Sən kimsən, Əkrəm Əylisli?

1
62

Əkrəm ƏylisliSƏN KİMSƏN, ƏKRƏM ƏYLİSLİ? AZƏRBAYCANDA YAŞAYAN ERMƏNİ, YOXSA, ERMƏNİLƏRƏ SATILAN AZƏRBAYCANLI XALQ YAZIÇISI?

Əkrəm Əylislinin Rusiyanın “Drujba narodov” jurnalında çap olunmuş “Daş yuxular” əsərini bir azərbaycanlı kimi, acı təəssüf hissilə oxudum və anlamadım: Əkrəm Əylisli Azərbaycanda yaşayan erməni daşnakıdır, yoxsa, ermənilərə satılan azərbaycanlı Xalq yazıçısı?

Hər halda, bu əsəri oxuyan kimi, erməni mətbuatı onu qəhrəman elan edib. Necə də etməsinlər? Axı, Azərbaycan ədəbiyyatının nəhənglərindən biri, “İstiqlal” ordenli Xalq yazıçısı  Əkrəm Əylisli “Daş yuxular” adlı romanında “dünyanın ən zəhmətkeş, vicdanlı və mədəni insanları” hesab etdiyi erməniləri amansızlıqla qətlə yetirən “vəhşi Azərbaycan xalqı” obrazını yaradıb, erməni təcavüzünə və iddialarına bəraət qazandırıb. Etiraf edim ki, bir vaxtlar Əkrəmin “Adamlar və ağaclar”, “Kür qırağının meşələri”, “Mənim nəğməkar bibim” əsərlərini sevə-sevə oxumuşdum. “Daş yuxular” isə məni sarsıtdı və qəlbimdə müəllifə qarşı sonsuz qəzəb, nifrət yaratdı.

İnsan nə qədər vicdansız olmalıdır, yazsın ki,  “Sumqayıt qətllərini hazırlayan DTK deyil, 5-10 ermənini öldürən dəstənin başçısı erməni deyil, “yeraz”lardır, Parapetdə suya atılıb boğulan erməniyə qahmar çıxan şizofrenik Sadayı döyən kopoyoğlu “yeraz”lardır… Sumqayıt hadisəsi azərbaycanlının və müsəlmanın, ümumiyyətlə, azərbaycanlılığın, müsəlmanlığın boynundadır… Qarabağ da, Sumqayıt da vəhşiləşmiş “yerazın” boynundadır… Ancaq harda erməni gördüsə öldürməyə köklənmiş, çörək almağa gedən ermənini öldürən, erməni qızının alt paltarını çıxarıb məscidin qarşısında nümayiş etdirən vəhşi azərbaycanlılar”, “Naxçıvan ermənilərindir” və s. Və o qədər şərəfsizləşəsən ki, ermənilərin Naxçıvanda, Ordubadda, Əylisdə yerli xalq, türklərinsə gəlmə xalq olmasını “sübut” edən tarixi qaynaq kimi, bir erməni tacirinin “gündəliyinə” əsaslanasan. Yazasan ki, “kilsəni anbar etmək günahdır”…

İnanmıram ki, Əkrəm ermənilərin Ağdam məscidini donuz tövləsi etmələrindən xəbərsiz olsun…

Sünnətlə bağlı əbləhcəsinə çərənləyən və müsəlmanları ittiham edən müəllif bilməmiş olmaz ki, sünnətin əsasını İslamdan 2 min il əvvəl İbrahim Peyğəmbər qoyub, 8 aylıq və 13 yaşlı oğulları ilə bir vaxtda özü də sünnət olunub. Romanda Azərbaycan xalq hərəkatı, Xəlil Rza təhqir olunur, guya “saqqallı böyük bəy” 1990-cı ilin yanvarında şəxsən özü kimə gəldi tapança paylayırmış. Əkrəm Azərbaycan xalqını erməni qətliamından qurtaran türk paşasına vicdansızcasına küfr edir.

Sonra da həyasızlıqla deyir ki, “xalqımızın ermənilər qarşısında  günahını öz üzərimə götürürəm” və guya Əkrəmdən ibrət götürüb, erməni yazıçıları da belə yazacaq, erməni ziyalısı da belə düşünəcək, Azərbaycan xalqı qarşısında günahlarını etiraf edəcəklər…

Əlbəttə, biz azərbaycanlılarla ermənilərin nə vaxtsa ünsiyyət qurmasının əleyhinə deyilik, əksinə, Azərbaycan dövləti və cəmiyyəti barışığa, problemlərin sülh yolu ilə ədalətli həllinə böyük səy göstərir.

