Lütvəli Babayev yazır: “Fransada nələr gördük, nələr öyrəndik?”

1
88

Lütvəli BabayevAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə bu il noyabrın 2-dən 9-dək Fransada işgüzar səfərdə olan ölkəmizin şəhər və rayon icra hakimiyyəti başçılarından ibarət qrupda mən də var idim. Maraqlı olacağını nəzərə alıb səfər təəssüratımı yığcam olaraq qələmə aldım.  Əlbəttə, məqsəd, dövlətimizin başçısının tövsiyə və tapşırıqlarına uyğun olaraq, Fransanın yerli təcrübəsini, qabaqcıl Avropa şəhərlərinin inzibati idarəetməsini, şəhər infrastrukturunu, müasir şəhərsalma mədəniyyətini öyrənmək idi.

Bizi bu gözəl və əsrarəngiz ölkədə hörmətlə və mehribanlıqla qarşıladılar. Səfərimizin proqramına uyğun olaraq, Parisin məşhur “Marriott” otelində yerləşdik.  Yeri gəlmişkən deyim ki, Fransa Respublikasının ərazisi 633 min kvadratkilometr, əhalisi 65,9 milyon nəfərdir (2013-cü il). Əsas şəhərləri Paris (paytaxt), Marsel, Lion, Lil, Tuluza və Strasburq olan Fransa əhalisinin 83-88 faizi katoliklər, 5-10 faizi müsəlmanlar, 2 faizi protestantlar, 1 faizi yəhudilərdir və ən qəribəsi budur ki, Fransada yaşayanların 4 faizi dinsizlərdir. Rəsmi dövlət dili fransız dili olan bu ölkənin əsas milli bayramı Bastiliyanın alınması günü –14 iyuldur (1789-cu il).

Respublika dövlət quruluşuna malik olan Fransanın ali rəhbəri, Prezident ümumi birbaşa səsvermə yolu ilə 5 il müddətinə seçilir. Dövlət başçısı baş naziri təyin edir, silahlı qüvvələrin ali baş komandanıdır, Milli Məclisi buraxa bilər, ölkədə çox ciddi böhran olarsa, xüsusi hakimiyyət səlahiyyətlərinə malikdir. Fəaliyyət qabiliyyəti olmazsa, Prezidentin səlahiyyətlərini Senatın sədri icra edir.

Ölkənin icraedici hakimiyyəti baş nazirin başçılıq etdiyi Nazirlər Kabinetidir. Baş nazirin namizədliyini Milli Məclis irəli sürür və Prezident tərəfindən təyin edilir. Fransa hökuməti parlament qarşısında hesabat verir.

Səfərimizin ilk günü günortadan sonra Paris şəhərinin görməli yerləri ilə tanış olduq, Fransaya dünya şöhrəti qazandıran Eyfel qülləsinə qalxdıq. Otelə qayıdandan sonra nəinki Avropanın, həm də dünyanın ən qabaqcıl paytaxt şəhərlərindən olan Parisin gecə mənzərəsini seyr etdik və bir daha əmin olduq və qürur hissi keçirdik ki, bizim sevimli Bakı şəhərimiz indi öz gözəlliyi ilə bu füsunkar Avropa şəhərindən əsla geri qalmır.

Nümayəndə heyətimiz noyabrın 3-də Parisdən Bove şəhərinə yola düşdü. Bove Şəhər Bələdiyyə İdarəsində bələdiyyə sədri, senator xanım Karolin Kayö və şəhər merinin birinci müavini Frank Pia bizi mehribanlıqla qarşıladılar. Ölkəmiz haqqında rəğbətlə danışan xanım K.Kayö Azərbaycanın nailiyyətləri barədə məlumatlı olduğunu dedi və qeyd etdi ki, Azərbaycanın son illərdəki iqtisadi inkişafı hətta Fransa ilə müqayisədə yüksəkdir. O, belə təcrübə mübadiləsinin Fransa üçün də çox önəmli olduğunu vurğuladı.

