
Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin göstərişi ilə daha 14 rayonun icra hakimiyyətlərinin başçıları Avropaya göndərilib. Bu günlərdə icra hakimiyyətləri başçılarının növbəti qrupu Fransaya yola düşüblər. Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev də Fransadadır. On gün ərzində icra hakimiyyətinin başçıları Fransanın müxtəlif şəhərlərində olub yerli təcrübəni öyrənəcəklər. Məlumat üçün bildirək ki, icra hakimiyyətləri başçılarının səfərlərində məqsəd Avropa şəhərlərinin inzibati idarəetməsini, şəhər infrastrukturunu, müasir şəhərsalma mədəniyyətini öyrənməkdir və hər il ənənəvi həyata keçirilir.
Zerdab.com saytının yaydığı məlumata görə, şəhər və rayon icra hakimiyyəti başçılarından ibarət nümayəndə heyəti Fransaya işgüzar səfəri çərçivəsində Bove şəhər bələdiyyə idarəsində bələdiyyə sədri, senator xanım Karolin Kayö və müavini Frank Pia ilə görüşüb. Son illər Azərbaycanda əldə edilən nailiyyətlərdən məlumatlı olduğunu deyən K. Kayö ölkənin iqtisadi inkişafının hətta Fransa ilə müqayisədə yüksək olduğunu diqqətə çatdırıb. O, belə təcrübə mübadiləsinin çox önəmli olduğunu vurğulayıb. Azərbaycanın İpək yolu üzərində mühüm strateji əhəmiyyət daşıdığını diqqətə çatdıran Frank Pia ölkəmizdə bir çox sənaye müəssisələri, eləcə də toxuculuq sənayesinin inkişaf etdiyini, Bovenin son illər iqtisadi cəhətdən inkişaf etməsinə baxmayaraq, burada məşhur toxuculuq sahəsinin həddindən artıq zəiflədiyini bildirib. Frank Pia şəhərsalma sahəsində əldə edilən təcrübədən və infrastrukturun inkişafı ilə bağlı görülən işlərdən də bəhs edib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Vəfadar Bağırov çıxışında Azərbaycanın Şərq ilə Qərbin qovuşduğu məkanda yerləşdiyini xatırladıb, ölkəmizin tarixi və mədəniyyəti barədə ətraflı məlumat verib. O, 1918-ci ildə müsəlman Şərqində ilk parlament respublikasının məhz Azərbaycanda yarandığını, qadınlara səsvermə hüququnun verildiyini diqqətə çatdırıb. Prezident Administrasiyasının baş məsləhətçisi müstəqilliyini bərpa edən Azərbaycanın qısa vaxtda sürətlə inkişaf etdiyini, bölgələrdə abadlıq, quruculuq və tikinti işlərinin aparıldığını, müxtəlif infrastruktur layihələrinin həyata keçirildiyini, dünyanı bürüyən maliyyə böhranının Azərbaycana təsir etmədiyini, hətta həmin dövrdə belə ölkəmizdə sosial yönümlü layihələrin həyata keçirildiyini və bu layihələrin bu gün də davam etdiyini diqqətə çatdırıb.
Zerdab.com








