“Əkinçi” adından imtina edək deyə bizə təzyiq göstərirdilər”

0
54

Sovetlər dövründə Azərbaycanda qəzetlərin sayı indikindən dəfələrlə az olub desəm, yəqin ki, yeni bir söz söyləmiş olmaram. Lakin buna baxmayaraq, həmin dövrdə qəzetlərin nüfuzu indikindən qat-qat yüksək idi və gündəmə gətirilən hər bir mövzu diqqət çəkirdi. Bu mənada rayon qəzetlərinin toxunduğu problemlər də qısa zamanda öz müsbət həllini tapırdı.

Müstəqilliyimizin ilk illərində rayon qəzetlərinin də bir çoxu ya bağlandı, ya da əvvəlki nüfuzunu qoruyub saxlaya bilmədi. Müasir dövrümüzdə də rayon qəzetlərinə münasibət birmənalı deyil. Çoxları düşünür ki, indi kompyuter əsridir və bu mənada əgər ölkəmizdə internet portalların sayı günbəgün artırsa, bu qədər özəl telekanal varsa, ölkəmiqyaslı qəzetlərin sayı kifayət qədər çoxdursa, onda rayon qəzetlərinə nə ehtiyac var. Lakin kimin nə düşünməsindən asılı olmayaraq, bu gün də normal tirajla çap olunan, ayda bir neçə dəfə oxucularının görüşünə gələn rayon qəzetləri var. Bunlardan biri də Zərdab Rayon İcra Hakimiyyətinin orqanı olan “Əkinçi” qəzetidir. Qəzetin redaktoru İsaməddin Əhmədovla söhbətə keçməmişdən öncə bir məqamı qeyd edim ki, uşaqlıqda mənim də “Əkinçi”ni oxuduğum vaxtlar olub. Bu mənada bu qəzet mənim üçün də doğmadır. Hər dəfə doğulub boya-başa çatdığım rayona yolum düşəndə “Əkinçi” qəzetinin redaksiyasına baş çəkməyi özümə borc bilirəm. “Əkinçi”nin bu gün də kifayət qədər oxucusunun olması, rayonda, kəndlərdə yaşayanların bu qəzetlə mütəmadi əməkdaşlıq etmələri də diqqətçəkən məqamlardandır. Qəzetin redaktoru İsaməddin Əhmədov ilk baxışdan sakit insan təsiri bağışlasa da, sözü-söhbəti sevən, bir sözlə, sinəsi dolu insandır.

– İsaməddin müəllim, doğru sözə görə sizi cəzalandıran olubmu? Olubsa, ilk cəzanı nə vaxt almısınız?

– Mən 1974-1979-cu illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil almışam. Sizin dediyiniz kimi ifadə etsəm, doğru sözün ilk cəzasını 1979-cu ildə almışam. O vaxt Azərbaycan KP MK-nın bölgüsünə əsasən Daşkəsəndə çıxan “Daşkəsən” qəzetində işləyirdim. Həmin dövrdə məktəblərdəki, istehlak cəmiyyətindəki və çörək zavodundakı özbaşınalıqları açıq tənqid edən “Dur qaçaq, oğlum” və “Ümid yaxşı şeydir” felyetonlarına görə raykomun I katibi Alay Sarıyeviç Bəxtiyarovun qəzəbinə tuş gəldim və əmək kitabçama “Daşkəsən Rayon Partiya komitəsi bürosunun 3 mart 1980-ci il tarixli qərarı ilə işdə yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən azad edilsin” yazıldı və işdən qovuldum. Bu, ilk cəzam olub və yəqin ki, heç vaxt unutmayacağam…

– Redaktoru olduğunuz mətbu orqanı milli mətbuatımızın banisi, görkəmli ziyalımız Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzetinin adını daşıyır. Yəqin razılaşarsınız ki, bu, ikiqat məsuliyyət deməkdir…

– Əlbəttə. Bu qəzet müxtəlif vaxtlarda fərqli adlarla nəşr olunub. “Əkinçi” adını isə 1983-cü ildən daşıyır. Çalışırıq ki, bu adı qoruyaq, uca tutaq. Onu da əlavə edim ki, ölkə səviyyəsində müxtəlif vaxtlarda “Əkinçi” adına sahib çıxmaq istəyənlər, bu adda qəzet nəşr etdirməyə cəhd göstərənlər olub. Hətta bu addan imtina etməyimiz üçün bizə təzyiq də göstəriblər, lakin geri çəkilməmişik.

– Rayon qəzetlərinin bir çoxu artıq fəaliyyətini dayandırıb. “Əkinçi” həmin ağır vəziyyətdən necə çıxa bildi?

– Çox ağır günlərimiz olub. 1994-cü ildə dotasiya ləğv olunandan sonra, belə deyək, qaldıq taleyin ümidinə. Həmin dövrdə regionda qəzet buraxmaq əsl hünər idi. İnanın, elə ay olub ki, 1 kiloqram ətin puluna işləmişik. İşçilərə deyirdim ki, bu şəraitdə qəzet buraxmaq fədailikdir. Redaktor olduğum müddətdə heç vaxt bayağı yazılara, təhqirə yol verməmişəm, kimdənsə təmənna ummamışam. Kostyumumu satmaq da varsa, bu qəzet çıxacaq demişəm. Düzdür, elə il olub ki, cəmi 9 nömrəmiz çap edilib. Amma “Əkinçi” yeganə rayon qəzetidir ki, fəaliyyətini tam dayandırmadı. Çünki bilirdik ki, iş dayansa, sonra toparlamaq çətin olacaq. İndi şükürlər olsun ki, işimiz qaydasına düşüb.