Bove şəhərindəki görüşümüz çox əhəmiyyətli oldu. Orada aparılan yenidənqurma işləri, şəhərin bu sahədəki uğurlu təcrübəsi,  nəqliyyatın idarəetmə mexanizmi ilə yaxından tanışlıq, bu mövzuda təqdimat bizdə zəngin təəssürat oyatdı. Şübhəsiz ki, Fransa təcrübəsi Azərbaycanımızın şəhər və rayonlarında da çox gözəl tətbiq oluna bilər. Bununla belə, xanım K. Kayönün və Frank Pianın da etiraf etdikləri kimi, fransızlar da bizdən çox şey öyrənə bilərlər.

Səfərimizin növbəti günündə qədim və zəngin tarixi memarlıq abidələri ilə dünyanı heyrətləndirən Fransanın məşhur Saint-Pierre kilsəsi, Maladrerie qəsri ilə tanışlıq bizdə zəngin təəssürat oyatdı. Bu şəhərin müəssisələri ilə də yaxından tanış olduq və onların təcrübəsini öz şəhər və rayonlarımızda tətbiq etməyin çox faydalı olacağı qənaətinə gəldik.  Növbəti gün Versal şəhərinə yollanaraq, dünyanın nadir memarlıq incilərindən olan qədim və əzəmətli Versal sarayı ilə tanış olduq. Həmin gün Parisə qayıdaraq, şəhərin tarixi abidələrinə tamaşa etdik. Məşhur dövlət başçısı, sərkərdə Napoleonun məqbərəsi, dünya incəsənətinin nadir nümunələri qorunub saxlanan Luvr muzeyi, dahi fransız yazıçıları Viktor Hüqonun, Aleksandr Dümanın yaradıcılığında xüsusi yeri olan “Notre Dame” kilsəsi ilə tanışlıq bizi çox təsirləndirdi.

Yeri gəlmişkən deyim ki, səfərimiz boyu mən A. Dümanın (Ata) “Qafqaz səfəri” adlı səyahət qeydləri əsərində Azərbaycan haqqında yazdıqlarını və xalqımıza verdiyi yüksək qiyməti dönə-dönə xatırlayırdım. Dahi fransız yazıçısı həmin əsərində qeyd edir ki, mən 1859-cu ildə Azərbaycana səyahət edərkən, azərbaycanlılar məni duz-çörəklə qarşıladılar (Sumqayıt yaxınlığında), Suraxanıda bir ailənin qonağı olarkən, bu xalqda çox yüksək mədəniyyət gördüm. Azərbaycanın təbiəti və insanları heyrətamizdir. Azərbaycanlılar həssas, səmimi, qayğıkeş, ağıllı, qonaqpərvər, mehriban, sözübütöv, doğrucul, dəyanətli, mərd, çevik, qədd-qamətli və gözəldirlər. Elə xalqlar var ki, öz əli ilə imza qoyduğu, möhür vurduğu sənəddən də boyun qaçırır, azərbaycanlılarda isə kişi sözü var. Onlarla bir şey barədə sövdələşəndə sənəd, imza, möhür tələb etmək lazım deyil, azərbaycanlı verdiyi sözdən heç vaxt dönməz.

Nümayəndə heyətimiz növbəti səfər günündə Fransa Merləri Assosiasiyasının prezidenti Jacques Pelissard ilə görüşdü. J.Pelissard rəhbərlik etdiyi qurumun müstəqil fəaliyyət göstərdiyini, ölkənin bütün icmalarını özündə birləşdirdiyini, təşkilatın fəaliyyətinin təhsil, ekologiya, maliyyə kimi sahələri əhatə etdiyini diqqətə çatdırdı. Assosiasiyada çalışan 70 nəfərin şəhərlərin idarə edilməsi sahəsində böyük təcrübəyə malik olduqlarını, şəhərsalma ilə bağlı qanunvericiliyin elmi müddəalarını yaxşı mənimsədiklərini vurğuladı, Azərbaycanın şəhər və rayonlarının icra başçıları ilə ilk dəfə görüşdüyünü, gələcəkdə şəhərsalma məsələsində birgə əməkdaşlığın davam etdiriləcəyinə və əldə olunan təcrübələrin bölüşdürüləcəyinə ümid etdiyini bildirdi.

