Sevmək var eləsindən, sevmək var beləsindən

4
58

dünyaDeyirlər ki, Məcnun Leylisinə qovuşmadı. Kim bilir, bəlkə bizə elə gəlir, bəlkə qovuşublar daha. Bəlkə qovuşub küsüşüblər, hələ desən o Leyli-Məcnun eşqindən peşman da olublar.

Hər sevmək bir qovuşmaqdır, hər hicran bir vüsal. Hər Məcnun öz Leylisinə qovuşacaq, ha burda, ha ölümün o üzündə… buna şübhə eləmirəm, amma hər vüsalda xeyir varmı, bunu bilmirəm; hər kəs kimi sevməyindən, niyə sevməyindən, necə sevməyindən razıdırmı, bunu deməyə bilgim, cəsarətim, haqqım çatmır.

Qovuşsalar da, qovuşmasalar da bir-birinə sarılanlar, bir-birinə sarıldığını zənn edənlərdir. Bir türküdə deyilir:

Odam kirəc tutmuyor,

Qumunu qatmayınca.

Sevda başdan getmiyor,

Sarılıb yatmayınca.

Qovuşmaq sarılmaq və ya sarılmaq hələ gerçək anlamda qovuşmaq demək deyil ki. O türkünün bu bayatısı hələ bişməmiş, yetişməmiş düşüncənin ifadəsidir. O cür “alışdım-yandım” sevdalar qara qızdırma xəstəliyi kimidir, şiddətlə gələr, tədriclə sovuşub gedər. Sonra da başqa bir türkü qarsar dodaqlarını:

Bağdadda xurmalıqlar,

Suda oynar balıqlar.

Nə öylə eşq olaydı,

Nə böylə ayrılıqlar.

***

Bir-birinə gerçək anlamda sarılanlar Haqqın kəndirinə sarılanlardır.

Haqqın kəndirinə sarılanlar təkcə Haqqın kəndirinə sarılmırlar, həm də bütün sevdiklərinə, yəni Haqqın kəndirinə sarılanlara sarılırlar.

Haqqın kəndirinə sarılaraq Haqqın kəndirinə sarılmışa sarılmaq dünyada da, axirətdə də birlikdə olmaqdır. Amma kim nə deyir-desin, Haqqın kəndirinə sarılmaq bütün sevdiklərinə sarılmaqdır, bütün sevdiklərinə qovuşmaqdır.

***

Quluna istəmək qabiliyyətini verən Allah ya onun istədiyini verməyi istəyib, ya da o qulunu istəyi, istədiyi ilə imtahana çəkir. Amma bəndə də əmin olmalıdır ki, ədəblə istəyib, ədəbli istəyib, ədəbi istəyib, qovuşmamaq yoxdur.

Allahı sevməyin meyvəsi bəndəni sevməkdir, bəndəni sevməyin varacağı mənzil Allahı sevməkdir.

Qulun Allahı sevməsi Allahın qula ən böyük lütfüdür.

Uca Rəbb hansı qəlbə özünü sevdirirsə, o qəlbi cənnət bağçasına çevirər.

Allahın ipinə sarılın! Allahın rənginə boyanın!

Allah-Təalanın biz bəndələrindən istəyidir bunlar. Allahın ipi Qurani-Kərimdir. “Qurana sarılın” demək, həyatı bu İlahi kitabın nuru ilə, göstərdiyi istiqamətdə qurmağa çağırmaqdır.

Kim nə deyir-desin, sevmək qovuşmaqdır. Sevib də qovuşmamaq kimi bir şey yoxdur. Sevən sevdiyinə qovuşacaq, ha bu gün, ha sabah.

***

Allah-Təala (c.c.) buyurur ki, qulum əlavə ibadətlərlə Mənə yaxınlaşmaq istər və bu yolda o qədər səy göstərər ki, Mən onu sevərəm. Mən bir qulumu sevdimmi, onun görən gözü, eşidən qulağı, tutan əli, yeriyən ayağı olaram. O, Mənə doğru bir addım gəlsə, Mən ona doğru on addım gələrəm; o, mənə doğru yeriyərək gəlsə, mən ona doğru yüyürərək gedərəm.

Nə qədər möhtəşəm müjdə! Bu qovuşmaq qarışmaqdır, bütün varlığı ilə Allaha təslim olub, Onda yox olmaqdır. Buna klassik ədəbiyyatda “fənafillah” deyiblər, yəni özünü Allahın varlığında əridib yox etmək. Qovuşmağın zirvəsidir bu. Bundan o tərəfə qovuşmağı düşünmək belə imkansız. Bir damla, hətta bir damla nədir ki, damlanın milyardda, trilyonda biri qədər belə özünü heç sayıb dəryada yox olmaqdır bu. Dəryada yox olmaq həm də dəryanın hər yerində ola bilmək kimi böyük bir duyğu verir insana.

Ən doğrusu nədir, bilirsənmi, qardaşım? – Təslim ol və özünü bir qələmlə silib, o sonsuz dəryaya dal, qalanı Allaha aid. Əmin ol ki, düşündüyündən də artıq xoşbəxtsən. Hətta o qədər xoşbəxtsən ki, o xoşbəxtliyi təsəvvür belə edə bilməzsən.

