İnsan haramlara alışdıqca halallıq hissindən, təmənnasızlıqdan uzaqlaşır

0
35

DuaFəlakət nədir, bilirsənmi? İnsan haramlara alışdıqca halallıq hissindən, fədakarlıqdan, tərəqqidən, yardımlaşmadan, əldən tutmaqdan, təmənnasızlıqdan uzaqlaşır. Təkcə bununla bitmir, Haqqdan uzaqlaşır, özündən uzaqlaşır, İslamdan uzaqlaşır, Allahdan uzaqlaşır. Bir fərd və ya toplum üçün bundan betər fəlakət düşünmək mümkün deyil. Bir çayın daşması, torpaq sürüşməsi, zəlzələlər fəlakət deyil; fəlakət insanın haqqı batildən, xeyiri zərərdən, halalı haramdan ayıra bilməməsi və ya ayırmaq istəməməsidir, Allahın göstərdiyi yolu qoyub şeytanın izinə düşməsidir.

Əgər bu fəlakət kütləvi xarakter alırsa və kimsə narahat deyilsə və ya əlindəki dünya nemətini, dünya zövqünü itirməmək üçün susursa, o toplumun aqibəti haqda ciddi-ciddi düşünmək lazımdır. İnanın ki, hər ay lotereya biletinə, ya da qumarın başqa çeşidlərinə sərf edilən sərmayəni Allah rizasını düşünərək ehtiyac sahiblərinə yönəltsək, məmləkətimizdə nə ac qalar, nə çılpaq, nə də yurdsuz-yuvasız.  Allah-Təala biz bəndələrinə Qurani-Kərimlə, Peyğəmbəri ilə doğru yolu göstərəndən sonra seçim iradəsi də verir. Hər kəs də öz aqibətini seçir, hansı yolun hansı məkana varacağı da elə başlanğıcından bəllidir. Şeytanın izini tutan, gedib cənnətə çıxmayacaq ki… Burada anlaşılmayacaq nə var axı?..

ZAMAN