Qoruqbağı əhalisinin etnogenezi haqqında (tarixi və etno-antropoloji materiallar əsasında)
Zərdab rayonunun Kürsahili kəndlərindən biri olan Qoruqbağı kəndi çayın sol sahilində, Yarməmmədbağı inzibati ərazi vahidliyinin ərazisində, Şirvan düzündə yerləşir. Keçmişdə Zərdab kənd icmasına məxsus olmuş əkin və bağ sahəsinin adıdır. “Zərdab” adına ilk dəfə XV əsrə aid Ağqoyunlu mənbələrinə məxsus yazılarda rast gəlinmişdir. Qoruqbağı sözü isə oykonim olmaqla “qoruq” (mühafizə olunan yer) və “bağ” sözlərindən düzəlmiş, “qoruq”, “qorunan bağ” mənasındadır. Kənd XIX əsrin ortalarında müskürlü və qaravəlli tayfalarına mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Burada əhalinin tərkibini məhz bu tayfalar təşkil edir. İndi isə həmin tayfaların, o cümlədən, tarixi Müskür obasında yaşayan əhalinin etno-antropoloji mənşəyi məsələsinə diqqət yetirək.
Qaravəlli tayfası Azərbaycanın müxtəlif ərazilərində yaşayan türk əhalisidir. Bu tayfa Ağcabədi, Zərdab, Ağsu, Balakən, İmişli və Şamaxı rayonları ərazisində hal-hazırda yaşayan tayfalardan biridir. Araşdırmalar Zərdab ərazisinə bu tayfanın Ağsu rayonu ərazisindən gəldiklərini deməyə əsas verir. Qeyd etmək lazımdır ki, eyniadlı ərazidən Qoruqbağına Xəlilli tayfasının az bir qismi də gəlmişdir ki, bu da vaxtilə Xançobanı mahalında yaşayan əhalinin bir hissəsinin Qarasubasar mahalına köçməsi ilə əlaqələndirilir.
N.Bayramova “Şamaxı xanlığı” əsərində yazır: Xançoban mahalında 1821-ci ildə 46 obada (Axtaçı, Garıs, Qaraqoyunlu, Padar, Xəlilli, Kolanı, Məlikçobanlı, Şahsünlü, Ərəbxanədan, Müsküri, Ovculu, Mollalar, Göydəlləkli, Muradlı, Sığırlı, Qurd, Pirhəsənli, İlxıçı, Sarvan, Mustafalı, Binaslı, Çaylı, Qaraməmmədli, Ərəbuşağı, Dəlilər, Çovurqanlı, Adnalı, Bağırlı, Alpout, Əlicanlı, Nəmirli, Sorsor, Eldəlləkli, Xanazad, Şahsultanlı, Müskürlü Molla Qədim, Şıxlı, Axundlu, Çıraqlı, Axtaçı Salyan, Elli-Gözlü, Veysəlli, Mərzili, Lələ Əhmədli, Qaraxanlı, Qaravəlli Ağaməmməd) 1492 ailə yaşayırdı. Şirvan xanları Xançoban mahalından çıxdığı üçün bu mahala vergi təyin edilməmişdi. Xançoban mahalının sakinləri maldarlıq və əkinçiliklə məşğul olurdular. Mahalın naibi Məlik Umud idi. Məhz Qoruqbağı əhalisinin etnogenezində mühüm rol oynamış Müskürlü, Qaravəlli və Xəlilli tayfaları Xançoban mahalının sosial tərkibində xüsusi əhəmiyyətə malik olmuşdur (1).