Amma Əkrəmin bu “ideyası” əsl əbləhlikdir və düşünürəm ki, Azərbaycan xalqını təhqir edib, ona arxadan bıçaq saplayan xəyanətkar Əkrəm Əylisliyə indi yalnız erməni kilsəsində keşişlik yaraşar.

Bu yerdə “Daş yuxular”dan bəzi hissələri oxucularımıza təqdim edirik ki, özləri nəticə çıxarsınlar.
“…Bu yerazlar haradan bilsinlər ki, o kimdir, nəçidir? Onlar ki gəlmədirlər, yerli deyillər. Ona görə də erməni olduğunu düşündülər və vəhşi heyvan kimi hücum etdilər. 1 dəqiqə geciksəydim, onu da qoca erməninin yanına yollayacaqdılar.
O, əməliyyat stolunda uzanan aktyorun qoca ermənini xilas etmək istəməsində qeyri-adi heç nə görmürdü… Lakin bu şəhərin sakinləri əvvəlcədən sözləşiblərmiş kimi, insanlıq hissindən uzaq durmağa çalışırdılar. Görünür, onlara insanlıq simasını saxlamaq hətta sərfəli deyildi… 10-15 gün əvvəl həkim Fərzani bu əməliyyat otağında hansısa möcüzəylə xəstəxanaya çatdırılan 14-15 yaşlı erməni qızını çox ağır əməliyyat etmişdi. Metroda bir neçə azərbaycanlı qadın ona hücum etmişdilər və yüzlərlə adamın gözü qarşısında qıza divan tutmuşdular.
Bir neçə gün əvvəl isə hansısa şair-degenerat xəstəxanaya zorla soxularaq 40 il kardioloji şöbədə çalışan həkimi döyüb və onu kabinetdən qovub. Nədi-nədi, onun erməni olaraq doğulmaq kimi bir bədbəxtliyi vardı. Bu hadisədən sonra xəstəxanada bir nəfər də erməni qalmadı. Kimisi evdə gizləndi, kimisi Bakıdan çıxıb getdi…
Naxçıvanda, Ordubad rayonunda belə bir yer var, Əylisli kəndi. Çox qədim kənddir… Deyilənə görə, bir vaxtlar orada çoxlu erməni yaşayırdı. Onların 7, ya da 8 kilsəsi hələ də qalır. Görünür, o ermənilər çox ağıllı, yaxşı insanlar olublar…

O deyir ki, ermənilər yox, biz özümüz pisik. Və qorxmur. Bunu hər yerdə deyir… 

…Baksovetin işçilərindən biri… qonşuluqda eyni gündə mənzil alan qarderobçu Qret Sarkisovna Minasovun evini tutub və onuncu mərtəbədə fahişəxana yaratmışdı. Divarın arxasından bütün günü səs-küy, gurultu səsləri eşidilirdi.
Yaşlı təcrübəli fahişələrin heyvani gülüşləri və qışqırıqları, bu sənətə yenicə başlamış gənc qızlar, onların həqiqi yaxud saxta həzz iniltiləri onu dəli edirdi, aktyora gündüzlər dinclik vermirdi, gecələrsə yatmağa qoymurdu.
Bu yekəpər Şuşanın ən varlı adamlarından biri idi. Bakıda bu yaxınlarda peyda olub, Baksovetdə işə düzəlib… Hətta bu adamın adı, soyadı da… qəddarlıq və allahsızlıq ifadəsini verirdi: Şahqacar Ərmağanov!
Bu heyvana ad verən lənətə gəlsin!
Bir səhər, hava təzəcə işıqlanan vaxt həyətdə səs-küy qopdu:…deyirlər ki, hansısa erməni özünü eyvandan atıb. Yaşlı Qret Sarkisovnanın kiçik bədəni elə indicə böyük qan gölməçəsində ölmüşdü, şəhərdə isə belə qəribə şayiə yayılmışdı ki, eyvandan özünü atan erməni ölümündən əvvəl tövbə məktubu qoyub: “Mən ermənilərin törətdikləri cinayətlərə görə özümə nifrət edirəm. Öz xalqıma nifrət edirəm və buna görə də yaşamaq istəmirəm. Qarabağ Azərbaycana məxsusdur. Yaşasın Azərbaycan”.
Nuvariş nə onda, nə də indi azacıq da olsun şübhə etmirdi ki, bu “sui-qəsd” – həmin şuşalı yekəpərin işidir. Çox güman ki, elə Şahqacar Ərmağanovun özü Qret Sarkisovnanı eyvandan tullayıb. İndi belə dövrdür. Bəli, götürün və eyvandan gündə yüz erməni tullayın. Və onlarla birlikdə müsəlmanları da. Əgər arxanda kiminsə dəstəyi yoxdursa, istənilən insanı sakitcə yer üzündən silmək mümkündür. Aktyor günbəgün şuşalılardan daha çox qorxmağa başlayırdı. Nə qanun var, nə məhkəmə – gözəl günlərin birində, heç bir səbəb olmadan onu, Nuvarişi də eyvandan atacaq və bunu intihar kimi təqdim edəcəklər. Kim onun cinayətini araşdıracaq, kim sübut edəcək ki, bu soyuqqanlı, allahsız, rəhmsiz Baksovet məmuru elə quldurun özüdür? 

