Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bəyan edib ki, 2020-ci ilə kimi bütün evlərin internetlə əhatə olunması istiqamətində mühim işlər görülür. Nazir yaxın 6 ildə xidmətlərin 80 faizinin elektronlaşdırılmasının da nəzərdə tutulduğunu bildirib.
Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda keçirilən “Azərbaycanda İnternet: dünəni, bu günü və sabahı” mövzusunda respublika elmi-praktiki konfransında çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib ki, bütün yaşayış məntəqələrinə çıxış imkanı yaradan yüksəksürətli fiber-optik şəbəkənin qurulması layihəsi həyata keçirilməyə başlanacaq. Nazir deyib ki, bu layihə çərçivəsində 3 ildən sonra bütün şəhər və kəndlərdə 100 meqabit/saniyə internetə çıxış əldə edəcək insanların sıxlığı 85 faizə çatdırılacaq. Azərbaycan əhalisinin 70%-i internet istifadəçisidir və onlardan 50%-i genişzolaqlı internetə qoşulub deyən nazir qeyd edib ki, hazırda “Facebook” sosial şəbəkəsində Azərbaycan vətəndaşlarının sayı 1 milyon 250 mini ötüb. Əli Abbasov bildirib ki, Tarif Şurası informasiya sahəsində tariflərə yenidən baxıb və bu sahə üzrə əksər istiqamətlərdə qiymətlərin aşağı salınmasına qərar verilib. Nazirin sözlərinə görə, qiyməti aşağı salınan bir çox rabitə sahələri var ki, onlar internetin qiymətinə təsir edir: “Bunu da yaxın vaxtlarda provayderlər hiss edəcək və nəticədə onlar internetin qiymətini aşağı salacaqlar”. Məlumat üçün qeyd edək ki, “İnternet World Stats” (İWS) beynəlxalq təşkilatının açıqladığı sonuncu hesabatda da qeyd olunur ki, hazırda Azərbaycanda internet istifadəçilərinin sayı ümumi əhalinin 50%-ni təşkil edir. İWS-nin hesabatında göstərilir ki, Azərbaycan bu göstərici üzrə MDB ölkələri arasında 2-ci, Asiya ölkələri arasında isə 10-cu sırada qərarlaşıb.
Mənbə: Zaman.az