Mövlana deyir ki, Allahla sənin aranda bircə əngəl var. O əngəl sənin özünsən, sən özünü bu aradan götürüb bir tərəfə atsan, Allaha qovuşmağın zövqünü, ləzzətini ruhunda hiss edəcəksən.

***

İnsanın üç dostu var və insan bu dünyadan köçəndə həmin dostları onu yola salarlar.

O dostlardan biri insanı evindən yola salar. Bu onun var-dövləti, ev-eşiyi, yığıb topladığı dünya malıdır.

İkinci dost məzarın başından yola salar. Bu da onun ailə üzvləri, sevdikləri, yaxınları, dostlarıdır.

Üçüncü dost isə onunla qiyamətə qədər yoldaşlıq edər, ondan ayrılmaz. Bu da onun əməlləri, savabları, günahlarıdır.

Bu söylədiyimiz də Uca Peyğəmbərimizin bir hədisi-şərifindən anladıqlarımızdır.

Onu da düşünürük ki, o “əməllər” anlayışının içində kimi, nəyi sevdiklərin, niyə sevdiklərin də yox deyil.

Sevgi duyğusu da Allahın verdiyi bir əmanətdir, kimi ünvanına yönəldər, kimi də heçə-puça çıxarar.

***

Qovuşmadığını zənn edənlər səbirsizlərdir. Ömür dediyin təkcə ölümün bu sahili deyil ki! Hər şey ölümün bu üzündə tamamlansaydı, həyatın anlamı olmazdı ki!

Mucib olan Allah: “Bəndələrim dua eləsinlər, Mən də onların dualarına cavab verim”, – buyurur. O, əlbəttə, bütün qullarını görəndir, eşidəndir, Onun bilgisi xaricində heç bir şey yoxdur, əslində Onun bilgisi üçün xaric anlayışı yoxdur.

Məcnun Leylisiz öldü, Fərhad Şirinsiz. Sən şahid ola bilərsənmi ki, istəyən onların ruhu idi, nəfsi deyildi? Nəfsi ilə istəyənlər sevgisini libas kimi dünyada soyunub gedirlər, ruhu ilə sevənlər o sevgini savab kimi özləri ilə axirətə aparırlar. Nəfs – bədənin istəyi, ruh Allahın sirridir. Nəfs dünyaya baxar, dünyaya könül verər, ruhu Cənnəti istəyən, Cənnətə baxar. Ruh istədiyini özünə Cənnətdə yoldaş istəyər. Nəfsin istədiyini sevgi bilmək özünü aldatmaqdır. Nəfsin istəyi küləyin alıb apardığı yelqovan kimidir, bir az sonra gözdən itəcək, gözdən itən kimi də unudulacaq.

ZAMAN

4 ŞƏRH

  1. Çox maraqlı yazıdır..Oxuya-oxuya dua etdim ki, Allah heç bir yaxınımı, qohumlarımı, əzizlərimi, dostlarımı nəfsinin köləsinə çevirməsin! AMİN! Allah bu yolda olanları doğru yola qaytarsın!Ətrafımda gözünü hirs, qəzəb, kin, küdurət örtənlər də var..Allah onları bağışlasın!

  2. SEVMEK GOZELDI HAMIYA SAF SEVGI QISMET OLSUN.

    Nəfsin istəyi küləyin alıb apardığı yelqovan kimidir, bir az sonra gözdən itəcək, gözdən itən kimi də unudulacaq.(Y) (Y) (Y) (Y) (Y) (Y) BU SOZLER COX GOZEL SOZLERDI

  3. Eke bele sevgi olar???????Insan gerek sevdiyini urekden sevsin ……. ya da birdefelikunutsun!!!!

  4. Butun sevgiler Tanriya olmalidir.Eger bu varsa qelbimizde o biri sevgilerde oz axari ile gedecek.Axiret gununde sevgilin kim deye sorulmayacaq Rabbin kimdir sorulacaq.Allah her birimize hemin anda Rabbim uca Allahdir demeyi nesib etsin.Eziz oxucular, Tanrini saf qelble sevirikse hec bir problem olmaz.Bir surede deyildiyi kimi…O kesler ki,ayaq uste olanda da,oturanda da,uzananda da Allahi xatirlar goylerin ve yerin yaradilmasi haqqinda dusuner ve deyerler…..Ey Rebbimiz, sen bunlari bos yere yaratmamisan,sen pak ve muqeddessen.Bizi cehennem odunun ezabindan ozun qoru.Amin.Allaha sigin ona tevekkul et…..O bizi gorur,esidir.Kimi aldatsaqda,pislik etsekde,ayaginin altindan qazsaqda en boyuk sahidimiz uca Tanrimiz gorur.Allah cumlemizin boyuk gunahlarini bagislayib kicik gunahlarinmizi ustunu ortsun.Her iki dunyada Muhammed(S.A.S)hummetlerini xosbext eylesin.

Comments are closed.