Bir nəfər Kəbənin qapısında həmişə: “Ey, doğrulara kömək edən Allahım! Ey, haramdan qaçanları qoruyan Allahım! Sənə şükürlər olsun!” – deyə dua edirdi. Bir nəfər ondan: “Niyə həmişə eyni duanı edirsən? Yoxsa, başqa bir dua bilmirsən?” – deyə soruşdu. O isə cavab verdi: “Yeddi-səkkiz il əvvəl idi. Kəbəni tavaf edirdim. Birdən ayağıma bir şey toxundu. Əyilib götürdüm. Qızıl kisəsi idi. İçində də min qızıl var idi. Şeytanımla imanım mübarizəyə başladılar. Şeytanım: “Min qızıl çox böyük puldur, bu pulla istədiyini edə bilərsən,” – deyirdi. İmanım isə: “Bu qızıllar haramdır, boş yerə özündə saxlama, sahibi kimdirsə tap ver”, – deyə cavab verirdi. Elə bu vaxt bir səs eşitdim. Səs: “İçində min qızıl olan bir kisə itirmişəm. Kim tapıb qaytarsa, ona otuz qızıl verəcəyəm,” – deyirdi. Mən də: “Min haramdansa, otuz halal xeyirlidir,” – deyib kisəni sahibinə qaytardım. O da mənə əvəzində otuz qızıl verdi. Qızılları götürüb misgər bazarına getdim. Bazarda gəzirdim ki, bir nəfərin bir köləni satdığını gördüm. Qızılları verib, köləni aldım. İki il sonra bu kölənin yanına adamlar gəldilər. Adamlar kölə ilə gizlicə nə isə danışdılar. Mən kölədən onlarla nə danışdığını soruşdum. O da gizləməyib: “Mən Mərakeş sultanının oğluyam. Atam, Həbəş Məliki ilə döyüşdə uduzdu, məni də əsir alıb burada satdılar. Atam onları məni səndən almaq üçün göndərib. Sən mənə çox yaxşılıq etmisən. Çalış məni əlli min qızıldan aşağı satma”, – dedi. Dediyi kimi də oldu. Onu əlli min qızıla satdım. Bu qızılla bir qədər mal alıb, Bağdada getdim. Orada dükan açıb satmağa başladım. Bir gün bir tanışım gəlib: “Varlı bir tacir dostum vəfat etdi, ay kimi gözəl qızı yetim qaldı, gəl onu sənə alaq”, – dedi. Mən də qəbul etdim. Cehiz gətirdiyi qabların içində qızılla dolu kisələr var idi. Hamısının üzərində min qızıl yazılmışdı, ancaq təkcə birində doqquz yüz yetmiş qızıl var idi. Səbəbini soruşanda qız dedi ki, atam bu kisəni Kəbədə itirmişdi, tapan adama isə otuz qızıl vermişdi, içindəkilər də o vaxtdan qalan qızıllardır. Bunu eşidən kimi Allaha şükür etdim. “Bunlar doğruluğun bərəkətidir”, – deyib hadisəni qıza danışdım. O gündən bir-birimizə hörmətimiz daha da artdı”.
—————————************———————-**********——————————
Qapı
Bir valinin çox gözəl bir bağçası var idi. Bağça rəngarəng güllərlə dolu idi. Bir gün vali bağçaya gəldi. Orada bağbanın xanımını gördü. Qadın çox gözəl idi. Vali bir bəhanə ilə bağbanı bir iş dalınca göndərdi. Sonra da qadına:
– Bütün qapıları bağla. Heç bir qapı açıq qalmasın! – dedi.
Qadın həm ağıllı, həm də namuslu idi. Valinin niyyətini başa düşdü. Gedib bir ağacın arxasında gizləndi. Bir az sonra gəlib:
– Bütün qapıları bağladım. Ancaq bir qapı qaldı. Onu bağlamağa gücüm çatmadı, – dedi.
– O hansı qapıdır? – deyə vali təəccüblə soruşdu.
– O qapı Allahın bizi gördüyü “qapı”dır, – deyə qadın cavab verdi.
Vali bu sözlərdən sonra peşman oldu. Tövbə edərək Allahın sevimli qullarından birinə çevrildi.
—————————************———————-**********——————————
Bir qab süd
Ölkədə qıtlıq idi. Buna görə də şah hamıdan sarayın həyətindəki böyük hovuza gecəyarısı bir qab süd tökməyi əmr etdi. Şahın əmrini eşidən bir kəndli öz-özünə: “Onsuz da mənim vəziyyətim çox ağırdır. Hovuza süd əvəzinə su töksəm, kimin xəbəri olacaq ki?” – deyə fikirləşdi və elə o gecə bir qab su götürüb saraydakı hovuza tökdü. Ertəsi gün hovuza baxanlar heyrət içində qaldılar. Çünki hovuzda bir damcı da süd yox idi. Hamı o kəndli kimi fikirləşmişdi…
—————————************———————-**********——————————
Pul kisəsi
Bəhlul Danəndənin pul kisəsini oğurlamışdılar. Ancaq o kisəni oğurlandığı yerdə axtarmaq əvəzinə qəbiristanlığa gedib, gözləməyə başladı. Onu görənlər:
– Niyə kisəni oğurlandığı yerdə yox, qəbiristanlıqda axtarırsan?
Cavab isə çox mənalı idi:
– Oğrunu tapmaq üçün bundan yaxşı yer ola bilərmi? Necə olsa, bir gün buraya gəlməyəcəkmi?..
www.zerdab.com
Maraqlı hekayələrdir..Xüsusilə də birinci hekayə..İbrətamizdir təşəkkür edirik!
Cox gozeldir.Birinci hekaye diqqetimi daha cox celb etdi.Heqiqeten haramdan qacmaq lazimdir.Allah cumlemize halal isler nesib etsin ins-h.^Qapi^ dli hekaye de cox ibratamiz hekayedir.Heqiqeten her isi gormezden evvel Allah bizi gorur deye dusunsek pislerden qacariq.Tanri bizleri hemise emeli-saleh bendelirinden etsin ins-h.Haqq-hesb gununde emel defteri sag eline verilen bendelerinden olaq.Amin
Comments are closed.