Ümumiyyətlə, səfərimizin proqramı elə tərtib olunmuşdu ki, nəinki 1 günümüz, hətta 1 saatımız belə faydasız keçmirdi. Elə noyabrın 5-də – səfərimizin 4-cü günü Alenson şəhərindəki hər növ elektrik avadanlıqları istehsal edən “Goavec Engineerinq” müəssisəsi ilə tanışlıq çox əhəmiyyətli idi. Burada istehsal olunan cihaz və avadanlıqlar dünyada şöhrət qazanmışdır və bu zavodun qabaqcıl təcrübəsinin ölkəmizin regionlarında da tətbiq edilməsi səmərəli olacaq.

Vimoutiers kilsəsi və “Crouttes” heyvandarlıq ferması ilə tanışlığımız da son dərəcə əhəmiyyətli idi. “Crouttes” heyvandarlıq fermasının iş prinsipi ilə tanışlıq bizdə böyük maraq doğurdu və düşünürəm ki, fransızların iş təcrübəsindən bizim Zərdab rayonunda heyvandarlığın daha da inkişafı üçün bəhrələnmək olar.

Biz daha məhsuldar cinsdən olan heyvanların alınıb ölkəmizə gətirilməsindən, respublikamızda maldarlığın daha sürətli inkişafı məqsədilə həyata keçirilən tədbirlərdən, ümumən heyvandarlıqda yeni və müasir texnologiyaların geniş tətbiq olunmasından və uğurlarımızdan danışdıq, bu sahədə əməkdaşlığın ölkələrimiz üçün faydalı olacağını diqqətə çatdırdıq.

Parisdə milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin qızı Pəri  xanımın həyat yoldaşı, Azərbaycan Demokratik Respublikası Parlamentinin ilk sədri Əlimərdan bəy Topçubaşovun və ailə üzvlərinin o qərib diyardakı məzarlarını ziyarət etmək məni həm sevindirdi, həm də kövrəltdi.

Parisdə bir azərbaycanlı hərbi təyyarəçinin də məzarını ehtiramla ziyarət etdik, fransızlara Azərbaycan oğul və qızlarının II Dünya müharibəsində faşizmə qarşı qəhrəmanlıqla vuruşduqlarını xatırlatdıq.

Dünyanın ən gözəl və təkrarsız şəhərlərindən olan Parisdə Azərbaycan Mədəniyyət Mərkəzi ilə də yaxından tanış olduq. Mərkəzdə Azərbaycanın dünənini və bugününü, nailiyyətlərini əks etdirən zəngin materiallar respublikamızı daha yaxından tanıtmaqda əhəmiyyətli rol oynayır. Burada müntəzəm olaraq keçirilən görüşlər ölkəmizin zəngin mədəni irsinin təbliğində də mühüm amildir.

Parisin görməli yerlərinə ekskursiyamızın gedişində bu ölkənin turizm imkanları barədə geniş məlumat aldıq və aydın oldu ki, Fransada turizm də geniş inkişaf etmişdir, ölkənin görməli yerləri çoxdur və çox xoşdur ki, bizim qrupumuz da bu yerləri ziyarət etdi.

Digər tərəfdən, görüşlərimizin gedişində ölkəmizin Fransa ilə turizm sahəsində əməkdaşlığı daha da genişləndirmək perspektivlərinin də kifayət qədər olduğu qənaətinə gəldik, ölkələrimizin turizm siyasəti, ətraf mühitə turizmin təsiri, Fransanın turizm təcrübəsinin kiçik şəhərlərdə tətbiq olunması ilə bağlı fikir mübadiləsi apardıq və Prezident cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində ölkəmizin Avropanın bu qabaqcıl dövləti ilə dostluq münasibətlərindən qürur duyduq.

