Baxmaq hələ görmək deyil

0
217
kainatTəsəvvür edin ki, bir dəstə uşaq məktəbdən qaçır. Və siz də yolda onlarla rastlaşıb məktəbin, elmin nə qədər gözəl, gərəkli olduğunu izah edirsiniz. 
Onlar da hamısı bir səslə dediklərinizi təsdiq edirlər və söyləyirlər ki, elə sənsiz də bunları bilirik. Əgər siz “Bir halda ki, bilirsiniz, daha məktəbdən niyə qaçırsınız?” -deyə soruşsanız, hərəsi bir bəhanə gətirəcək. İndi özünüz təsəvvür edin: elmin də, məktəbin də insan üçün çox böyük fayda gətirdiyini bilən şagird məktəbdən qaçırsa, onda elmin nə qədər gərəkli olduğuna inanmasından nə fayda?

İbadət də belədir. İnanmıram ki, bu gün bir soydaşımızı yolundan saxlayıb, Allah-Təala haqqında bir neçə şey soruşmaq istəsən, heç tərəddüd etmədən “Allaha da qurban olum, Onun kitabına da” deyəcək. Amma Allahın buyurduqlarını yerinə yetirmək məsələsi ortaya gələndə dərsdən qaçan şagird kimi bir şey uyduracaq.

Qurani-Kərim bütün elmlərin açarıdır. İnsan ağlının məhsulu deyil, Allah kəlamıdır. Bütün dərdlərin dərmanıdır. Biz bunu bilirik, amma nə edəsən ki, bu müqəddəs kitab bizə görə ancaq ölü üstündə oxumaq, bir də dolabın ən yuxarı yerində saxlamaq üçündür. Təsəvvür edin ki, birisi xəstələnib və həkimin yanına gedir. Həkim də onun diaqnozunu müəyyənləşdirib resept yazır. Xəstə də həmin resepti cibinə qoyub evinə gedir və həmin reseptdən şəfa gözləyir. Müqayisə edin: cibdə gəzdirilən reseptin o xəstəyə nə qədər faydası varsa, oxunmayan, kəlmə-kəlmə, hərf-hərf öyrənilməyən, hər sirrin açarı, hər dərdin dərmanı olduğu halda bir küncdə saxlanan Qurani-Kərimin də bizə o qədər xeyri var.

Bu yazının adını da elə bir az öncə sadaladığımız hallardan götürmüşük. Ulularımız buyurublar: “Bilmək başqadır, anlamaq başqa; baxmaq başqadır, görmək başqa”.

Baxmaq azdır, görməyi bacarmaq lazımdır. Görmək də yetməz, gördüyünü anlamaq lazımdır. Heç anlamaq da kifayət deyil, anladığını, doğru bildiyi həyatına daşımaq, ömrünü onunla yaşamaq, o həqiqəti öz həyatı ilə dünyaya nümayiş etdirmək lazım. Həqiqətin yazı taxtası olmaq lazım, həqiqət sənin həyatına yazılsın, hər əməlindən görünsün ki, artıq sözə ehtiyac qalmasın. Baxıb görənləri, görüb anlayanları, ancaq anladığını yaşamayanları klassik ədəbiyyatda, sizdən çox-çox üzr istəyirəm, kitab yüklü ulaq adlandırırlar.