Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının
Q Ə R A R I
17 may 2010-cu il 2(102)-1482/2010 Bakı şəhəri
Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyası Ali Məhkəmənin hakimi G.M.Xudaverdiyevanın sədrliyi və məruzəsi ilə, hakimlər Ə.M.Rüstəmov, Ə.Ə.Əliyevin tərkibində, G.Əsədovanın katibliyi ilə, iddiaçının nümayəndəsi S.S.D., cavabdehin nümayəndəsi S.H.M.un iştirakı ilə Şirvan Apellyasiya Məhkəməsinin MİÜK-nın 2(106)-667/2009 saylı mülki iş üzrə 07 dekabr 2009-cu il tarixli qətnaməsindən
iddiaçı İ.C.C.nın verdiyi kassasiya şikayəti üzrə işə baxaraq
MÜƏYYƏN ETDİ:
Zərdab rayon məhkəməsinin 01 oktyabr 2009-cu il tarixli qətnaməsi ilə Cavadova İlduzə Cəlal qızının Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsinə qarşı vəzifəli şəxslərin qanunsuz hərəkətləri və 08 may 2009-cu il tarixli 165 saylı qərarının ləğv edilməsi barədə iddiası təmin edilməklə, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon Şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın 08 may 2009-cu il tarixli 165 saylı qərarının ləğv edilməsi, Cavadova İlduzə Cəlal qızına pensiya təyin edilməsi haqda qanuna uyğun qərar qəbul edilməsi qət edilmişdir (iş №2(036)-89/2009, hakim A.Q.Qarayev).
Şirvan Apellyasiya Məhkəməsinin MİÜK-nın 07 dekabr 2009-cu il tarixli qətnaməsi ilə (iş №2(106)-667/2009, hakimlər Z.A.Zeynalov, V.M.Ağayev, Ə.A.Əhmədov) Zərdab rayon məhkəməsinin iş üzrə 01 oktyabr 2009-cu il tarixli qətnaməsi ləğv edilmiş, Cavadova İlduzə Cəlal qızının iddia tələbi təmin edilməmişdir.
İŞİN HALLARI:
Cavadova İlduzə Cəlal qızı məhkəmədə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsinə qarşı vəzifəli şəxslərin qanunsuz hərəkətləri və 08 may 2009-cu il tarixli 165 saylı qərarının ləğv edilməsi barədə iddia qaldırmışdır.
İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Dadaşov Sədrəddin Sədi oğlu ilə 01 noyabr 1985-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Bu nikahdan iki uşaqları vardır. Əri S.S.D. öz əvvəlki yoldaşından boşanarkən əvvəlki nikahdan olan 4 nəfər azyaşlı uşaqları ərinin himayəsində qaldığı üçün həmin uşaqlara da öz doğma uşaqları kimi baxmış və onların tərbiyəsi ilə məşğul olmuşdur. 6 nəfər uşağa baxdığı üçün 48 yaşından
əmək pensiyasına çıxmaq istədiyinə görə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon Şöbəsinə müraciət etmiş, Zərdab rayon şöbəsi isə ərizəsini qəbul etməmiş, 4 nəfər ögey uşaqların onun öhdəsində olması faktının məhkəmə tərəfindən təsdiq edilməsi üçün məhkəmədə iddia qaldırmışdır. Məhkəmə tərəfindən həmin uşaqların öhtədə olma faktı təsdiq edilməsinə baxmayaraq, Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon
şöbəsi tərəfindən öhtədə olma barədəki məhkəmə qətnaməsi nəzərə alınmamış, məhkəmənin fakt təsdiqi barədəki 10 aprel 2009-cu il tarixli qətnaməsi icra edilmədən Dövlət Sosial Müdafiə Fondu Zərdab rayon Şöbəsinin pensiya təyin edən komissiyanın 08 may 2009-cu il tarixli 165 saylı qərarı ilə pensiya təyinatından imtina edilmişdir.
