Həsən bəy Zərdabi: “Kaspi” qəzetinə Zərdabdan məktublar (9)

0
63

TƏRCÜMƏ ETDİ: İSAMƏDDİN ƏHMƏDOV

Həsən bəy ZərdabiZərdab kəndi. Baharın ətri gəlir. Daha şaxta da yoxdur. Havada bir nəmişlik duyulur. Ağaclardan bahar şirəsi axır, günəşli, küləksiz günlərdə isə əsl bahardır; qurbağalar, kərtənkələlər, ilanlar yarıyuxulu və zəifləmiş halda yuvadan çıxırlar. Naqqa balığı da oyanıb və çəpərə ilə balıq ovu mövsümü də başa çatır. Bir sözlə, bugün-sabah əsl yaz gələcək, otlar göyərəcək, ağaclar çiçək açacaq, torağaylar nəğmə oxuyacaq, qaranquşlar, bülbüllər və digər qanadlılar mömin qardaşlarımın dili ilə desək öz səhər duaları ilə doğmaqda olan günəşi salamlayacaqlar.

Şaxtalı ötən qışla haqq-hesabımız bitir. Qışda çoxlu mal-qara qırıldı, çoxlarının ayağını və burnunu don vurdu (qulaqlarımız isə təhlükədən uzaqdır: qoyun dərisindən olan motal papaqlar onları soyuqdan qoruyur), hətta ölüm halları da oldu. Hələ onu demirəm ki, bir çoxlarını soyuqdəymədən yaranan ağır sətəlcəm ulu babalarının yanına göndərdi, belələri çox oldu; lakin sadə xalq bütün ölümləri şaxta ilə əlaqələndirdi. Məsələn, Şilyan kəndində belə bir hadisə baş verdi. Yəni, yanvarın ortalarında, buzlar əriyəndə 2 ovçu həmişəki kimi sala minərək qamışlıqda ördək vurmağa getmişlər. Zülmət və şaxtalı gecə imiş; lakin bu qoçaqlar elə irəli üzüblər. Birdən güclü şimal küləyi qopub, tüğyan edən qasırğa ilə cəsur ovçuların əsl əlbəyaxa mübarizəsi başlanıb və bu qeyri-bərabər mübarizədə hər iki qoçaq həlak olub. Sonradan məlum olub ki, dalğalar salı çevirib, bununla da ovçulardan biri elə sudaca donub, o biri, daha güclü ovçu isə yenidən sala dırmaşaraq soyunub və belə görünür ki, çılpaq suya atılaraq sahilə üzüb çatacağına ümid edib, lakin elə saldaca gücdən düşərək donub ölüb.

Bizim bağlarımıza da çox ziyan dəydi: bütün turşa-şirin narlarımız – «Gülövşə», bir sıra şirin meyvə ağaclarımız, əncir, bir qədər də tənəklərimiz məhv oldu.

Biz əvvəl qarın çox yağmasına sevinərək ümid edirdik ki, bu qar çöl siçanlarını qıracaq, amma zənnimiz bizi aldatdı; qar əriyəndən sonra siçanlar elə bil ki, daha da çoxaldı: çılpaqlaşmış sahələrimiz onların yuvaları ilə doludur və indi onlar təzəcə göyərməyə başlayan taxılımızı yeməyə girişmişlər.

2 ay bundan qabaq 1 xalvarı (25 pud) 12 rubla satılan buğdanı indi 20 rubla göydə götürürlər, çoxları tələsir ki, gələn il üçün ehtiyat toplasın, çünki adamlar əmindirlər ki, siçovullardan onlara heç nə qalmayacaq.