– Əsasən hansı mövzuların mətbuatımızda yazılması ilə razılaşmırsınız?

– Qəzet ciddi olmalıdır. Vaxt vardı deyirdilər ki, qəzet yazıbsa, demək doğrudur. Amma indi “qəzetdir də yazıb” deyirlər. “Mən hansı müğənninin ayaqqabısı nə rəngdədir, filan müğənni ərindən boşanıb” tipli xəbərlərin qəzetlərdə yazılmasının, oxucuya təqdim edilməsinin qəti əleyhinəyəm. Qəzetin səviyyəsini qorumaq lazımdır. Qəzet həm də maarifləndirməlidir, cəmiyyəti müsbət mənada yönəltməlidir. Mən bunun tərəfdarıyam və hər zaman bu prinsiplərə sadiq olmuşam. Oxucu axtardığını qəzetdə tapıb, oxuya bilməlidir.

Məlum olduğu kimi, Həsən bəy Zərdabi 1880-ci ildən 1895-ci ilə qədər “Kaspi” qəzetində “Zərdabdan məktublar” adı altında məqalələr yazıb. Həmin məktublarda o dövrün insanlarının üzləşdikləri problemlər, çətinliklər açıq-aydın qeyd olunub. Sözügedən məktublar SSRİ dövründə rus dilində kitab şəklində dərc edilib. Həmin məktubları Azərbaycan dilinə tərcümə edirəm və “Əkinçi”də çap olunur. İnsanlar bu məktubları maraqla oxuyurlar. Bir daha deyirəm, hansısa müğənni ilə bağlı redaktoru olduğum qəzetdə xəbər vermədiyim üçün qürur duyuram. Biz çalışmalıyıq ki, gənclərimiz öz keçmişlərini bilsinlər, Mübariz ruhunda böyüsünlər…

– Hazırda “Əkinçi” ayda neçə dəfə nəşr olunur?

– Həftədə bir dəfə nəşr olunuruq. Amma həftədə 2 dəfə qəzet buraxmaq imkanımız var. Abunəçilərimizin sayı 1500-dür. Sovet dövründə 4500 tirajımız var idi. Yeri gelmişkən, bir məqamı da qeyd etmək yerinə düşər, mən “Əkinçi”də müxbir olaraq, 1980-ci ildə fəaliyyətə başlamışam. Hərdən 80-ci illərin axırı, 90-cı illərin əvvəllərində SSRİ-nin tənqidi ilə bağlı yazdığımız yazıları oxuyanda dəhşətə gəlirəm. Bir rayon qəzetində bu cür tənqidi yazılar çap etmək o dövr üçün, sözün həqiqi mənasında, cəsarət nümunəsi idi…

– Ölkə səviyyəsində tanınan jurnalistlərdən nə vaxtsa “Əkinçi”də çalışanlar varmı?

– “AzərTAc” Dövlət Teleqraf Agentliyinin indiki direktoru Aslan Aslanov bir vaxtlar “Əkinçi” qəzetində çalışıb.

– Digər rayon qəzetləri ilə münasibətləriniz hansı səviyyədədir?

– Naxçıvanın “Arazın səsi”, Ağcabədinin “Aran”, Sabirabadın “Suqovuşan”, Ağsunun “Ağsu” qəzetləri ilə əməkdaşlıq edirik. Necə deyərlər, onlar bizdən öyrənir, biz də onlardan.

– Yazdığınız tənqidi mövzulara rayon rəhbərliyinin münasibəti necə olur?

– Lütvəli Babayev 2007-ci ildə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı təyin olunandan sonra ilk görüşünü məhz “Əkinçi”nin kollektivi ilə keçirdi. Bu, onun bizə verdiyi önəmin göstəricisidir. Lütvəli müəllim “Əkinçi”nin bütün nömrələrinə baxır, oxuyur. O deyir ki, “Əkinçi” Zərdabın bugünkü tarixini yazır. Bəzən mövzu da təklif edir, tənqid yazmağımıza şərait yaradır. İcra Hakimiyyətinin başçısı olaraq, onun yaratdığı imkandan yararlanırıq.

– İsaməddin müəllim, istərdim bir qədər də reket jurnalistlərdən danışaq. Bildiyimiz kimi, onlar bölgələrdə daha çox aktivlik edirlər. Rayon qəzetində çalışan bir şəxs kimi onlarla görüşdüyünüz, iradınızı bildirdiyiniz vaxtlar olurmu?

– Onlar özlərini reket hesab etmirlər. Eləsi var ki, 5 qəzetin redaktoru olduğunu deyir. Məncə, şəxsiyyəti olan adam özünü və jurnalist sənətini bu qədər alçaltmaz. İnanın, adam xəcalət çəkir. Dilənçilik edirlər, bəzən 2 manat istəyənlər də olur. Bir çoxları yüngüləxlaqlı qızları bu işə cəlb edirlər. Bəziləri tənqid yazanda həmin qəzetin nüsxələrini gətirib rayonda paylayırlar. Bəzən də elə adamların haqqında “bəh-bəh”lə yazırlar ki, ikrar doğurur. Pul alıb kiminsə haqqında kitab buraxırlar…

– Bəs onlardan qurtulmaq üçün nə təklif edərdiniz?

– Cəmiyyətdə maarifləndirmə işləri aparılmalıdır. Mətbuat Şurası açıqlama verməlidir ki, bu qəzetlər hətta dövlət səviyyəsində belə, nə yazırlar-yazsınlar, diqqətə alınmayacaq. Bunlar açıqlansa, hamı bilər ki, onların tənqid, böhtan yazmalarının heç bir mənası və əhəmiyyəti yoxdur, narahat olmağa dəyməz.

Zerdab.com