Arif Rəhimzadə: “Bizimkilər Rusiyada özlərini yaxşı aparmırlar”

1
25
Arif Rəhimzadə
“Deyirlər, qurunun oduna yaş da yanır”
MDB Parlament Assambleyasının iclaslarına qatılmaq üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edən deputatların Rusiyada azərbaycanlılarla bağlı baş verənləri də müzakirə edəcəyi gözləntisi var idi. Düzdür, vəziyyətlə əlaqədar şimal qonşumuza deputatlardan ibarət ayrıca nümayəndə heyətinin göndərilməsi təşəbbüsləri olsa da, bu, baş vermədi. Parlament rəhbərliyi durumun nəzarətdə saxlandığını bildirərək deputat qrupunun ezam olunmasına ehtiyac görmədi. 
 
Ancaq hər halda, Rusiya-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri, Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadənin Sankt-Peterburqa səfər edən qrupa rəhbərlik etməsi şəraitində mövcud durumun müzakirələrdən kənarda qalacağı gözlənilən deyildi. A.Rəhimzadə eksklüziv olaraq azərbaycanlıların durumu, Rusiya-Azərbaycan münasibətləri barədə “Yeni Müsavat”ın suallarını cavablandırdı:
 
– Arif bəy, səfər zamanı hansı qənaətə gəldiniz, Rusiyadakı azərbaycanlıların taleyi necə olacaq? Müşahidələriniz nə deyir, durumda sabitlik yaranacaq, yoxa həmvətənlərimizə qarşı aqressiya davam edəcək?
– Əlbəttə ki, belə bir vəziyyətin yaranması Rusiya rəhbərliyinə də lazım deyil, Azərbaycana da. İndi orda müəyyən maraqlar var. Elə hesab edirəm ki, Rusiya bu vəziyyətin ağırlığını anlayır və aqressiv meyllərin davam etməsinə imkan verməyəcək.
– Siz yaranmış vəziyyətlə bağlı kimlərlə görüşüb müzakirələr apardınız?
– Biz xüsusilə bu vəziyyətlə bağlı getməmişdik. Parlamentlərarası işçi qrupunun iclasına qatıldıq, orda çıxış etdik, bir bəyanat verdik. Ondan sonra bir beynəlxalq konfrans oldu, ancaq onunla bağlı məlumat yayılmadı. Həmin konfransda MDB və Avropa ölkələrinin nümayəndələri iştirak edirdi, mən orda da çıxış etdim. Dedim ki, ola bilsin həqiqətən də bu cinayəti Orxan Zeynalov edib. Ancaq bu, sübut edilməyincə, onun haqqında belə hərəkətlər etmək olmaz. Çünki təqsirsizlik prezumpsiyası deyilən məfhum var və məhkəmənin qərarını gözləmək lazımdır. Eyni zamanda dedim ki, təkcə adi vətəndaşlar tərəfindən yox, hətta vəzifəli şəxslər də onunla bağlı baş verənlərə çox laqeyd yanaşıblar. Deyək ki, daxili işlər naziri bu əməliyyatı keçirən zaman bir insanın hüquqlarını pozan şəxsləri qəhrəman kimi salamlayır, mükafatlandırır və bu, heç cür qəbulolunan məsələ deyil, belə hallara son qoymaq lazımdır.
 