Qaravəlli tayfasının etnik mənşəyi haqqında bir sıra rəvayət xarakterli məlumatlar mövcud olsa da, konkret elmi nəticələrə əsaslanan faktlar azdır. Apardığımız elmi araşdırmalar qaravəlli tayfasının etnogenezi məsələsini aydınlaşdırmağa imkan vermişdir. Oğuz tayfalarının Azərbaycan xalqının etnogenezində mühüm rol oynadığı məlumdur. XI – XII əsrlər dövrünün bəzi tarixi aspektlərinin araşdırılması bizə bu işdə kömək etmişdir. Bu adın və tayfanın hansı əraziyə məxsus olduğuna diqqət yetirək. XI əsrdə Səlcuqlar Cənubi Azərbaycan ərazisinə gələndə Şəhrizor, Kirmanşah və Daquqa yörələri Ənnaz oğulları tərəfindən tutulmuşdu. İbn əl-Əsir yazır ki, hicri 495-ci ildə (miladi 1101-ci ildə) bu bölgənin mühüm bir qismi bir çox oğuz əmirləri kimi təkbaşına fəaliyyət göstərən Qara Beli adlı (yaxud ləqəbli) bir salur bəyi tərəfindən fəth olundu. Bu salur bəyinin özündən bir daha bəhs edilmədiyinə baxmayaraq sonralar həmin ərazinin mənbələrdə Beyt ül-Qara Beliyyə (Qara Beli xanədanı) adı ilə XII əsr boyu qeyd olunur. Hətta əksər mənbələrdə bura Qara Beli ölkəsi adlanmış, Bağdaddan Marağaya gedən ana yolda, Dinavərlə Marağa arasındakı bir keçid də XII əsrin sonlarına qədər Qara Belinin adını daşımışdır (2). Beləliklə, məlum olur ki, Qaravəlli tayfası həmin mənbələrdə qeyd olunan Qara Beli vilayətinin əhalisinə verilmiş addır və Nadir şah dövründən sonra bu tayfa Qaravəlli adlanmışdır. Bu tayfa oğuzların Salur boyuna məxsus olmuşdur. Məlumdur ki, Salur boyu tarixdə mühüm rola malik bir qövm olmuş, Qazi Bürhanəddin kimi şəxsiyyətlər yetişdirmişdir. Hətta Kitabi – Dədə Qorqud dastanında Salurlar haqqında xüsusi qeyd olunur.
Xəlilli tayfası XIII – XIV əsrlərdə Azərbaycan ərazisinə Hülakülər tərəfindən Qərbi Türküstan əyalətindən köçürülmüşdür. Tayfa ağ hunların qayı adlandırılan dəstəsinə daxil olmuşdur. Tədqiqatlar göstərir ki, bu tayfa əslində oğuzların Qayı boyuna məxsus olmuşdur. Qayıların isə Osmanlı tarixindən əsrlər boyu necə böyük rol oynadığı məlumdur.
Qoruqbağı ərazisinə Xəlillilər Girdimançay vadisində Şirvan düzündə yerləşən Ağsu rayonunun Xəlilli kəndindən gəlmişdir. Hələ XIX əsrin əvvəllərində Şirvan əyalətinin Xançoban mahalına daxil olan Xəlilli kəndinin nüfusu 39 ailə idi. Yuxarıda mahal haqqında məlumatda məhz Xəlilli toponiminin adı keçir. Həmin dövrdə Xəlilli kəndi Şirvan feodallarından Qasım bəyin mülkiyyətində olduğundan xan və çar xəzinəsinə vergi vermirdi. Xəlilli kəndi getdikcə genişlənmiş, Ağsu rayonunun böyük kəndlərindən birinə çevrilmişdir.
Müskürlü tayfası da əvvəllər Göyçay qəzasının Xançobanı mahalında yaşamışdır. Bu tayfa Şirvan düzünə XIX əsrin ortalarında Quba qəzasının Müşkür mahalından köç etmiş Azərbaycan tayfasıdır. Müşkür toponimi Samur və Vəlvələçay arasındakı Xəzəryanı düzənliyə verilmiş addır. Mənbələrin əksəriyyətinə söykənərək bu adın massagetlərdən (masqutlardan) qaynaqlandığını söyləmək mümkündür. Antik və İlk orta əsrlərdə sözü gedən ərazi Qafqaz Albaniyasının Çola vilayətinə daxil olmuşdur. Çola vilayətində isə albanlar, leqlər, gellər, maskutlar, xəzərlər, hunlar yaşayırdılar. Əl-Bəlazurinin verdiyi məlumata görə, ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd VIII əsrdə İslamı qəbul etmiş xəzərləri Samur və Şabran arasındakı Maskata köçürmüşdür (3).
