Kimə dost deyirsiniz?

0
31
Zərdab Bıçaqçı kəndiDost məsələsinə barmaqarası baxmayın. O, həyatımızın axışını dəyişdirən bir amildir. Heç bir insan özünü cəmiyyətdən təcrid edib təkbaşına yaşaya bilməz. 
Hər kəsin mütləq az-çox sosial münasibətləri var. Normal şərtlərdə hər  kəslə xoş davranmağa çalışsaq da, bəzi şəxsləri özümüzə başqalarından daha yaxın hiss etməyimiz qaçılmazdır. Hər insanın xarakteri fərqlidir. Dost seçərkən özümüzə daha yaxın hesab elədiklərimizi üstün tutarıq. Əslində dostluq tamamən bir ruh uyğunluğudur. Yeni tanış olduğumuz insanlar içində bu yaxınlığı hiss etdiyimiz insanlara qanımız daha çox qaynayır. Hələ onu tamamilə tanımasaq da bilmədiyimiz bir qüvvət sanki onunla bizim aramızda bir bağ hörür, bizi bir-birimizə bağlayır. Əgər inanmırsınızsa, hazırda özünüzə ən yaxın bildiyiniz dostunuzla tanış olduğunuz ilk günləri xatırlayın, əminəm ki, dediklərimi təsdiq edəcəksiniz. İş yoldaşı, sinif yoldaşı, əsgərlik yoldaşı, uşaqlıq yoldaşı… Hamımızın bu adlar, bölgülər altında çox sevdiyimiz, adı çəkiləndə üzümüzə təbəssüm qonan, həsrətlə bizə “ah” çəkdirən dostlarımız var. İtirdiyimiz zaman ürəyimizin bir parçasını da özü ilə aparan könül dostudur əsl dost. Dərdlərimi rahatlıqla söyləyə bildiyim, könlümə bir kədər buludu çökəndə mənimlə birlikdə gözləri dolandır dost… Sevincimi ilk bölmək istədiyim, mənimlə birlikdə mənim qədər sevinəcəyinə inandığımdır dost… Bir stəkan çayı qurtumlaya-qurtumlaya söhbətindən doymadığım müsahibimdir dost… “Söyləmə sirrini dostuna, dostunun da dostu var” atalar sözünə baxmayaraq, sirr hesab elədiyim hər sözümü söyləyə biləcəyim yeganə insandır dost… Həqiqətən də, əgər mən ona dost deyirəmsə, demək sirrimi, sözümü də ona söyləyə bilməliyəm.

Belə başlayarıq bütün dostluqları, əvvəlcə, sonsuz bir sevgi hiss edərik. Hər sevincimizi, hər kədərimizi onunla paylaşmağa can atarıq.

Bilmirəm, insan, vücudunun üçdə birinin su olmasındandırmı, ya nədirsə, hər zaman eyni adaptasiya mərhələsini keçir. Yəni su doldurulduğu qabın şəklini aldığı kimi, insan da istəsə də, istəməsə də içində yaşadığı cəmiyyətin xüsusiyyətlərini götürür. Bəlkə elə buna görədir ki, “dostunu mənə göstər, sənin kim olduğunu deyim” məsəli meydana çıxıb. Bu zamana qədər yaşadığımız dostluqlardan müsbət və ya mənfi, bir çox keyfiyyətlər bizim xarakterimizə hopub. Dost var ki, dostuna siqaret çəkməyi öyrədir, dost var ki, kitab oxumağa alışdırır. Belə bir söz var: “Palaza bürün, ellə sürün”. Əgər insanın önündə müsbət mənada örnək alacağı, ona baxanda hər dəfə özünə çəki-düzən verəcəyi bir dostu, bir yoldaşı yoxdursa, beləsi əlbəttə, yerlərdə sürünməli olacaq.

Dost seçərkən bizdən daha yüksək, daha gözəl əxlaqa sahib olan insanları üstün tutsaq və onun xarakterindəki o yüksək dəyərləri, keyfiyyətləri əxz eləməyə çalışsaq, heç şübhəsiz, biz bu dostluqdan çox böyük şeylər qazanmış olarıq. Əgər bu mövzuda, yəni dost seçmək məsələsində seçici olmasaq, qarşımıza çıxan hər kəsə könül qapılarımızı açsaq, onunla səmimi olmağa çalışsaq, sarsıntı, peşmançılıq halları da bizim üçün qaçılmaz olacaq. Dostluqdan anladığımız məna, sadəcə, süfrə dostu, kefimizin kök vaxtında birlikdə yeyib-içdiyimiz insan anlayışı ilə məhdudlaşdırılmamalıdır. Dost dediyiniz insan həm də sizin üçün örnək şəxs olmalıdır, siz ondan öyrənməli, onunla müəyyən qədər inkişaf etməli, irəliləməlisiniz. Bu dostluq sayəsində sizin həyata baxışınız getdikcə genişlənməlidir, hər şeyə daha pozitiv, daha nikbin gözlə baxmağı öyrənməlisiniz. Daha doğrusu, bu dostluq ətrafınızda baş verənləri bütün ibrətli cəhətləri ilə sizə göstərən bir gözlük olmalıdır. Başınıza bir bəla, bir müsibət gələrsə, bu dostluq könlünüzə təsəlli, sizi yandıran alovun üstünə su kimi səpələnməlidir. Sizi hər zaman yaxşılığa, gözəlliyə yönəltməli, içinizdəki müsbət potensialın inkişafı, sizin hər zaman ən gözəl halınızla yaşaya, görünə bilməyiniz istiqamətində bu dostluq mahir bir sənətkar kimi sizi yenidən inşa etməlidir. Əgər dostluq dediyimiz münasibətdən umduqlarımız bu sayılanlar deyilsə, onun sonunun düşmənçiliyə çevrilməsi heç də sürpriz sayılmamalıdır və çoxumuz bu mənzərənin şahidi olmuşuq. Dostluq tərəflərin müsbət mənada bir-birindən faydalanmasıdır əslində. Əgər dostluğun uzun sürməsini istəyirsinizsə, bu münasibətin, bu mənfəətin yuxarıda dediyimiz kimi, mənəvi dəyərlər üzərində qurulmasını və yaşamasını təmin etməliyik. Əks təqdirdə, şairin “dost-dost deyə neçəsinə sarıldım. Bihudə dolandım, boşa yoruldum” dediyi kimi, biz də nə qədər axtarıb-arasaq da əsl dost tapa bilməyəcəyik.