– Reaksiyalar necə oldu?
– Normal reaksiyalar oldu. Düzdür, mən danışıb Pribunadan düşəndən sonra sədrlik edən dedi ki, bura gələnlər gərək bizim qanunlarımıza riayət eləsinlər, ənənələrimizi gözləsinlər. Amma daha imkan olmadı ki, mən təzədən qayıdıb çıxış edim, onun dediklərinə münasibət bildirim. Onu da deyim ki, ümumiyyətlə, o, düz söhbətdir. Bizimkilər orda özlərini yaxşı aparmırlar, öz hərəkətləri ilə yerli camaatda qıcıqlandırmaya səbəb olurlar.
– Ancaq kimlərsə qayda-qanuna riayət etmirsə, bu, insanların kütləvi şəkildə təqiblərə məruz qalmasına əsas vermir. 
– Deyirlər, qurunun oduna yaş da yanır. Ancaq həqiqətən özlərini çox mədəniyyətsiz aparırlar, qışqıra-qışqıra danışırlar. Məsələn, ruslar burda belə şey eləsəydi, Azərbaycanda bir dənə rus qoymazdılar. Ancaq bizimkilər hesab edir ki, Rusiyaya gedibsə, orda hökmranlıq eləməlidirlər. Qışqıra-qışqıra danışırlar, qızlara sataşırlar, söz atırlar. Tutaq ki, tək gedən qıza kiminsə meyli ola bilər. Amma yoldaşı ilə, sevgilisi ilə gedənə də söz atırlar. Bu, heç cür qəbuledilməzdir.
– İndiki situasiyada nə təklif edirsiniz. Məsələni necə tənzimləmək olar ki, azərbaycanlılarla bağlı olan neqativlər minimuma endirilsin? 
– Deyək ki, Orxan Şəmkir rayonundan gedən bir şəxsdir. O kəndin yəqin ki, bir ağsaqqalı var, camaatı yığsın, desin…
Mən Rusiyadakı çıxışımda da dedim ki, məsələni tək rəsmi orqanların üzərinə qoymaq olmaz. Gərək yerli özünüidarə orqanları, başqa orqanlar da adamları yığıb maarifləndirmə işi aparsın, desin ki, siz başqa ölkəyə gedirsinizsə, özünü heç olmasa burda apardığın kimi apar. Ancaq əslində sən gərək özünü burdakı kimi də aparmayasan, daha yaxşı aparasan. Ola bilsin burada qışqıra-qışqıra danışırsan, əyninə, üzünə, bığ-saqqala fikir vermirsən, orda gərək bu məsələlərdə diqqətli olasan.
– Amma bu işin arxasında siyasi çalarların, planların olmasına da çoxlarının şübhəsi yoxdur. Hər halda, bizimkilər uzun illərdir orda yaşayırlar. Bu mənada azərbaycanlılara qarşı təqiblərin arxasında Rusiyanın Bakını sıxışdırmaq niyyətinin, Gömrük İttifaqına qoşmaq istəyinin dayandığı daha inandırıcı deyilmi?
– Mən deməzdim ki, yerli əhalinin etirazlarını hansısa rəsmilər təşkil edib. Yox. Həqiqətən narazılıq var. Ancaq bundan istifadə edən adamlar var. Birincisi, ordakı bazarın böyük ərazisi var. Həmin bazarda idarəçiliyi ələ keçirmək iddiasında olan adamlar var. Ancaq miqrantların Rusiyada yaşamasından gəlir əldə edən adamlar da var, onlar azərbaycanlıların qalmasında maraqlıdırlar. Düzdür, Rusiyada belə bir fikir də var ki, biz özümüz də bu işləri görə bilərik. Ancaq bu işləri görəcəklər, ya görə bilməyəcəklər, bu da maraqlı məsələdir. Çünki bizimkilər səhər tezdən axşama kimi işləyirlər. Moskva əhalisinin isə belə işgüzarlığı demək olar ki, yoxdur.
 
– Kreml Azərbaycana təzyiq edib sonda onu Avrasiya İttifaqına, yaxud Gömrük İttifaqına qoşa bilərmi?
– Yox, o boş söhbətlərdir. Ancaq mən bir şeyi deməliyəm – bunu bizim ulu öndərimiz də deyirdi – heç bir ölkə təklikdə hərəkət edə bilməz, biz harasa getməliyik.
– Elə isə niyə Avropaya yox, Rusiyaya doğru?
– Biz ya orda olmalıyıq, ya da burda. Ancaq biz nə ora gedirik, nə bura. Biz İsveçrə deyilik ki. Onlar əsrlər boyu öz suverenliyini qoruyub-saxlayıb, onlarla bağlı heç bir iddia da yoxdur. Biz isə gec-tez harasa getməliyik. İndiki zamanda isə biz buna hazır deyilik və bunu istəmirik.
 