Sara Aşurbəyli qeyd edir ki, Müskür toponiminə ilk dəfə XII əsr gürcü mənbələrində rast gəlinmişdir. Demək olar ki, XII-XIII əsrlərdən etibarən müskür adı işlədilməyə başlanmışdır. Bu vaxta qədər isə ərazinin adı mənbələrdə Masqut formasında keçmişdir. Abbasqulu ağa Bakıxanov Gülüstani-İrəm əsərində qeyd edir ki, ilk dəfə Müskür adına XIII əsrdə rast gəlinmişdir. Yuxarıda qeyd etdiyimiz kimi mənbələr Müskür adının massaget və ya maskut adının dəyişmiş fonetik adına uyğun gəldiyini qeyd edirlər. Müasir dövrdə Müskür və ya Müşkür sözü “qışlaq” mənasını da ifadə edir. Həqiqətən, bu ad Müskür mahalının yerləşdiyi coğrafi əraziyə uyğun gəlir. Belə ki, bu ərazi qışlaq üçün yararlı bir yerdir. Yay aylarında maldarlıqla məşğul olan əhali dağlıq ərazilərə gedir, qış aylarında isə öz mahallarına qayıdırdılar (4).
XVI əsrdə Səvəfi-Osmanlı müharibəsi zamanı ələ keçirilmiş Azərbaycan ərazilərində Osmanlıların həyata keçirdiyi inzibati bölgü içərisində Zərdab sancaqlığı və Müskür sancaqlığının adı çəkilir. Osmanlılar Şamaxı əyalətini 16 sancaqlığa bölmüşdü: Lahıc, Ağdaş, Qəbələ, Salyan, Zərdab, Şəki, Bakı, Sade-ru, Qara Ulus, Axtı və İxir, Diku (bu adın Dəkkə, indiki Dəkkəoba olduğunu ehtimal etmək olar), Siryan (Sirhan), Osmani, Xudaverd, Mahmudabad, Ərəş sancaqlıqları. Dərbənd əyaləti isə 8 sancaqlığa bölünmüşdü: Dəmirqapı (Sancaq paşa), Şabran (Şaburan), Axtı, Quba, Müskür, Kürə, Çirak, Rustov sancaqlıqları (3).
Abbasqulu ağa Bakıxanovun məlumatlarından aydın olur ki, Qaravəlli və Müskürlü əhalisinin Zərdab ərazisinə köçməmişdən əvvəl yaşadıqları ərazi Şirvanşahlar dövlətinin tərkibinə daxil idi. Buradakı əhalinin dini-dünyagörüşünə diqqət yetirdikdə onların İslam dininin sünni məzhəbinin şafii qoluna mənsub olduqlarını görürük. Qoruqbağı kəndinin özü də hal-hazırda vaxtilə Şirvanşahlar dövlətinin tərkibinə daxil olmuş Şirvan düzündə yerləşir (5).
Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsərində Müskür əhalisi içərisindən çıxmış Mövlana Şeyx Molla Yusif Müskürlünün və 1719-1721-ci illərdə Şirvan üsyançılarının, o cümlədən, 1721-1727-ci illərdə Şirvan əyalətinin hakimi olmuş Hacı Davud Müskürlünün adını çəkir (5).
XIX əsrdə Şirvan düzünə köç etmiş müskürlü tayfasının adı həmin ərazidə yaşadıqları üçün bu cür adlanmışdır. Çünki Müskürlü adı konkret bir tayfa deyil, həmçinin, qədimdə Samur və Vəlvələçay arasında yaşamış ellərin ümumi adıdır. Hazırda Müskürlü toponimi Qubanın Müskür kəndi və Qəbələnin Qəbələ-Müskürlü kəndinin adında saxlanılmışdır.
