Ağlım kəsəndən Camal İsmayılovanı kəndimizdə (Zərdab rayonunun Qoruqbağı kəndi-red) toylarda yemək bişirən görmüşəm. Uşaq ikən – toyun ən qızğın vaxtını yola verəndən sonra – bizi çağırıb yemək verdiyi günlər çox olub. O vaxtlar bir gün belə bir yazının yazılacağı nə Camal İsmayılovanın, nə də mənim ağlıma gələrdi. Dediyinə görə, kənd toylarında yemək bişirməyi ona ilk dəfə yaxın qohumlarından biri təklif edib.
Əvvəl risk etmək istəməyib, ancaq ilk işinin uğurlu alınması öz dili ilə desək, başına “bəla” olub. Belə ki, o gündən başqaları da öz toylarında yemək bişirmək kimi məsuliyyətli işi həmsöhbətimizə etibar ediblər. Həmsöhbətimizin bir üstünlüyü də var – olduqca səbirli və təmkinlidir. Məclisin ən qaynar vaxtında həyəcan keçirən ev sahibini sakitləşdirməyi bacarır. “Əksər hallarda məclis sahibləri qonaqlardan kiminsə narazı gedəcəyindən, yaxud hamıya xörək çatmayacağından narahat olur. Onları sakitləşdirirəm, təsəlli verirəm və s. Onu da deyim ki, kənd toylarında xörək çəkənlərdən də çox şey asılıdır. Xörəyi elə çəkərsən ki, məclis əhlinin yarısı ac, yarısı tox gedər, elə də çəkərsən ki, hamı razı qalar”,-deyir müsahibim. Söhbətimizin bu yerində həmsöhbətimə uşaq vaxtı kənd toylarında balacalara, o cümlədən mənə xörək verməyini xatırladıram. Əvvəl gülür, sonra isə fikrə dalır. Hiss edirəm ki, bu sualım ürəyincə olmadı. Səbəbini soruşuram: “Sovet dövründə kənddə camaat qat-qat yaxşı yaşayırdı, hər şey bol idi. Ona görə məclis sahibləri toyda-yasda böyüklər kimi uşaqları da nəzərə alardılar. Ancaq indi camaat çox kasıb yaşayır, üstəlik, qiymətlər bahadır. Odur ki, toy edənlər maddi cəhətdən elə bir hala düşürlər ki, uşaqlar yaddan çıxır. Əksər hallarda toy sahibləri çəkdikləri xərci çıxara bilmirlər. Odur ki, istər-istəməz yeməyə qənaət edirlər”.
“Nəvələrim toya xörək bişirməyə getdiyimi bildikləri üçün evə gələndə əlimə baxırlar”
Yarızarafat-yarıciddi Camal İsmayılovadan çəkdiyi əziyyətin müqabilində aldığı zəhməthaqqının məbləğini də soruşuram. O, konkret qiymət müəyyənləşdirmədiyini, əksər toy sahiblərinin 20-30 manat verdiyini söylədi: “Bu günədək kimdənsə zəhməthaqqı istəməmişəm. Verən də olub, verməyən də, hamısı sağ olsun. Ancaq bütün hallarda çalışıram ki, bişirdiyim yeməkdən evə mütləq aparım. Çünki nəvələrim toya xörək bişirmək üçün getdiyimi bildikləri üçün evə gələndə əlimə baxırlar. Gətirdiyim biş-düşdən ibarət süfrə açıb, onları doyuzdururam. Onlar yeyirlər, mən də baxıb ləzzət alıram”.
“Şit xörəyin əlacı var, amma duzluya heç nə eləmək olmur”
“Olubmu ki, hansısa məclisdə xörəyə duz-istiot atmaq yadınızdan çıxsın?”-sualımıza müsahibimizin cavabı belə oldu: “Gizlətməyəcəyəm, təzə vaxtlarımda olub. Bir dəfə xeyir işlərin birində yemək bişənə yaxın yadıma düşdü ki, duz tökməmişəm. Həyəcandan başım gicəllənmişdi. Amma yemək hələ tam bişmədiyi üçün sonradan əlavə etdim. Soruşanlara da dedim ki, “duzu az olub, ona görə əlavə edirəm. Lakin indi belə səhvlərim olmur, əlim öyrəşib, hamısını ardıcıllıqla edirəm. Bir də əsas odur yemək duzlu olmasın. Şit xörəyin əlacı var, amma duzluya heç nə eləmək olmur”.
“Ocaqda bişən yemək daha dadlı olur”
Hər kəsə bəllidir ki, kənd toylarında bişən xörəklər çox dadlı olur. Bəs bunun özəl bir sirri varmı? Camal İsmayılova bunu, ilk növbədə, xörəyin ocaqda bişməsi ilə bağlı olduğunu qeyd etdi: “Dədə-babadan hamımıza bəllidir ki, ocaqda bişən yemək daha dadlı olur. Kənddə heyvanı toy sahibi özü kəsir, özü doğrayır, yemək ocaqda həzin-həzin bişir və aşpaz əvvəldən axıradək əlindən gələni edir. Bozartma dadlı olsun deyə, yağını azacıq artıq edirəm. Ət yaxşı bişsin, tikələr bərk qalmasın deyə xörək ocaqda normasında qalmalıdır. Tez və ya gec götürsən, eyni effekti verməyəcək”.
“Keçmişdən qalan adət-ənənələr unudulmur”
Bəzən deyirlər ki, zəmanə dəyişib, daha əvvəlki adət-ənənələr unudulub və s. Bəs kənd toylarında necə, keçmişdənqalma ənənələr yaşadılırmı? Bununla bağlı sualımıza müsahibim belə cavab verdi: “Bəlkə də şəhər yerlərində ola bilər, ancaq kəndlərimizdə adət-ənənələr hələ də yaşadılır. Məsələn, mən uşaq olanda görürdüm ki, kənd toylarında məclis əhlinə yemək paylanmamışdan öncə “qazan açdı” mərasimi olur. Yəni bəy və bəyin dostları nəmər yığıb verərdilər və məhz sonra aşpaz yemək çəkərdi. Bu gün də həmin adətimiz var. Yemək çəkməmişdən nəmərimi verirlər. Belə adət-ənənələrimiz çoxdur. 70 il sovetin tərkibində qalıb, bu adət-ənənələri unutmadıqsa, yəqin ki, bundan sonra da unutmayacağıq”.
Nicat İntiqam