Qreta Sarkisovna yumurtadan təzəcə çıxıb suya tələsən tısbağa balası kimi öz qan gölməçəsinə doğru sürünürdü. Onun ölü, eyni zamanda canlı, dərisi soyulmuş çılpaq bədəni o qədər çirkin və qorxulu idi ki, bəlkə də dünya yaranandan bəri heç kim belə dəhşətli mənzərə görməmişdi.

Nə zaman qarşılaşsalar, Əylislidən danışırlar. Orada deyilənə görə, nə vaxtsa çoxlu erməni yaşayıb. Onlar, yəni bu ermənilər, bizim müsəlmanlarla çox mehriban yaşayırdılar… Belə mədəni, dürüst, əməksevər insanlar dünyanın başqa heç bir yerində yaşamır…

…Sünnət şənliyidirsə, gərək bunun nə qədər savab iş olduğunu, gigiyena və sağlamlıq üçün nə qədər vacib olduğunu deyəsən, müqəddəslərdən və imamlardan danışasan. Peyğəmbərin bu mərasimin nə qədər əhəmiyyətli olması ilə bağlı təlimindən, onun müdrikliyindən… Və qonaqlığın ən qızğın yerində hörmətli qonaq kimi Saday Sadıqlıya söz verilir. Bunda nə isə tapırlar. Başlayır mərasimi lağa qoymağa. Sonra tamam azdı, Allah günahımdan keçsin, Peyğəmbərin özünü lağa qoymağa başladı. Deyib, necə yəni, sizin Peyğəmbər Allahdan ağıllıdır? Əgər insanda artıq nə isə olsaydı, məgər Allah kor idi ki, bunu görməsin? Necə ola bilər ki, Allah sifəti, gözləri, burunu, qulağı yaradanda səhv etmədi, hər şeyi qaydasında etdi, həmin yerə gəlib çatanda isə məktəbli kimi səhvə yol verdi? Bizim Peyğəmbərə kim əmr etdi ki, Allahın səhvini düzəltsin?…

Bakıda üç ildə gördükləri onun dinə, vətənə, Peyğəmbərə münasibətini qəfil dəyişdi. Həkim, xüsusən, şəhərin müsəlman əhalisinin ermənilərə qarşı qəddarlığından heyrətə düşmüşdü. O belə bir qəddarlığı erməni tərəfindən heç vaxt görməmişdi…

– Mən elə İranlıyam da… Bir dəfə atam səhv edib məni bura gətirdi. Özüm də ondan betər səfehlik etdim, Moskvadan bura gəldim.

