ZƏRDAB RAYONU HAQQINDA ÜMUMİ MƏLUMAT

3
1239

Zərdab inzibati-ərazi vahidi Aran iqtisadi rayonunun tərkibində, Mərkəzi-Aranda, Şirvan düzündə yerləşir.
Zərdab rayonu Ucar dəmiryolu stansiyasından 35 km, paytaxt Bakıdan 231 km aralıdadır. Rayonun səthi düzənlikdir, ərazinin çox hissəsi okean səviyyəsindən aşağıdır. Sərhədindən Kür çayı axır. Rayondan axan Qarasu çayının çökəkliyi Kürün qədim dərəsidir. Qış və yay otlaqları bütün il boyu heyvandarlığın inkişafına şərait yaradır. Sututarları balıq yetişdirilməsi üçün əlverişlidir. Ərazidə neft-qaz yataqları aşkar edilmişdir.

Ərazisi: Bir tərəfdən Aran iqtisadi rayona daxil olan Kürdəmir, Ağdaş, Ucar, digər tərəfdən isə, təbii sərhəd olan Kür çayı nəzərə alınmazsa, İmişli, Bərdə, Ağcabədi rayonu ilə sərhədlənərək (Zərdab və Ağcabədini Kür üzərindəki körpü birləşdirir) 860 kv.km əraziyə malikdir. Rayonun ərazisi respublika ərazinin təxminən 1 % faizini, yerləşdiyi iqtisadi rayonun ərazisinin isə təxminən 4% faizini təşkil edir.
İqlimi: Qışı mülayim, yayı quraq isti keçən yarımsəhra və quru çöl iqlimi xarakterikdir (bu iqlimə quru subtropik iqlim də deyilir). Bu iqlim zəif nəmliyi, yayın isti keçməsi ilə səciyyələnir. Yay aylarında havanın temperaturu 35-40 S-yə çatır. Mütləq maksimum temperatur 41-44 S-dək yüksəlir. Havanın orta aylıq temperaturu yanvarda +3 C, iyulda +27 C-dir. İllik yağıntı 335 mm-dir. Bu iqlim şəraiti pambıq, üzüm, meyvə-tərəvəz, quru subtropik bitkilərin yetişdirilməsi üçün əlverişlidir.
Torpağı: Boz-çəmən torpaqlarıdır. Humusun miqdarı (bitki və orqanizm qalıqları) 2 faizdir.
Bitki ortüyü: Yovşanlı-şoranlı, yovşanlı-efemerli yarımsəhra bitkiləri üstünlük təşkil edir. Ümumiyyətlə yarımsəhra bitkilərin inkişaf etdiyi bu zona məhsuldar qış otlaqlarıdır. Əkin sahələri genişləndikcə yarımsəhra bitkilərin arealı kiçilir. Kür çayı yatağına yaxın sahələrdə axmaz və göllərin ətrafında gilli-qamışlı bataqlıq çəmən-çöl bitkilərinə rast gəlinir. Kür çayı boyunca Tuqay meşələri uzanır. Yarımsəhrada təbiətin insanlara payı olan yaşıl zolaq həm torpaqqoruyucu, sahilbərkidici rol oynayır, həm də ətrafın iqlimini yumşaldır.
Əhalisi: 2008-ci ilin əvvəlinə rayon əhalisinin sayı təxminən 51,2 min nəfərdir. Şəhər əhalisi 12 min nəfər, kənd əhalisi isə 39,2 min nəfərdir. Rayonu respublikamızın paytaxtı Bakıdan 231 km məsafə ayırır. Bir rayon kimi 05.02.1935-ci il tarixdə formalaşa da, XVI əsrə aid tarixi mənbələrdə Zərdab rayonunun adı çəkilir. Hal-hazırda bizim üçün yeni  formalaşan virtual məkanda isə Zərdab haqqında geniş məlumat olmasa da, bəzi veb səhifələrdə rayonun adına rast gəlinir. Rayonda 85 Qarabağ müharibəsi əlili, 118 şəhid ailəsi, 844 nəfər məcburi köçkün vardır. Rayon əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil etsə də, başqa millətlərin nümayəndələri- rus, ləzgi, avar, türk, tatar, ukrayna və s. də yaşayır.