Müskür mahalı XIX əsrdə Müskür, Dədəli və onların ətrafındakı digər kiçik kəndlərin birləşmiş inzibati ərazisi idi.
Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsərində öz dövrü haqqında yazdığı məlumatda belə qeyd edir: “Təbərsaran (Tabasaran – T.Ə.) mahalının müəyyən qismi, Mağarti, Mərağə, Xoçni və Çıraq adlı dörd kənddə, Dərbənd şəhərində və onun hər iki tərəfində olan Ulus və Tərəkəmə mahalındakı kəndlərin hamısında, Tip, Müskür, Şabran mahallarında və Quba şəhərinin özündə, Salyan ilə Şirvanın digər mahallarında, Bakının altı tərəkəmə kəndində və bütün Şəki ölkəsində əhalinin dili türkcədir. Bunlar əksəriyyətilə türkmən (azərbaycanlılar da bura daxil edilir – T.Ə.), moğol və tatar nəslindən olub, bəziləri də, Osmanlı-Səfəvi müharibələri zamanında, Səfəvilər dövründə və bundan sonra gəlmişlər” (5).
T.T.Mustafazadə qeyd edir ki, Quba xanlığı zamanında Müskür mahalının əhalisi sünni məzhəbli olub əksəriyyəti türk dilində, bir hissəsi isə tat dilində danışırdı (6). Hazırda Qoruqbağı kəndində yaşayan və Azərbaycan türkcəsində danışmağına baxmayaraq müskürlülər tərəfindən tat adlandırılan əhali də, çox güman ki, T.T.Mustafazadənin qeyd etdiyi kimi, vaxtilə Müskür mahalında yaşayan sünni məzhəbli əhali olmuş, XIX əsrin ortalarında Müskür mahalından gələn əhali ilə birlikdə burada məskunlaşmışdır. Qeyd edək ki, bu əhali də antropoloji cəhətdən kaspi tipinə aiddir və əslində ilk orta əsrlərdə tarixi Çola vilayətinin yerli alban tayfalarının davamçısıdır. Yuxarıda qeyd etdiyimiz kimi XIX əsrdə Müskürlü adı konkret bir tayfa deyil, Samur və Vəlvələçay ərazisində yaşayan ellərin ümumi adı idi. Onu da qeyd etdik ki, Abbasqulu ağa Bakıxanova əsasən XIX əsrdə Müskür mahalında əhalinin hamısının Azərbaycan türkcəsində danışdığı məlumdur (5). Artıq bu dövrdə Qoruqbağı ərazisində məskunlaşan mahal
sakinlərinin hamısının Azərbaycan türkü olduğu və antropoloji cəhətdən dolixokran kaspi tipinə məxsus olması bir daha onların mənşəyinin avtoxton olduğunu göstərir. Hətta çar Rusiyası tərəfindən tərtib olunmuş xəritədə Bakı quberniyasının müasir Zərdab ərazisinə düşən hissəsində əhalinin Azərbaycan tatarları olduğu göstərilir. O da məlumdur ki, çarizm dövründə Azərbaycan türkləri rus tarixşünaslığında Azərbaycan tatarları adı ilə tanınırdı. Bir məsələni də qeyd edək ki, İlk orta əsrlər dövründə Samur və Vəlvələçay hövzəsinə ərəblər tərəfindən İslamı qəbul etmiş yüz min xəzər ailəsinin köçürüldüyü məlumdur. Bunu nəzərə alsaq, o zaman Qoruqbağı əhalisinin etnik mənşəyində xəzərlərin də mühüm rol oynadığını söyləyə bilərik. Belə ki, Çola əyalətində məskunlaşmış həmin müsəlman xəzərlər İslamı qəbul etmiş albanlarla qaynayıb qarışmış və Müskür ərazisində yaşayan əhalinin əsas tərkib hissəsi olmuşdur. Hətta 763-764-cü illərdə xəzərlərin vaxtilə Qafqaz Albaniyasının Əcəri vilayətinə daxil olmuş ərazilərə qədər yürüş etdiyi xatırlanır. Bu vilayət isə hazırki Ucar və Zərdab rayonlarının ərazisini əhatə etmişdir (7). Belə olduğu halda demoqrafik artımı nəzərə almaqla mahalın əhalisinin genetik mənsubiyyətində xəzərlərin də rolu olduğunu qeyd etməliyik. Nəticədə Müskürlü adı ilə tanınan əhalinin vilayətdə yaşamış alban, masqut (massaget), xəzər və hunların birlikdə genetik kodunu daşıdığını söyləmək mümkündür. Bu isə Qoruqbağı ərazisində, o cümlədən Zərdab rayonunun digər dörd kəndində yaşayan müskürlülərin etnik mənşəyini aydınlaşdırmaq üçün mühüm məlumatdır (8; 9; 10; 11).