Biz səfərimiz çərçivəsində Fransanın uzaq və yaxın keçmişinə, bugününə, inkişaf təcrübəsinə dair maraqlı məlumatlar əldə etməklə bərabər, öz ölkəmizin də haqqında fransızlara kifayət qədər məlumat çatdırdıq. Təsadüfi deyil ki, nümayəndə heyətimizin keçirdiyi görüşlərin hamısında təkcə Fransa tərəfinin təcrübəsi deyil, eyni zamanda, Azərbaycanın və xüsusilə regionlarımızın inkişaf səviyyəsi, burada istifadə olunan təcrübələr və mümkün əməkdaşlıq imkanları barədə respublikamızın icra hakimiyyəti başçıları və nümayəndə heyətimizin rəhbəri Vəfadar Bağırov tərəfindən məlumatlar verilirdi.

Qrupumuzun üzvlərini Fransada müxtəlif sahələrdə işin necə qurulması, hansı metodlara üstünlük verilməsi çox maraqlandırırdı. Bu cəhətdən Parisin 7-ci meriyasının Abadlaşdırma, Təmizlik və Su İdarəsinin rəisi Patrik Jofreylə görüşümüz çox maraqlı və faydalı oldu. Görüşümüzdə bu sahələrin inkişafında ən son təcrübə və texnologiyalar, o cümlədən bütün su sisteminin idarə olunması və nəzarət sistemi, çirklənmiş suların emalı və yenidən istifadəsi prosesi ilə bağlı ölkələrimiz arasında mümkün əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparıldı.

Həmin gün-noyabrın 7-də Saint-Sulpice meydanında və kilsəsində də olduq, Azərbaycanın tolerant bir ölkə olması barədə söhbət etdik. Bu meydan və kilsə də bizdə zəngin təəssürat oyatdı.  Azərbaycan Respublikasının Fransadakı səfiri Elçin Əmirbəyovla görüşümüz səfərimizin ən unudulmaz məqamlarından idi. Cənab səfir bizi Fransanın sosial, iqtisadi, siyasi və mədəni sahələri ilə yaxından tanış etdi, maraqlı və məzmunlu çıxışı ilə bu ölkə barədə biliklərimizi daha da zənginləşdirdi, bir sözlə, bizi Fransaya daha da yaxınlaşdırdı.

Səfərimiz çərçivəsində bir daha əmin olduq ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Fransa—Azərbaycan dostluq əlaqələri ölkələrimiz üçün son dərəcə faydalıdır. Digər tərəfdən, bizim hər birimizi narahat edən və düşündürən Dağlıq Qarabağ problemimiz var, problemin həlli ilə məşğul olan həmsədr ölkələrdən biri isə məhz Fransadır. Çox şad olduq ki, dövlətimizin başçısının uğurlu siyasətinin nəticəsi olaraq, bu gün Fransada Azərbaycanın çoxlu dostları və tərəfdarları var. Biz bunu Parisin 7-ci rayonunun meri, Azərbaycanın yaxın dostu xanım Raşida Dati ilə görüşümüz zamanı da bir daha yəqin etdik.

Xanım Dati respublikamıza, onun rəhbəri cənab İlham Əliyevə rəğbətini ifadə edərək, Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın ədalətli mövqeyinin nəzərə alınmasının vacibliyini və onun özünün də bu istiqamətdə lazımi işlər apardığını vurğuladı, xalqımıza, ölkəmizə, dövlətimizə uğurlar arzuladı. Sonra biz Parisin görməli yerlərində olduq, qədim və müasir memarlıq nümunələri ilə zəngin olan bu təkrarsız Avropa şəhərinin parklarına, yaşıllıqlarına, yeni salınmış yaşayış massivlərinə baxdıq. Fransa təcrübəsini öyrəndik və əlbəttə, Azərbaycan təcrübəsi barədə də danışdıq.  Kənd təsərrüfatına gəlincə, Azərbaycanda olduğu kimi, Fransada da əsasən taxıl, şəkər çuğunduru, kartof, şərab üzümü, mal əti, süd məhsulları, balıq istehsal olunur. Bu sahələrlə yaxından tanışlığımız göstərdi ki, kənd təsərrüfatında da Azərbaycanın Fransadan, Fransanın Azərbaycandan öyrənə və faydalana biləcəyi kifayət qədər yerli təcrübə və texnologiyalar mövcuddur.

