Əkin üçün “yararsız” hesab edilən və uzun illər istifadəsiz qalan torpaq sahələrinin münbitləşdirilərək əkin dövriyyəsinə qatılması son illər Zərdab rayonunda iqtisadiyyatın aparıcı sahəsi olan aqrar sektorun inkişafına öz müsbət təsirini göstərir. Zerdab.com xəbər verir ki, Rayon İcra Hakimiyyətinin Aqrar şöbəsindən AzərTAC-a bildiriblər ki, Zərdabda ümumən əkinə yararlı 56,3 min hektar torpaq sahəsi var və hazırda onun 36 min hektarından istifadə olunur. İstifadə olunan torpaqların 5 min hektarı əkin dövriyyəsinə son illərdə qatılıb. Həmin torpaq sahələrinin 4 min hektarında taxıl əkilir. Bu hesaba rayonda taxıl əkini 18 min hektara çatdırılıb
Fermerlər əkin dövriyyəsinə yeni sahələrin qatılmasında maraqlıdırlar. Bunun üçün meliorasiya, drenajların təmizlənməsi, torpaqların hamarlaması, üzvi və mineral gübrələrlə münbitləşdirilməsi tələb olunur. Bu işlər isə təkcə zəhmət yox, həm də vəsait tələb edir. Aqrar sektora göstərilən dövlət dəstəyinə güvənən fermerlər işə cəsarət və inamla girişir və sonda uğurlu nəticələr qazanırlar.