Müasir dövrdə Qubanın Müskür (Müşkür), Qəbələnin Qəbələ-Müskürlü və Zərdabın Qoruqbağı, o cümlədən, 4 müskürlü kəndində yaşayan əhali antropoloji cəhətdən kaspi tipinə məxsusdur.
XIX əsrdə Qoruqbağı kəndi salınanda burada bir çox Qaradolaq tayfaları da məskən salmışdır. Qaradolaqlar Qarabağ xanlığı zamanında xanlığın Şirvan xanlığı ilə sərhəddində, yəni Kür çayının sahilində Qaradolaq mahalında yaşamışdır. Mənşəyini Nadir şah dövründə Dərviş Qulu və onun sonradan Pənahəli xan tərəfindən bəy rütbəsi ilə mükafatlandırılan Adıgözəl bəy və İmamqulu bəy zamanından götürən bu tayfanın Qarabağ xanlığının Qaradolaq mahalında, qismən də Şirvan xanlığında Qarasubasar mahalında yaşadığı məlumdur. Qeyd etmək lazımdır ki, Müskür bəyləri ilə Qaradolaq bəyləri arasında hər zaman yaxın əlaqə olmuşdur. T.C.Rəsulov yazır ki, Qoruqbağı meşəsi Kür çayının sağ sahilində Qaradolaq tayfasının məskunlaşdığı Qaradolaq bəylərindən olan Nəcəfqulu bəyin adı ilə adlanan Nəcəfqulubəyli kəndinin ərazisində yerləşmişdir. Bu ərazidə Kür çayı planda əyri xəttli olduğundan (meandrlı), çayda süni üsulla düzləndirmə işləri aparılmışdır. Nəticədə meşəliyin bir hissəsi çayın sahilində qalmış və Şirvan ərazisinə qatılmışdır (12).
Qeyd olunan mənbələrin məlumatları, tarixi və etno-antropoloji materiallar Qoruqbağı əhalisinin Azərbaycanın alban dövrü əhalisinin davamçısı və avtoxton kaspi tipinə məxsus əhali olduğunu, tarix boyu Şirvan ərazisində yaşadığını söyləməyə əsas verir. Antropoloq İ.İ.Pantyuxov Qafqaz xalqlarının antropoloji təsnifatını verərkən Azərbaycan əhalisinin dolixokefal olduğunu yazır və cədvəldə Azərbaycan tatarlarının kəllə ölçülərini 77,6 – 79,1 olduğunu göstərir (13). Antropoloq K.H.Məmmədov Azərbaycan əhalisinin Kaspi tipinə aid olduğunu və dolixokefal baş quruluşuna malik olduqlarını göstərir (14; 15). Qoruqbağı əhalisinin də antropoloji tipi üçün məhz Kaspi tipi xarakterikdir və burada göstəricilər 77-79-dur. Bu bir daha Qoruqbağılıların Azərbaycanın qədim sakinlərindən olduğunu söyləməyə əsas verir (16; 17).