İş üzrə qeyd olunan məhkəmə aktları qəbul edilmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
İddiaçı İ.C.C. kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin MİÜK-nın 07 dekabr 2009-cu il tarixli qətnaməsinin ləğv edilib, Zərdab rayon məhkəməsinin 01 oktyabr 2009-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Kassasiya şikayətində hesab edilir ki, məhkəmə kollegiyasının qətnaməsi maddi və
prosessual hüquq normalarının tələbi pozulmaqla çıxarılmışdır. Kassator şikayətində qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon Şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın məhkəməyə təqdim etdiyi 08 may 2009-cu il tarixli 165 saylı qərarının əslində
ona çox uşaqlı ana kimi yaşa görə, 57 yaşı tamam olmadığı üçün pensiya təyin olunmasından imtina edilməsi göstərilmiş, lakin ona verilmiş qərarın surətində isə «pensiya təminatından imtina edilmişdir» yazılmaqla, hansı əsasla imtina edilməsi qərarın surətində öz əksini tapmamışdır.
Həmçinin apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində ögey uşaqların vəfatı ilə bağlı 5 il öhdədə olmuş ögey ata və anaya ailə başçısını itirməyə görə pensiya təminatı məsələlərinə toxunsa belə, lakin həmin normanın baxılan məsələyə aidiyyəti olması göstərilməmişdir.
Onun fikrincə, məhkəmə «Əmək pensiyaları haqqında» Qanunun 15.1-ci maddəsinə düzgün istinad etməmişdir. İddiaçının və cavabdehin nümayəndələri kollegiya iclasına vəkilsiz gəldiklərindən, Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən izahatları dinlənilmədi.
Mülki işin materiallarını nəzərdən keçirməklə, məhkəmə kollegiyası hesab edir ki, qətnamə aşağıdakı əsaslara görə dəyişdirilmədən saxlanılmalıdır.
HÜQUQİ MƏSƏLƏLƏR:
Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
Qanunvericilik müəyyən edir ki, kassasiya instansiyası məhkəməsi işin hallarını araşdırmır, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş halları üzrə qanunvericiliyin düzgün tətbiqini yoxlayır. Bu zaman işin hallarına istinad edilməsi labüdlüyü yaranır, bu istinad işin hallarının yoxlanılması və qiymətləndirilməsi kimi qəbul edilməməlidir.
İddia ərizəsindən və mülki işdəki digər materiallarla müəyyən edilir ki, İ.C.C. 6 uşaq böyüdüb tərbiyə etmiş ana kimi 48 yaşından pensiya almaq istəmişdir. Məhkəmədə müəyyən edilmişdir ki, iddiaçı İ.C.C.nın S.S.D. ilə nikahından 2 uşağı olmuşdur, digər 4 uşaq onun ərinin birinci ailəsindən olan uşaqlardır. Zərdab rayon məhkəməsinin 10 aprel 2009-cu il tarixli qətnaməsi 4 ögey uşaqların: 27 noyabr 1973-cü il təvəllüdlü Aygünün, 18 oktyabr 1975-ci il təvəllüdlü Dürdanənin, 28 yanvar 1978-ci il təvəllüdlü Zoyanın, 12 fevral 1980-ci il təvəllüdlü Əbubəkrin İ.C.C.nın
himayəsində olması faktı müəyyən edilmişdir.