Fransada görüşlərimiz zamanı 2006-cı il noyabrın 14-də Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının iclasında Azərbaycanla Aİ arasında qəbul edilmiş Fəaliyyət Planının nəinki Azərbaycanla Aİ arasında, həm də Azərbaycanla Fransa arasında ikitərəfli əməkdaşlığın inkişafına zəmin yaratdığını bir daha xatırladıq və bu sahədə Fransa təcrübəsindən faydalanmaqda maraqlı olduğumuzu ifadə etdik.  Qürur duyulası faktdır ki, dövlətimizin başçısının məqsədyönlü siyasəti nəticəsində Fransanın 40-a yaxın şirkəti ölkəmizdə uğurla fəaliyyət göstərir. O cümlədən Azərbaycan Məişət tullantıları zavodunu Fransa şirkəti tikir. Bakı metrosunun konseptual inkişaf planında Fransa şirkətləri də iştirak edirlər. Azərbaycanın ilk telekommunikasiya peykini orbitə Fransa şirkəti qaldırmışdır. Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafındakı müsbət tendensiya və Fransa-Azərbaycan Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti də ölkələrimiz üçün çox önəmlidir.

Yeri gəlmişkən deyim ki, əsasən kənd təsərrüfatı ilə məşğul olan Zərdab Rayonunun İcra Hakimiyyətinin başçısı olaraq, məni Azərbaycanla Fransa regionları arasındakı iqtisadi əməkdaşlıq proqramı çox maraqlandırdı, çünki bu sahədə əməkdaşlıq regionlarımızın iqtisadi inkişaf strategiyasına tam uyğundur və o cümlədən Zərdab royonunda çox yaxşı səmərə verər. Təsadüfi deyil ki, səfərimiz çərçivəsində ölkələrimiz arasında iqtisadi baxımdan bir-birini tamamlayan regionların müəyyən edilməsinin, Azərbaycan məhsullarının Fransa bazarında reallaşdırılmasının və marketinqlər istiqamətində elmi araşdırmalar aparılmasının vacibliyi xüsusi vurğulandı.

Səfərimiz göstərdi ki, Fransa ilə uğurlu sıx əməkdaşlıq hər iki ölkəyə böyük fayda gətirər. O cümlədən, qida məhsullarının istehsalı üçün müasir obyektlər və kənd təsərrüfatı kompleksləri, şərabçılığın inkişafında, alternativ enerji sahəsində layihələr reallaşdırılmasında, müasir turizm obyektləri yaradılmasında, digər bir çox sahələrdə fransız şirkətləri ilə əməkdaşlıq üçün respublikamızın, eləcə də Zərdab rayonunun böyük imkanları var.

Fransızlar bütün sahələrdə ölkəmizlə əməkdaşlığı genişləndirməkdə, təcrübə mübadiləsi aparmaqda maraqlı olduqlarını bildirirdilər. Ölkələrimiz arasında iqtisadi münasibətlərin inkişafında 1997-ci ilin dekabrında yaradılmış Azərbaycan-Fransa İqtisadi Komissiyası mühüm rol oynayır.