Əliyev Taleh Vasif oğlu, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi
İstifadə olunmuş ədəbiyyatın siyahısı:
1. Bayramova N. Şamaxı xanlığı, Bakı, Təhsil, 2009, 396 s.
2. Sümər F. Oğuzlar, Bakı, Yazıçı, 1992, 432 s.
3. Əliyev T.V. Qoruqbağı (Zərdab rayonu) əhalisinin etnik mənşəyi haqqında (arxeoloji, etnoqrafik və antropoloji materiallar əsasında) / Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə BDU Tarix fakültəsi professor-müəllim heyətinin və magistrantlarının elmi-praktik konfransının materialları, Bakı, 2010, s. 117-120
4. Ашурбейли С.Б. Государство Ширваншахов (ВЫ-ХВЫ вв.), Баку: Элм, 1983, 343 с.
5. Бакиханов А. Гюлистани-Ирам, Баку, 1991, 305 с.
6. Mustafazadə T.T. Quba xanlığı, Bakı, Elm, 2005, 480 s.
7. Vəlixanlı N.M. Ərəb xilafəti və Azərbaycan, Bakı, Azərnəşr, 1993, 157 s.
8. Piriyev V.Z. Azərbaycanın tarixi-siyasi coğrafiyası, Bakı, Müəllim, 2006, 147 s.
9. Məmmədova F. Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası, Bakı, 1993, 260 s.
10. Əliyev T.V. Xəzər xaqanlığının tarixnin öyrənilməsində arxeoloji tədqiqatların rolu // Tarix və onun problemləri, Bakı, 2012, N 2, s. 359-364
11. Əliyev T.V. Əlican və Türyançay hövzəsi və xəzərlər (tarixi-arxeoloji materiallar və toponimlər əsasında) // Tarix və onun problemləri, Bakı, 2013, N 3, s.
12. Rəsulov T.C. Ağcabədinin Qaradolaq bəyliklərinin tarixi, Bakı, 2004, 67 s.
13. Пантюхов И.И. Расы Кавказа, Тифлис, 1900
14. Məmmədov K.B. Antropologiyanın əsasları, Bakı, 2006, 190 s.
15. Məmmədov K.B. Ön Asiya əhalisinin antropologiyası haqqında / http: ulu turk yurdu Borchalı.com
16. Qeybullayev Q.A. Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakl, Azərnəşr, 1994, 248 s.
17. Гейбуллаев Г.А. К этногенезу азербайджанцев (историко-этнографическое исследование), т. Ы, Баку, Элм, 1991, 552 с.
Алиев Талех Васиф оглы
Институт Археологии и Этнографии НАНА научный сотрудник, диссертант
РЕЗЮМЕ
Статья посвящена истории и происхождению племена Мюскюрлу и Гаравелли на территории Горугбаги (Зердабский район), являющиеся одним из древних племена Азербайджана. Население Мюскюрлу, относящиеся к племенам албано-массагетов, принадлежит племени маскут. Название племени Мюскюрлу сохранило свое наименоание в топонимах на территории Губа, Кабала и Зердаба. Средневековые источники, дав сведения о племени, отмечают их места проживания на Кавказе.
Население Гаравелли, относящиеся к племенам огуз, принадлежит племени Салур. Название племени Гаравелли сохранило свое наименоание в топонимах на территории Агджабеди, Имишли, Салиан и Зердаба.
Aliyev Taleh Vasif oghlu
The Institute of Archaeology and Ethnography of NASA
scientific worker, candidate for a degree
SUMMARY
The article has been devoted to the history and the origin of the kins of Muskurlu and Garavelli – one of the ancient kins of Azerbaijan the territory of Gorugbaghi (Zardab region). Muskurlu population belong to the masgut kin from one of the Albano-massaget kins. Name of the Muskurlu kin has kept in the name of toponims in the territory of Guba, Gabala and Zardab. When the Middle Age sources give information about the kin, they note that they lived in the Caucasus.
Garavelli population belong to the Salur kin from one of the Oghuz tribes. Name of Garavelli kin has kept in the name of toponims in the territory of Aghjabedi, Imishli, Salyan and Zardab.