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyasının 165 saylı 08 may 2009-cu il tarixli qərarı ilə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 8-10, 31.4-cü maddələrinə müvafiq olaraq Cavadova İlduzə Cəlal qızının 2 uşaqlı ana kimi 57 yaşı tamam olmadığı üçün pensiya təminatından imtina edilmişdir. Şöbə tərəfindən İ.C.C.ya ünvanlanmış 15 yanvar 2009-cu il tarixli 42/41 saylı, 12 may 2009-cu il tarixli 165 saylı məktublarından görünür ki, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 14-cü maddəsinə, habelə «Əmək Pensiyaları haqqında» Qanunun 8.1-ci maddəsinə istinadla ona izah edilmişdir ki, pensiya təyin olunarkən köhnə qanuna görə, vəfat etmiş ananın övladlığa götürülməmiş uşaqları təzə ailədə səkkiz yaşına çatanadək faktik tərbiyə olunarsa, ögey ananın uşaqlarına bərabər tutula bilərdi. Digər hallarda, yəni nikah pozulması ilə əlaqədar olaraq yeni nikaha daxil olunanın tərbiyəsində himayə olunan uşaqlara görə ögey anaya çoxuşaqlı ana kimi əmək pensiyası təyin edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
Həmin məktublarda və S.S.D.a ünvanlanmış cavablarda izah edilmişdir ki, qadınlar üçün pensiya yaşı 57 yaş nəzərdə tutulur. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən ona əsaslanmışdır ki, 4 nəfər
uşaqların ögey anaları İ.C.C.nın öhdəsində olma faktları məhkəmənin 10 aprel 2009-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsi tərəfindən verilən qərarda imtina edilmənin əsası göstərilməmişdir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, işin faktik halları kifayət qədər aydınlaşdırılmamış və məhkəmənin nəticəsi işin faktik hallarına uyğun olmamışdır. Apellyasiya instansiyası məhkəməsi bu zaman ona istinad etmişdir ki, «Əmək Pensiyaları haqqında» Qanunun 8.1-ci maddəsinə əsasən üç (əslində «beş»- MİÜMK) və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların yaşa görə əmək pensiyası hüququ vardır. Kollegiya hesab etmişdir ki, İ.C.C. pensiya yaşına çatmamış və şərtləndirilən sayda uşaq doğub tərbiyə etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin fikrincə pensiya təyin olunmasından imtina «Əmək pensiyaları haqqında» Qanunun 31.4-cü maddəsinə görə düzgündür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni mahiyyətcə düzgün həll etmişdir. 01 yanvar 2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə görə, 57 yaşına çatmış qadınların azı 10 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 8.1-ci maddəsinə görə, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə bir il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, qanunvericilik güzəştli şərtlə əmək pensiyasına hüququn əmələ gəlməsi üçün beş və daha çox uşaq doğub tərbiyə etməni nəzərdə tutur. Əvvəllər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 14-cü maddəsində nəzərdə tutulurdu ki, 6 uşağı olan qadınlar ən azı 13 il iş stajı olduqda 48 yaşından pensiya almaq hüququna malikdir. Bu maddədə eyni zamanda anası vəfat etmiş uşağı yeni ailədə səkkiz yaşınadək tərbiyə etmiş qadınların da eyni güzəşt hüquqları müəyyən edilirdi. İş materiallarından görünür ki, İ.C.C. 1985-ci ildə S.S.D. ilə ailə qurarkən sonuncunun 2 uşağı 8 yaşdan böyük olmuş, bir uşağın 5, digərinin 7 yaşı olmuşdur. Bir anlığa onların İ.C.C. tərəfindən tərbiyə olunması qəbul edilərsə belə, bu hal nə 5 uşağa görə 52 yaşdan, nə də 6 uşağa görə 48 yaşdan pensiya almaq hüququ yaratmır. Kassasiya şikayətində hesab edilir ki, məhkəmə «Əmək pensiyaları haqqında» Qanunun 15-ci maddəsini tətbiq etməli idi. Məhkəmə kollegiyası bu dəlillə razılaşmır. Qeyd olunan maddə ailə başçısını itirməyə görə əmək pensiyasını nizamlayır. Hazırkı halda isə, İ.C.C. çoxuşaqlı ana kimi yaşa görə pensiya təyin edilməsini mübahisələndirmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Qətnamənin ləğvinə əsas yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
İddiaçı İ.C.C.nın kassasiya şikayəti təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsinin MİÜK-nın iş üzrə 07 dekabr 2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Ali Mehkemenin MIUK-si kobud sehve yol vermisdir. Bele ki, faktiki olaraq qanuni quvveye minmis mehkeme qerari ile razilasmayaraq, ishe predmeti uzre deyil, qanuni quvveye minmish qetnameye munasibet bildirilmishdir. G.M.Xudaverdiyevanın sədrlik etdiyi ekser mehkeme qerarlari tamamile qeyri qanunidir.
Comments are closed.