Ölkələrimiz arasındakı ticarət dövriyyəsinin, idxal və ixrac məhsullarının 2004-cü ilə nisbətən əhəmiyyətli dərəcədə artması da hər birimizin qəlbində qürur hissi yaradır. Fransadan respublikamıza radio və video avadanlıqları hissələrinin, kimya sənayesi məhsullarının, qara metal məmulatlarının, qaz sayğaclarının, tibb avadanlıqlarının, kənd təsərrüfatı məhsullarının, spirtli içkilərin idxalı, ölkəmizin Fransaya xam neft, reaktiv kerosin yanacağı, ehtiyat hissələri, meyvə şirələri, meşə fındığı ixrac etməsi, ölkələrimiz arasındakı enerji təhlükəsizliyi sahəsindəki əməkdaşlıq respublikamızın həm enerji potensialını gücləndirir, həm də iqtisadi inkişafını sürətləndirir.

Azərbaycanın “Cənub” qaz dəhlizi layihəsinin reallaşmasındakı rolu isə Fransa tərəfini çox məmnun edir və onlar bunun Avropanın enerji təhlükəsizliyinə də müsbət təsir göstərəcəyini deyir, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrin tərkib hissəsi kimi qiymətləndirirlər. Bir sözlə, Fransa Xəzər hövzəsinin enerji daşıyıcılarının Qərbə nəql edilməsini, TRACECA proqramını, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərini, Bakı-Tbilisi-Ərzurum qaz kəmərini, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsini Azərbaycanın beynəlxalq uğuru kimi dəyərləndirir, bu layihələri region ölkələrinin inkişafında və Cənubi Qafqazda sabitliyin bərqərar olmasında mühüm amil hesab edirlər. Bu silsilədən “Şahdəniz” yatağından hasil ediləcək Azərbaycan qazının Avropaya ixracı üçün alternativ marşrutların müəyyənləşdirilməsi fransızları çox maraqlandırır.

Təbii ki, Fransaya səfərimizdən danışarkən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan həmsədr ölkələrdən biri kimi, Fransanın bu məsələyə münasibəti də diqqət çəkir. Biz görüşlərimizdə münaqişənin həllinə dair aparılan danışıqlar prosesi barədə məlumat verdik, bu münaqişənin bütün regionun inkişafına, sabitliyə, təhlükəsizliyə mane olduğunu vurğuladıq. Qeyd etdik ki, münaqişənin həlli beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və ATƏT-in 1975-ci il Helsinki Yekun Aktının prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, ATƏT-in müvafiq qərarlarına, beynəlxalq hüququn prinsip və normalarına əsasən həll edilməlidir.

Görüşlərimizdə dedik ki, Azərbaycan Fransanın Minsk Qrupunun həmsədri qismində bu münaqişənin nizamlanmasında dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərindən çıxış edəcəyinə inanır. Onu da vurğuladıq ki, Fransada keçirilən bəzi beynəlxalq tədbirlərdə, eləcə də bir sıra nəşrlərdə qondarma “Dağlıq Qarabağ respublikası”nın müstəqil dövlət kimi təqdim edilməsi bizi narahat edir və belə halların qarşısının alınması və təkrarlanmaması üçün Fransa XİN-i müvafiq addımlar atmalıdır.

Səfərimiz Azərbaycan–Fransa parlamentlərarası əlaqələrinin daha da genişləndirilməsinin vacibliyinə diqqəti bir daha cəlb etdi. Ölkələrimizin parlamentlərindəki dostluq qruplarının qarşılıqlı səfərlərinin təşkili, parlament işi sahəsində təcrübə mübadiləsinin də hər iki tərəf üçün faydalı ola biləcəyi deyildi.

Qrupumuzun üzvləri görüşlər zamanı bildirdilər ki, Azərbaycan “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO, eləcə də Avropa strukturları ilə əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərir, ölkəmiz beynəlxalq terrorçuluğa, separatçılığa, narkotiklərin qeyri-qanuni dövriyyəsinə, transmilli mütəşəkkil cinayətkarlığa, korrupsiyaya, insan alverinə, qeyri-qanuni silah alverinə qarşı birgə mübarizəni yüksək qiymətləndirərək, bu mübarizədə BMT-nin rolunun gücləndirilməsini alqışlayır. Azərbaycan Avropa və Avro-Atlantik qurumlara inteqrasiyasını, o cümlədən Avropa İttifaqı ilə əlaqələri gücləndirməyə ciddi önəm verir və bu istiqamətdə Fransanın dəstəyinə ümid edir.

