“Subsidiyaların bir hissəsi məmurların cibinə gedir”-VİDEO

1
62

Prezident“Hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir, insanlara qulluq etməlidir və təvazökar olmalıdır”. Bu sözləri Prezident İlham Əliyev “Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda bəyan edib.

Prezident xüsusi vurğulayıb ki, hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir: “Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır, dövlət qurumları tərəfindən normal rəftar edilməlidir, təhqiq edilməlidir, incidilməməlidir. Belə hallar var?! Var! Kim bunu edir?! Dövlət məmurları! Kim incidə bilər vətəndaşı?! Dövlət məmuru! Mən yenə də deyirəm, bütövlükdə bölgələrdə icra nümayəndələrinin fəaliyyəti müsbətdir, ancaq belə hallar da vardır. Buna yol vermək olmaz”.

 

Axırıncı xəbərdarlıq

 Prezident İlham Əliyev məmurlara son xəbərdarlıq edib: “Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət! Hər birinə, burada oturan bütün icra başçılarına. Hamısını mən təyin etmişəm. Bəzi rayonlarda bir neçə dəfə dəyişmişəm. Nəyə görə? Çünki etimadımı doğrultmurlar. Hər birinə demişəm ki, gedin, insanlara arxa durun, gedin, köməklik göstərin. Gedin, hörmət edin insanlara. Amma bəzi hallarda mən bunu görmürəm. Görməyəndə də tədbirlər görürəm. Bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar, onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər. Bütün bu hallar var, bunlar aradan götürülməlidir”. 

 

Korrupsiya vərüşvətxorluqla mübarizə gücləndirilməlidir

 Prezident İlham Əliyev korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin də gücləndirilməsini tələb edib: “Hesab edirəm ki, biz bu işlərdə istədiyimizə nail ola bilməmişik. Baxmayaraq ki, mübarizə gedir və gedəcək. Ancaq əfsuslar olsun ki, bu mübarizə lazımi səviyyədə deyil. Korrupsiya böyük bəladır”.
Sistem xarakterli islahatlar
İ.Əliyev sistem xarakterli islahatların da daha ciddi şəkildə aparılmasını qarşıya vəzifə kimi qoyub: “Onların arasında elektron xidmət, ASAN xidməti, elektron hökumət təşəbbüsü, bütün bunlar, eyni zamanda, korrupsiyaya qarşı ciddi bir alət olacaq. ASAN xidmət proqramı artıq tətbiq edilir”.
  Dövlət başçısı fermerlərə subsidiyaların verilməsində də problemlərin olduğunu bildirib: “Subsidiyalar ya ünvana çatmır, ya kimsə onları mənimsəyir, özünə götürür. Bəzi hallarda fermerə çatacaq subsidiyaların bir hissəsi dövlət məmurlarının cibinə gedir. Bəzi hallarda ümumiyyətlə, istehsal olunan məhsulun həcmi, torpaq sahələri artırılır ki, subsidiyalar daha çox götürülsün. Bəzi hallarda xaricdən lazım olan avadanlıqlar və digər vasitələr yüksək qiymətlə gətirilir. Bu sahədə biz tam şəffaflığı təmin etməliyik”. 
İ.Əliyev xüsusilə fermerlərə müraciət edib ki, onları narahat edən məsələlər barədə məlumat versinlər: “Mən bilirəm ki, burada problemlər var, şəffaflıq lazımi səviyyədə təmin edilməyib. Bu nöqsanlar tezliklə aradan qaldırılmalıdır. Fermerə nə qədər çatmalıdır, o qədər də o, bunu almalıdır. Heç kim onun puluna gözünü dikməsin!”.
Prezident bu sahədə neqativ halların olduğunu bildirib.
Nöqsanlar 
 İlham Əliyev sahibkarlığın inkişafı ilə bağlı çox ciddi addımlar atılsa da, bu sahədə də problemlərin qaldığını deyib: “Hələ ki, bu problemlər var – bürokratiya, müəyyən əngəllər, onların işlərinə əsassız müdaxilələr. Əlbəttə, Prezident tərəfindən sahibkarlığın inkişafına, sahibkarlara verilən dəstək onların da biznes mühitinin yaxşılaşdırılmasına xidmət göstərir. Halbuki, bu sahədə hələ görüləsi işlər çoxdur, nöqsanlar da vardır”.
Əməkhaqqı və pensiyalar artırılacaq 
Prezident İlham Əliyev pensiya və əməkhaqqı məsələsinə də toxunub: “Bu rəqəmlər də bizi qane etmir və mən hesab edirəm ki, orta pensiyanın, orta əməkhaqqının səviyyəsi artmalıdır və artacaq. Dövlət müəssisələrində çalışanların əmək haqları, pensiyaları artırılacaq, eyni zamanda, sahibkarlığın inkişafı üçün yaradılan şərait nəticəsində özəl sektorda çalışanlar da öz maliyyə vəziyyətini yaxşılaşdıracaqlar”. 

“Hələ ki, problemlər çoxdur”

Dövlət başçısı xüsusi vurğulayıb ki, infrastruktur layihələri regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tərkib hissəsidir. Artıq hökumət kənd yollarının tikintisi ilə ciddi məşğuldur: “Hələ ki, problemlər çoxdur. Biz bu problemləri bilirik və bu problemləri həll edirik. Əlbəttə ki, bu il ikinci Dövlət Proqramı başa çatandan sonra yeni proqramlar ortaya qoyulacaq”.

“Bakupost”

1 comment

  1. Prezidentimiz əlindən gələni edir ki, xalqımız firavan yaşasın! Çox sağ olun, cənab prezident, siz bu nitqlərinizlə bəzi məmurlara yüksək mənəvi keyfiyyətlərin nə olduğunu bir daha aşıladınız..İnsan o vaxt qarşısındakı insana yuxarıdan aşağı baxır ki, o özü cılızlaşmış olsun!!!

Comments are closed.