Rusiyada qətlə yetirilmiş zərdablı milyonçu…

0
46
Əhəd Əhədov
Əhəd Əhədov

Aprelin 27-i ötən il Rusiyanın Krasnodar diyarının Eysk şəhərində qətlə yetirilmiş tanınmış azərbaycanlı iş adamı Əhəd Əhədovun doğum günüdür. Yaşasaydı 60 yaşı tamam olacaqdı…
Əhəd Əhədov 1952-ci ildə Zərdab rayonunun Əlibəyli kəndində doğulub. Tarixçi olmaq arzusu ilə yaşayan soydaşımızın həm də yaxşı aktyorluq qabiliyyəti olub. Lakin 1969-cu ildə orta məktəbi başa vuran Ə. Əhədov nə tarix, nə də aktyorluq fakultələrinə qəbul ola bilmir. Buna görə də hərbi xidmətə yollanır. Hərbi xidməti başa vurandan sonra isə üz tutur Rusiyanın Krasnodar vilayətinin Eysk şəhərinə. Burada sıravi inşaatçı kimi işə başlayan Əhəd Əhədov bir müddət sonra Krasnodarda İnşaat Texnikumunu bitirir. İşlərini müəyyən müddətə qaydasına salan həmyerlimiz 1976-cı ildə ailə qurur. İki qızı, bir oğlu dünyaya gəlir. 1980-ci ilə kimi həmyerlimiz tikinti firmalarının birində məsul vəzifədə çalışır. 1999-cu ildə isə ağır zəhmətlərdən sonra böyük tikinti firmalarından birinə direktor təyin olunur. Yeri gəlmişkən, bu müəssisə məhz Əhəd Əhədovun təşəbbüsü ilə “Drujba” (Dostluq-red) Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılır. Tanınmış iş adamı ömrünün son günlərinədək rəhbəri olduğu bütün müəssisələrdə azərbaycanlıların işlə təmin olunmasına böyük önəm verib. Bunun nəticəsi idi ki, onun rəhbəri olduğu müəssisələrdə işçi heyyətinin təqribən 80 faizi soydaşlarımız olub. Bundan əlavə, xeyirxah iş adamı öz vəsaiti hesabına Eyskdə yataqxana inşa etdirib və aztəminatlı azərbaycanlı ailələrini oraya yerləşdirmişdi. Əhəd Əhədovun müstəsna xidmətlərindən biri də Eysk şəhərində Azərbaycan Cəmiyyətinin yaradılması ilə bağlı olub. Azərbaycanlılara göstərdiyi dəstəyə görə cəmiyyətin Eysk şəhərindəki nümayəndəliyinin sədri vəzifəsinə məhz Əhəd Əhədov təyin olunur. 2001-ci ildə isə Əhəd Əhədov mərhum Prezident Heydər Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında iştirak edir və Eysk şəhərini təmsil edir. Yaxınlarının bildirdiyinə görə, bir vaxtlar sıravi vətəndaş kimi ayrıldığı vətəninə böyük və tanınmış iş adamı kimi dönməsi onu çox kövrəldibmiş. Eyskdə çoxlu sayda xəstəxanalar, idman kompleksləri, hündürmərtəbəli binalar, yataqxanalar inşa etdirmiş, yüzlərlə soydaşımızı iş yerləri ilə təmin etmiş Əhəd Əhədovun arzuları, hədəfləri daha böyük idi. Məsələn, Krasnodarın meri ilə əldə olunmuş razılığa əsasən şəhərin bütün abadlıq işləri Əhəd Əhədovun rəhbərlik etdiyi “Drujba” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunmuşdu. Lakin…
2009-cu ilin dekabr ayında Əhəd Əhədov baş direktoru olduğu “Drujba” Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisindən çıxarkən naməlum şəxsin silahlı hücumuna məruz qaldı və başından güllə yarası alan soydaşımız dünyasını dəyişdi. Onun ölümü ilə bağlı açılmış cinayət işində isə hələ ki, bir yenilik yoxdur. Belə görünür ki, kimlərsə bu cinayət işinin açılmasına maraq göstərmirlər…
Yazımızın əvvəlində qeyd etdiyimiz kimi, yaşasaydı 60 yaşı tamam olacaqdı Əhəd Əhədovun. Amma azərbaycanlıları sevməyənlər, soydaşlarımızın uğurlarını istəməyənlər buna mane oldular…
Allahdan rəhmət eləsin.

  • Əhəd Əhədov
  • Əhəd Əhədov