Kür və Qarasu çayları Zərdabda qovuşur. Kür çayı üzərində tikilmiş körpü rayonu, Ağcabədi ilə, ümumən isə Qarabağla birləşdirir.
Zərdabın iqtisadiyyatının əsasını kənd təsərrüfatının taxılçılıq, maldarlıq, pambıqçılıq sahələri təşkil edir.
Zərdab inzibati ərazi vahidi bir şəhər (Zərdab), bir qəsəbə (Bəyimli), 40 kənddən ibarətdir. 28 icra nümayəndəliyi və 41 bələdiyyə fəaliyyət göstərir.
Zərdabda nəşr olunan «Əkinçi» qəzeti rayonun iqtisadi, ictimai-siyasi və mədəni həyatını işıqlandıran yeganə kütləvi-informasiya vasitəsidir. 1935-ci ilin yanvar ayından «Kolxozçu», 1966-cı ildən «Pambıqçı» kimi nəşr olunan rayon qəzeti 1983-cü ildən «Əkinçi» kimi fəaliyyətini davam etdirib.
Zərdabda ilk məktəb XIX əsrin 80-cı illərində Həsən bəy Zərdabi tərəfindən təşkil edilmişdir. Belə ki, 1878-ci ildə Bakı polis idarəsinin tələbi ilə şəhərdən uzaqlaşdırılan Zərdabi öz doğma yurduna dönür və burada kiçik bir məktəb təşkil edir, elmi işlə məşğul olur, müxtəlif qəzet və jurnallara məqalələr göndərir. Hal-hazırda isə təhsil sisteminin əsasını rayonda fəaliyyət göstərən 41 ümumtəhsil, o cümlədən 28 orta, 9 əsas, 4 ibtidai məktəb təşkil edir. Eyni zamanda rayonda 19 məktəbəqədər və 5 məktəbdənkənar təhsil müəssisəsi vardır.
Son illərdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Belə ki, Yarməmmədbağı kəndində 264 yerlik orta məktəb binası, H.Əliyev Fondu hesabına Körpükənd (Xasa) kəndində 100 yerlik əsas məktəb və Dəkkəoba kəndində 180 yerlik orta məktəb binaları gənc nəslin ixtiyarına verilmiş, bir sıra məktəb və məktəbəqədər müəssisə əsaslı təmir edilmişdir.
Rayona zəng etmək üçün (0135) kodundan istifadə edilir. Poçt indeksimiz:AZ 6300. Rayonda iki provayderin – «Aztelekom» və «Bakinternet»-in internet xidmətlərindən istifadə etmək mümkündür. Bundan başqa «Azercell», «Bakcell» və «NarMobile» mobil rabitə operatorlarının xidmətlərindən də istifadə etmək, AzTV, İTV, ANS, Lider, ATV, Spase televiziya kanallarını izləmək mümkündür.
Həmçinin üç bankın- «Kapital Bank», «Bank of Azerbaijan», «Beynəlxalq Bank»ın filialları Sizə istənilən növ bank xidməti göstərməyə hazırdır. Bu xidmətlərə sürətli pul köçürmələri (burada çeşid müxtəlifdir  beynəlxalq ödəmə sistemləri WesternUnion, Migom, Privat Money, Exspres Pocta, Kaspian və respublikadaxili ödəniş sistemi Xəzri), plastik kartlarla əməliyyatlar (bu banklara məxsus 6 ATM gecə-gündüz sizin xidmətinizdədir), mübadilə əməliyyatlarını misal göstərmək olar.

3 ŞƏRH

Comments are closed.