Gəl, bizim bu allahsızın sağlığına içək, ona arzu edək ki, bir də o vəhşilərin əlinə düşməsin…

Hə, hə, içək doktor, arzu edək ki, o bir də o ürəksiz yerazlara bənzəyən heyvanların caynağına keçməsin…

Oğlu hələ körpə olanda onun sünnət məsələsi ata üçün əsil əngələ çevrildi. Bu problem də oğluyla birgə böyüyürdü. Beyindən çıxmaq bilməyən bu rahatsızlıq doktorun qorxu dolu yuxularına da girirdi. Oğlunun 12 yaşı olanda bir gün səhər Fərid Fərzani arvadına qətiyyətlə öz niyyətini açıqladı: “Bu, Peyğəmbərin qoyub getdiyi qanundur. Onu pozmağa haqqım yoxdur”. Arvadından “Sizin Peyğəmbər Allahdan ağıllıdır, bəyəm?”, eşidəndə əsəbindən az qaldı başını divara çırpsın.
Arvadı işə, qızı məktəbə getdiyi o səhər doktor Fərzani, oğlunu dilə tutub Peyğəmbərin Allah qarşısında müsəlmanın ən vacib saydığı işi 5-10 dəqiqəyə görüb bitirdi. Kim bilərdi ki, Sklifosovski adına xəstəxananın təcrübəli cərrahı üçün bu sadə əməliyyat ağırlaşma ilə nəticələnəcəkdi? Axşama yaxın uşağın istiliyi 40 dərəcəyə qalxdı. İşdən gələn ana oğlunu bu vəziyyətdə görəndə nə ərinə bir söz dedi, nə də oğlunun istiliyini aşağı salmağa cəhd etdi, sadəcə, dəhşət içində uşağa baxdı. Sonra hamam otağına girib qapını kilidlədi, qapının arxasından yalnız ağlamaq səsləri eşidilirdi.
Deməli, rus qadınlarının məhəbbəti çox asanlıqla nifrətə çevrilə bilərmiş. Səhərisi gün oğlan yerindən qalxıb rahatca mənzildə dolaşsa da, Fərzaninin arvadı əriylə əlaqələrini kəsdi… Bir neçə il ailəsiz yaşayan Fərid Fərzani 1986-cı ildə bakılı bir rusla evini dəyişib Bakıya daşındı. Elə ilk gündə də necə bir bağışlanılmaz səhv elədiyini anladı… 

Dəhşət onda idi ki, əməliyyat zamanı cınqırını da çıxarmayan oğlan, doktor işini bitirəndən sonra atasına elə bir nifrətlə baxdı ki, o baxışı heç cür unutmaq mümkün deyildi. Fərzani oğlanın gözündən oxudu ki, o, heç vaxt bu əməliyyatı ona bağışlamayacaq.
Lakin doktor yalnız çox sonralar günahının nədən ibarət olduğunu anladı. Uşaq üçün fərqi yox idi, onun dərisinin ucundan bir tikə kəsildi, ya bütöv bir barmaq kəsildi, çünki Moskva mühitində tərbiyə almış uşaq, atasının bununla nəyin naminə belə rəftar etdiyini dərk edə bilməzdi. Atasının ona qarşı etdiyini oğlan fiziki zor, qəddarlıq və mənasız bir vəhşilik kimi qavramışdı…

…Bakının küçələrində nəinki axşamlar, heç gündüzlər də tək-tək və ya cüt gəzən adam görmək olmurdu. İndi adamlar topalaşmış, sürü kimi gəzirdilər. Danışmaq, qışqırmaq və söyüş söymək haqqı da yalnız onlara verilmişdi. Ən qəribəsi isə bu məxluqların qışqıraraq dediyi sözlərin sayı, yəqin ki, ov ovlayan ibtidai adamların istifadə etdiyi sözlərə bərabər idi.
A-zad-lıq!
İs-te-fa!
Qa-ra-bağ!
Son günlər bu adamlar söz ehtiyatlarını üç kəlməylə də zənginləşdirmişdilər:
Sən er-mə-ni-sən!
Ölüm sə-nə!”…

Bu yerdə “yalançının atasına lənət” deməkdən başqa yerinə düşəcək bir söz tapa bilmirəm.

Müəllif: İsaməddin Əhmədov

1 comment

  1. Əkrəm Əylislinin yazdiqlari ilə tanış olduqdan sonra,bu nəticəyə gəlirəm ki,onun hansi millətə mənsub olduğu dəqiq araşdırılmalıdır. Bir menalı olaraq,məlumdur ki,o milliyyetce Azerbaycanlı deyil. ola bilsin ki, ermeni de deyil…
    Azərbaycan ve Türk millətini sevməyən,digər bir xalqin nümayendesinə oxşayır!…

Comments are closed.