– Bu da var ki, Rusiya ilə bir ittifaqda olmağın “faydasını” görmüşük. O mənada demokratik dünya ilə bir yerdə olmaq müstəqilliyimizin qorunub-saxlanması baxımından daha faydalı deyilmi?
– Müsbət cəhətləri də var, mənfi cəhətləri də. Demokratik ölkələrdə də Azərbaycana həmişə “ikinci sort” ölkə kimi baxırlar. Görürsünüz ki, bizim düz işimizi də şübhə altına alırlar, hər şeyə narazılıq bildirirlər, bu məsələ də var. Demirəm ki, onlar yaxşıdır, bunlar pisdir. Lakin biz bu mühitdə inkişaf etmişik və bizim oxşarlığımız bura (Rusiya-E.P.) ilə daha çoxdur, nəinki ora (Avropa-E.P.) ilə. Ancaq bu, gələcəyin işidir. Hələlik biz balanslaşmış siyasət aparırıq, nə o, nə bu qüvvəyə qoşulmuruq. Amma gec-tezi var, məsələ bu şəkildə qala bilməz.
 
– Əgər günün birində Gömrük İttifaqı və Avrasiya İttifaqı ilə bağlı məsələ Milli Məclisdə qaldırılsa, sizin mövqeyiniz necə olacaq?
– Mən hesab edirəm ki, hələ tezdir, indi bu barədə fikir söyləmək hələ tezdir. Bizim Dağlıq Qarabağ məsələmiz həll olunmayınca indiki şərtlərlə ora getmək düzgün deyil.
 
– Ancaq Azərbaycan Avropa ilə də müharibə vəziyyətindədir…
– Yox, Avropa ilə müharibə vəziyyətində deyilik. Avropanın standartları, baxışları var, ancaq deməzdim ki, onlarla müharibə vəziyyətindəyik. Avropa, da qəribə şeylər var. Tutaq ki, Avropa İttifaqının nümayəndə heyəti gəlib bir şey deyir, onların bir qurumu olan balaca bir institut isə başqa şey deyir və onları təqsirkar bilir ki, “sən mən dediyimiz niyə demirsən”. Bax, bu məsələlər də var.
– Gürcüstanla bağlı isə tamam fərqli mövqe ortaya qoyuldu, nəticələr tanındı…
– Gürcüstan başqa, biz başqayıq. Gürcüstandan heç kəs heç nə ummur. Dövlətdir də, nə ziyanı, nə xeyri var, ondan nəsə əldə etmək mümkün deyil. Odur ki, ona münasibət tamamilə başqadır.
– 2015-ci ilədək Avrasiya İttifaqının elan olunacağı barədə Putinin anonsu oldu. Sizcə, həmin vaxtadək Azərbaycanı nə gözləyir?
– Dağlıq Qarabağ məsələsi həll olunmayınca bizim bu doğru-düzgün siyasətimiz davam edəcək. Qarabağ məsələsi həllini tapandan sonra bu barədə düşünmək olar…
Elşad PAŞASOY, “Yeni Müsavat”.

1 comment

  1. “- Gürcüstan başqa, biz başqayıq. Gürcüstandan heç kəs heç nə ummur. Dövlətdir də, nə ziyanı, nə xeyri var, ondan nəsə əldə etmək mümkün deyil. Odur ki, ona münasibət tamamilə başqadır.”
    Belə çıxır ki,seçkini saxtalaşdırmaq üçün kimsə,nə isə ummalıdır. və ya
    “- Dağlıq Qarabağ məsələsi həll olunmayınca bizim bu doğru-düzgün siyasətimiz davam edəcək. Qarabağ məsələsi həllini tapandan sonra bu barədə düşünmək olar…”
    Burdan belə çıxır ki,siyasətimizin doğru düzgün davam etməsi üçün Qarabağ məsələsinin həllini istəmirik..

Comments are closed.