böyük mənəvi məsuliyyət olduğunu öz həyat nümunəsi ilə göstərmişdi.
Marat müəllimin üç övladı var. Onlardan biri də ölkə ictimaiyyətinin yaxşı tanıdığı, çox hörmət etdiyimiz dəyərli ziyalımız Elnur Allahverdiyevdir.
Elnur müəllimin əmək və ictimai-siyasi fəaliyyət yolu da kifayət qədər zəngindir. O, Sloveniya Respublikasının Azərbaycandakı fəxri konsulu olub, Heydər Əliyev Mərkəzinin direktorunun müşaviri vəzifəsində çalışıb. Bir neçə il isə “Azercell Telekom” MMC-nin İdarə Heyətinin sədri işləyib.
Yeni Azərbaycan Partiyasının üzvü olan Elnur Allahverdiyev 9 fevral 2020-ci ildə keçirilmiş parlament seçkilərində 17 saylı Yasamal üçüncü seçki dairəsindən YAP-ın namizədi kimi VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.
Elnur müəllim babası Allahverdi kişidən, atası Marat müəllimdən miras qalan ziyalılıq, xeyirxahlıq, el-obaya bağlılıq və insanlara qayğı ənənələrini böyük bir nəslin layiqli davamçısı kimi yaşadır. Bu, sadəcə ailə ənənəsinin qorunması deyil, həm də nəsildən-nəslə ötürülən mənəvi missiyanın davam etdirilməsidir.
Xalq arasında gözəl bir deyim var: “Ot kökü üstündə bitər”. Həqiqətən də, insanın yetişməsində ailə tərbiyəsinin, valideyn nümunəsinin və mənəvi dəyərlərin rolu əvəzsizdir. Marat Allahverdiyev kimi dövlətinə, xalqına və doğma el-obasına bağlı, Ulu Öndərin etimadını doğrultmuş bir insanın Elnur Allahverdiyev kimi ziyalı, ölkəsinə və dövlətçiliyinə bağlı övlad yetişdirməsi onun həyat fəlsəfəsinin və verdiyi tərbiyənin davamıdır.
İnanırıq ki, Marat müəllimin mənəvi irsinin, nəcib ailə ənənələrinin layiqli davamçısı olan Elnur Allahverdiyev bundan sonra da mühüm uğurlara imza atacaqdır.
Mənbə: Zərdab simaları səhifəsi.
Müəllif: Nicat








