Mən doğma yurdumu bax, tez-tez beləcə ziyarət edirəm

0
45
Pərvanə İbrahimova
Pərvanə İbrahimova

Ayrılığımızdan 25 il ötür. O vaxt doğulan körpənin 25 yaşı var indi. Həmin vaxt ahıl yaşında olan neçə-neçə ağbirçək və ağsaqqallarımız yurd itkisi, torpaq sevgisi ilə haqq dünyasına qovuşublar. Onda mənim də yaşım az deyildi – 10 yaş. İndi elə bilirəm ki, həmin yaşdayam. Yaddaşım elə bil 10 qatdan ibarətdir. Həyatda heç kəs və heç nə unudulmur. Xatirələr ürəkdən silinsə də, üzdən heç vaxt silinmir. Üz ürəkdən etibarlıdır. Gözümün ucundakı uzun bir həsrət elə bil yurdumun pasportudur. Nə vaxtsa o yerlərə qayıdanda bu həsrəti pasport kimi göstərəcəyəm. Bu pasportun içində hər şey var: qaçaqaç, vurhavur, hər axşam təhdid dolu məktublar, zəlzələ…

…Hər gün oraya – Gümrüdən Cələbə, oradan üzü Amasiyaya tərəf yolun solunda yerləşən kəndimizə sarı gedirəm. Yolun sağında və solundakı köhnə, uçuq-sökük məktəbimiz xatirələrlə doludur. Sinif müəllimimiz Seyid Yunusun, ədəbiyyat müəllimimiz Firuz Novruzovun, riyaziyyat müəllimimiz Ənvərpaşa Nəbiyevin dərsləri üçün lap burnumun ucu göynəyir. İdman dərslərimizin yeri xüsusidir. Bu, məktəbdə sonuncu dərsimizin idmandan olması ilə bağlıdır bəlkə? Zəlzələnin vahiməsini də elə idman zalında hiss etmişdik. Biz zalda idman hərəkətləri etdikcə elə yer kürəsi də bizdən geri qalmaq istəmirdi. Kim bilir, bəlkə də yerin ürəyinin aritmiyası tutmuşdu, yer təngnəfəs idi.

Məktəbdən çox da uzaq olmayan evimizə sarı gedirəm, Saçlı xalanın evi yaman köhnəlib, yaman… Kənd dükanımızdan əsər-əlamət qalmayıb. Gözəl dükan idi. Dükanın gözəlliyi nədir, bilirsinizmi? Üstündə “Nisyə mal verilmir” sözü olmayan bütün dükanlar gözəldir. Ələs mamamın da evi həminki deyil, ev elə bil qəribsəyib, sınıxıb. Bəs Şahsənəm, Süsənbər xala hanı? Qəndab xala niyə görünmür? Bilmirəm. Bilmirəm. Bilmirəm…

Muradxan dayının bağı yenə o bağdır: güllü-çiçəkli, meyvəli… Bu bağın kənd uşaqlarının həyatında xüsusi yeri vardı. Elə bil uşaqlar bağın xətrinə böyüyürdülər, bağ da çiçəklərini hər səhər uşaqların üzünə açırdı. Bu bağ bizim həyatımızdasa lap xüsusi idi. Bağın yolu düz Gülcamal nənəmin evinə aparırdı. O qədər xoş xatırlayıram ki… Aman Allah, bulağımız da yerində. Əl vurmayıblar. Suyu da buz kimi. Bəs qazan sürtən, palaz-paltar yuyan, evinə su daşıyan qız-gəlinlər niyə onun başında deyillər? Qaynana səsləri də eşidilmir. Hava xalanın evini lap toz basıb. Bizim buralar ayrı aləmdi axı. Hamı biri-biri ilə mehriban idi. Hamı biri-birinin üzünə təbəssümlə baxırdı. Şənliklərimiz, toylarımızsa bir ayrı aləm. Bizim kəndin insanları qış tədarükünü birgə edərdilər, yay işlərini də. Xeyirdə-şərdə həmişə bir yerdə olurdular. Kənddə heç kəs biri-biri ilə dalaşmazdı, heç kəs biri-birinin xətrinə dəyməzdi. Bir evin işığı o biri evə düşürdü. Bir evin iti o biri evin də qapı-bacasını qoruyurdu. Bir həyətin meyvələri qonşu həyətə də yağırdı. Bəs həmişə şənlik, deyib-gülməklə xüsusilə seçilən məhəlləmizdə işıqlar niyə yanmırdı, itlər hürmürdü? Uşaq səsləri də gəlmirdi. Onlar niyə susublar? Kəndimizin toz-torpağı, daşı, gülü, çiçəyi, bağı-bağatı yerində. Yaxşı bəs insanları hanı? Bəs insan yoxdursa, bu ağaclar, bu yollar, bu gül, çiçək, toz-torpaq kim üçündür? Bəs insan yoxdursa, bu toz kimin gözünə dolsun, bu daş kimin ayağına ilişsin? Bu it kimə hürsün? İtlər hürməyə adam gəzirdilər.

Evimizi görmək üçün addımlarımı sürətləndirirəm. Hə, çatdım. Nəcəf, Musa ocağını da toz basarmış demək… Niyə təmizləyən yoxdur? Axı buralardan həmişə gül-çiçək yağırdı. Stolumuz yerindədir, yanları niyə boşdur bəs?

Yaxşısı budur məktəbli çantamı axtarım. Bəlkə 25 illik intizara son qoyula. Tapmıram. Yox ediblər. Etsinlər. Üzümdəki kədər pasportunu ki, yox edə bilməyiblər.

Dağın qoynunda yerləşən evimizin həyətindən, dağın döşündən kəndimiz necə də gözəl görünür. Yaşıllıq, bağ-bağatsa ayrı aləm. Əzəmətini itirməyib qoca Qaraçanta. Qoca könlünün istisi qəlblərimizi titrədir.

…Hava niyə tutqundu, bu nə yağışdı? Elə bil göylər sınıb yerə töküləcək. Bu yağışa oxşamır, göylərin naləsidi bəlkə? Kəndimizi qoynuna alan «Hülley» dağına (kənddə hamı bu dağa «Hülley» deyirdi) baxıram. O da kədərlidi. Elə bil yerindən qopacaq. Deyəsən duyuq düşüb. Elə bil dağ yerimək istəyir. Aman Allah, təbiət sanki dilə gəlir. Duman, çən əzəmətli «Hülley» dağını görünməz edir. Bəs niyə belə oldu? Bu dağ niyə görünməz oldu? Yoxsa küsdü? Kədərini yağışamı çevirdi, tufanamı döndərdi? Neyləsin, dağ neyləsin? Həsrətə son qoyulduğunu düşünürdü…

Kəndimizin günəşi də, yağışı da, lap elə tufanı da gözəldir. Onun qoxusunu çəkmək ayrı bir aləm. Dərindən ah çəkirəm, elə gözlərimi onun səsinə açıram. Hə, mən doğma yurdumu bax, tez-tez beləcə ziyarət edirəm. 10 yaşlı xatirələrimi beləcə böyüdürəm. Xatirələrim mənimlə yaşıddı, onları indi 35-ə çatdırmışam. O daha da böyüyəcək, sonrakı nəsillərin ən xoş xatirələri olacaq…

Pərvanə İbrahimova

Pərvanə İbrahimova