Heç kibrit çöplərinə diqqət yetirmisinizmi?

0
40

kibrit çöpüBəzi kibrit çöpləri o qədər nazikdirlər ki, sanki heç vaxt yanmayacaqlar. Ancaq ən yaxşı yananlar da onlardır. Bəzi kibrit çöpləri isə o qədər qalındırlar ki, sanki yeri-göyü yandıracaqlar. Ancaq özlərini də yandıra bilmirlər. Bəzi insanlar qalın çöplər kimi ümidləri puça çıxarırlar. Və çox keçməmiş məhv olub gedirlər. Bəziləri isə bir lampanın fitilini yandırırlar. Özləri getsələr də, işıqları qalır… 

Heç kibrit çöplərinə diqqət yetirmisinizmi? Əgər diqqət yetirsəniz, siz də, dediklərimizə haqq verərsiziniz…

Kibrit çöpləri insanlara, kibrit qutusu isə yaşadığımız cəmiyyətə bənzəyir. Elə çöplər var ki, bir məqsəd üçün yanırlar. Kimisi siqaret yandırır, kimisi ocaq, kimisi də boş yerə yanıb gedir. Özü ilə birlikdə böyük bir evi, böyük bir meşəni yandıranlar da olur. Ancaq qutuya baxanda hamısı eyni görünür. Bəziləri o qədər nazikdirlər ki, sanki heç vaxt yanmayacaqlar. Ancaq ən yaxşı yananlar da onlardır. Bəziləri isə o qədər qalındırlar ki, sanki yeri-göyü yandıracaqlar. Ancaq özlərini də yandıra bilmirlər. Bəziləri də əyri-üyrüdürlər. Ancaq sözdə “əyri-üyrü olsalar da”, işdə “düppədüzdür”lər.

Bəzi insanlar qalın çöplər kimi ümidləri puça çıxarırlar. Və çox keçməmiş məhv olub gedirlər. Bəziləri isə bir lampanın fitilini yandırırlar. Özləri getsələr də, işıqları qalır. Əlsiz-ayaqsız, şikəst insanlar isə əyri çöpləri xatırladırlar. Onların qiyməti “formalarında” yox, “məzmunlarındadır”. Qutu isə yaşadımız cəmiyyətdir. Yaş qutudakı kibritləri nə qədər yandırmaq istəsəniz də, yandıra bilməzsiniz…

Bəzi çöplər isə tərs təbiətli insanlar kimidirlər. Bütün çöplər bir tərəfə baxsalar da, onlar tərs tərəfə baxırlar. Qutu açılanda da ilk gözə dəyən onlar olurlar. Bir də bir-birinə yapışan çöplər var. Onlardan biri yanan kimi istər-istəməz o birini də yandırır. Ancaq ən dəhşətlisi özləri ilə birlikdə qutularını da yandıranlardır… Yaşadıqları cəmiyyəti məhv edənlər kimi…

Mənbə: “Ailəm” jurnalı.