Fransa–Azərbaycan dostluq münasibətlərinin ən mühüm təzahürlərindən biri də 2014-cü il sentyabrın 19-28-də Parisin San Sülpis meydanında “Azərbaycan şəhərciyi”nin təşkil olunması, bu şəhərcikdə ölkəmizin tarix və mədəniyyət, turizm imkanlarının tərənnümünə həsr olunan sərgilər keçirilməsi, sərgidə ölkəmizin birinci xanımı Mehriban Əliyevanın iştirak etməsi olmuşdur.

Fransanın Azərbaycanla mədəni əlaqələrindən danışarkən, bu əlaqələrin genişlənməsində 1990-cı ildə Parisdə təsis edilmiş “Azərbaycan evi” Assosiasiyasının, Strasburqdakı Azərbaycanla Mədəni Əlaqələr Cəmiyyətinin, həmin şəhərdəki Azərbaycan Kültür Mərkəzinin, Paris “Azərbaycan evi”nin, Strasburqdakı Azərbaycanlı Tələbələr Assosiasiyasının, Fransa-Azərbaycan Assosiasiyasının, Strasburqdakı “Azərbaycan evi” Cəmiyyətinin və Fransadakı Azərbaycanlıların Diaspor Mərkəzinin çox səmərəli və məqsədyönlü fəaliyyətləri də qeyd edilməlidir.

Nümayəndə heyətimizin Fransaya səfəri gedişində bu ölkənin şəhərlərində milli memarlıq ənənələrinin qorunub yaşadılması, milli və müasir memarlıq üslubunun uğurlu sintezi, o cümlədən Paris şəhərində qədimliyin və müasirliyin vəhdəti, Paris küçələrinin birinin Bakı şəhərinin memarlıq üslubuna çox bənzəməsi diqqətimizi xüsusilə cəlb etdi.

Bir daha deyim ki, Fransada olduğumuz günlərdə bu ölkənin zəngin tarixi keçmişi, bugünü, kənd təsərrüfatı, sənayesi, mədəniyyəti, qədim və müasir memarlığı, digər sahələrdəki uğurları ilə əyani tanış olduq. Səmimi və mehriban insanların yaşadığı bu çoxmillətli ölkədən xoş təəssüratla ayrıldıq. Qarşıya məqsəd qoyduq ki, bizə uzaq, uzaq olduğu qədər də yaxın olan Fransada yaxşı nə varsa, doğma Azərbaycanımızda, o cümlədən Zərdab rayonunda tətbiq edək, həyata keçirək, sevimli diyarımızı daha da gözəlləşdirək.

Fransada keçirdiyimiz görüşlərdə nümayəndə heyətimizin rəhbəri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Vəfadar Bağırov bu ölkədə səmimi qəbul olunmağımıza görə təşəkkürünü bildirərək, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasəti nəticəsində Azərbaycanın qazandığı nailiyyətlərdən danışdı, son illər iqtisadi cəhətdən sürətlə inkişaf edən ölkələrdən biri olduğunu dedi.

Yeri gəlmişkən onu da deyim ki, Prezident İlham Əliyev bizi bu səfərə göndərərkən, Fransanın önəmli təcrübəsindən bəhrələnməyi tövsiyə etmişdi. Əlbəttə, başqa həmkarlarım kimi, mən də Fransadan yeni layihələrlə qayıtdım və həmin layihələr əsasında Zərdabda da şəhəri daha da gözəlləşdirəcək yeni binalar inşa etdirmək fikrindəyik.