İndi bizdə, qəzetlərin yazdığına görə bütün Bakı və Yelisavetpol quberniyasında bizim öhdəsindən gələ bilmədiyimiz siçovul məsələsi qaldırılmışdır. Biz iribuynuzlu heyvanlarda taun, sibir yarası xəstəlikləri qarşısında aciz qalanda, tibbi yardımın göstərilməsinə imkan olmadığına inandıranda bizi heç kəs günahlandırmayacaq, lakin siçovullar qarşısında aciz qalaraq bütün ümidlərimizi Allaha bağlayanda, bəli, O, siçovullardan canımızı qurtarır, özü də bizi utandıracaq qədər qurtarır. Axı, biz ki, qaçağı tuturuq, çəyirtkəni qırıb məhv edirik və bilirik ki, bunları necə etmək lazımdır. Amma ki, siçovullarla mübarizə qətiyyən çətin deyil. Yalnız su dolu vedrəni götürüb həmin suyu siçovulun yuvasına tökmək, siçovul yuvadan sıçrayıb qaçanda onu öldürmək lazımdır. Bu proseduru hətta uşaqlar da çox gözəl icra edə bilərlər, özü də yəqin ki, bu iş onlara həm də zövq verəcək. Lakin bağışlanmaz tənbəllik, bağışlanmaz süstlük və bu işi görməyə tam həvəssizlik bütün işləri korlayır. Siçovullar isə əlbəttə, ziyan çəkmirlər.

Oxucularımızı məşhur qaçaq Əli Xidır oğlunun harada olması maraqlandırmırmı görəsən? Köçərilərin qış yataqlarına qayıtdığı vaxtdan bəri onun izi-tozu da bilinmir, bu barədə danışan da yoxdur. Doğrudanmı o bizi rahat buraxıb İrana keçmişdir və biz əmin ola bilərik ki, yayda o yenə də qayıdaraq bizim silahsız yerli sakinlərimizdən bac-xərac yığmayacaq?

Fəqət,  çox təssüf ki, mən boynuma almalıyam ki, Əli sağ və salamatdır; o, İrana getməyib, sakitcə doğma köçündə yaşayır, bu gün burda, sabah orda. Qaradolaq köçü onlarla verst məsafədə uzanır, onun qonaqpərvər guşələri lap çoxdur.

Hər halda Qaradolaq köçəriləri yaylağa qalxanda Əli Xidır oğlu yenə də peyda olacaq və düşmənlərini, o cümlədən də məni amansızcasına cəzalandıracaq ki, niyə mən onun haqqında qəzetdə yazmağa cürət edirəm, buna görə də mən bu il onun haqqında indidən məsələ qaldırmağı lazım bilirəm, o ümidlə ki, o vaxta qədər hansısa  tədbir görülər və biz rahat olarıq.

Demək olmaz ki, Şuşa qəza idarəsi Əli Xidır oğlunun tutulması üçün heç bir tədbir görməmişdir. Tədbirlər görülmüşdür, indi də görülür, lakin çox təəssüf ki, bu tədbirlər hələ ki, heç bir nəticə verməmişdir.

Qaradolaq camaatı özünə başçı seçmək hüququndan məhrum olmuşdur, məlum məbləğ müqabilində onlara Qaradolaq bəylərindən biri rəhbər təyin edilmişdir. Belə görünür ki, o başçı istəsə Əlini tuta bilər, amma onun nəyinə lazımdır ki, tutduğu vəzifənin mükafatından özünü məhrum etsin. Qaradolaq icması öz pulu ilə atlı dəstə tutmuşdur, o atlılar ərazini nəzarətdə saxlayır; amma bu atlıların saxlanmasına pul ödəyən hansı qaradolaqlı cəsarət edib Əlinin yerini göstərə bilər, o Əlinin ki, onu himayə edənlər sadə qaradolaqlılardan çox güclüdürlər?

Təkrar edirəm, bizi Əli Xidır oğlunun cəngindən qurtarmaq üçün tədbirlər görülür, bu tədbirlər heç bir nəticə vermir, heç verməyəcək də. Allah eləsin ki, başqa tədbirlər fikirləşib tapsınlar, elə tədbirlər ki, daha təsirli olsun.

HƏSƏN BƏY,

«Kaspi» qəzeti, №24, 2 mart 1883-cü il.