Başqa dua bilmirsənmi?

0
49

duaBir şəxs Kəbənin qapısında:

– “Ey doğrulara kömək edən, haramlardan çəkinənləri qoruyan Allahım!” deyə durmadan dua edirdi.

– Sən başqa dua bilmirsənmi? – deyə ondan soruşdular.

O da bu duanı təkrarlamasının səbəbini anlatdı: – Mən Beytül-Şərifi təvaf edərkən ayağıma ilişən bir şeyi əyilib götürdüm. Sən demə, bu, içi qızıl dolu kisə imiş. O an imanımla şeytan mübarizəyə başladı. İçimdə tərəddüdlər oyandı. “Onun içində min qızıl var, bütün ehtiyaclarını ödəyə bilər”, – dedi şeytan. İmanım isə: “Onun sahibini tap və qızılları qaytar”, – deyirdi. Birdən qulağıma səs gəldi: – Mənim burada qızıl kisəm itib, tapan varsa, mənə versin, ona otuz qızıl pay verim. “Otuz halal min haramdan daha xeyirlidir”, deyib onun qızıllarını qaytardım. O da mənə otuz qızıl verdi. Qızılları alıb getdim. Küçələrin birində bir ərəb qulun bu qiymətə satıldığını görüb onu aldım. Bir ildən sonra bir neçə ərəb aldığım qulun yanına gəldi. Öz aralarında danışmağa başladılar. Quldan onların nə danışdığını soruşdum. Dedi ki, mən Məğrib sultanının oğluyam. Atam Həbəş məliki ilə döyüşdə məğlub oldu. Məni də əsir götürüb qul kimi satdılar. Atam onları məni satın almaq üçün göndərib. Sən bu bir ili mənə öz övladın kimi baxmısan. Ona görə də sənə yaxşılıq etmək istəyirəm. Atam onlara əlli min qızıl verib. Məni bundan aşağı qiymətə satmağa razı olma. Onun dediyi kimi etdim. Əldə etdiyim pula mal alıb Bağdada getdim. Orada dükan açıb mal satmağa başladım. Bir gün tanışımın biri gəlib dedi ki, məşhur bir tacir dünyasını dəyişib. Ay kimi gözəl qızı isə kimsəsiz qalıb. Gəl, o qızı sənə alaq. Mən də razı oldum. Biz onunla evləndik. Qızın gətirdiyi cehizlərin içində içi qızıl dolu kisələr də vardı. Hamısının üstündə min yazılmışdı. Yalnız birinin üstündə doqquz yüz yetmiş yazılmışdı. Səbəbiini soruşanda yoldaşım belə cavab verdi:   – Atam bu kisəni Kəbənin yanında itirmişdi. Halal adamın biri bu qızılları tapıb ona verdi. O isə əvəzində ona otuz qızıl vermişdi…

Hadisəni eşidən kimi Allaha şükür etdim. Başa düşdüm ki, bunlar hamısı doğruluğun və yaxşılığın gətirdiyi bərəkətdir. Bəli, bu, bizi bu dünyada gözləyən mükafatdır. O biri dünyada bizi nələr gözləyəcəyini təsəvvür etmək heç də çətin deyil.

Mənbə: ZAMAN