Bundan əvvəl mən möhtərəm Prezidentimizin təşəbbüsü və dəstəyi ilə Avstriyada, sonra isə İspaniyada işgüzar səfərdə olmuş, həmin ölkələrdə gördüyüm yaxşı nə varsa, onları doğma Zərdabımızda–Həsən bəy Zərdabi yurdunda tətbiq etməyə çalışmışam. Fərəh hissilə demək istəyirəm ki, bu gün Zərdab şəhərinə xüsusi gözəllik verən Heydər Əliyev Mərkəzinin əzəmətli binası Avstriya parlamenti binasının layihəsi əsasında, Yeni Azərbaycan  Partiyası Zərdab rayon təşkilatının yeni binası isə İspaniya parlamenti binasının  eskizləri əsasında, əlbəttə ki, xeyli yığcam formada inşa edilmişdir. Eyni zamanda, Zərdab şəhərindəki Gənclər Mərkəzinin binası da İspaniyadan gətirdiyim layihə əsasında tikilmişdir.

Ümumiyyətlə isə təkcə bu ilin 9 ayında Prezident cənab İlham Əliyevin diqqət və qayğısı ilə Zərdab rayonunda da sosial-infrastruktur layihələri icra olunub, 246 daimi iş yeri yaradılıb. Körpükənd və Otmanoba kəndlərində məktəb binaları, Böyük Dəkkə və Dəkkəoba kəndlərində uşaq bağçaları əsaslı təmir edilib. Heydər Əliyev Fondunun məktəbəqədər tərbiyə müəssisələrinin inkişafı proqramı çərçivəsində hər biri 50 yerlik olmaqla, 2 körpələr evi-uşaq bağçasının tikintisi davam etdirilir. Rayon mərkəzi xəstəxanasının yenidən qurulması uğurla davam etdirilir. Şəhərin mərkəzi küçələrində, Heydər Əliyev parkında və prospektində quruculuq, abadlıq, təmir-bərpa işləri aparılır. Yollara asfalt döşənir. Uzunluğu 2 kilometrə qədər olan Rəhim bəy Məlikov küçəsində yol asfaltlanıb.

Milli Təhlükəsizlik Nazirliyi Zərdab rayon şöbəsinin inzibati binasında son tamamlama işləri gedir. Vergilər Nazirliyinin vergi ödəyicilərinə regional xidmət mərkəzinin və Kənd Təsərrüfatı Nazirliyinin Zərdabda yaradılacaq idarəsi üçün yeni inzibati binanın inşasına başlanılıb. Əhalinin içməli su tələbatını ödəmək üçün 17 ədəd modul tipli sutəmizləyici qurğu, 194 bulaq istifadəyə verilib. 528 abonent mavi yanacaqla təmin olunub. Bu, görülən işlərin yalnız bir hissəsidir.

Fransada da görüb-götürməli çox tikililər gördük və Prezident cənab İlham Əliyevin qayğısı sayəsində ən yaxın gələcəkdə Parisdəki binaların oxşarını Zərdabda da tikəcəyik.

Azərbaycan üçün gərəkli olan xarici təcrübə ilə yaxından tanış olmağımıza şərait yaratdığı üçün bir daha möhtərəm Prezidentimiz  İlham Əliyevə sonsuz minnətdarlığımızı bildirir və  əmin edirik ki, Fransanın qabaqcıl təcrübəsindən lazımınca istifadə edərək, dövlətimizin başçısının rəhbərliyi altında və dəstəyi ilə tərəqqi aşiqi Həsən bəy Zərdabi yurdunun daha da inkişaf edib çiçəklənməsi naminə bütün qüvvələrimizi səfərbər edəcəyik.

Lütvəli BABAYEV,

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı, iqtisad elmləri namizədi

1 comment

  1. Cenab Bascini Fransa seferinin uqurla kesmesi munasibetile tebrik edirem. Ona novbeti illerde de bele gozel xarici seferler arzu edirem.Inanriq ki, olke rehberinin diqqet qayqisi ile Lutveli muellimin bu seferlerinin ardi olacaq ve xarici olkelrin tecerubesinden istifade edrek rayonumuzun inkisafi ucun yeni layiheler heyata keciriliecekdir.

Comments are closed.