Ananın bədduası

0
54
qəmli-anaAllahdan aşağı bu dünyada ananın bircə oğlundan savayı kimsəsi yoxuydu. 
Evin kişisi düşmən basqınına qarşı döyüşdə şəhid olmuşdu. Ana körpəsini bağrına basıb böyütmüş, bu işıqlı dünyada ondan başqa kimsənin üzünə baxmamışdı. Oğlu da, maşallah, böyüyüb halal, zəhmətkeş, fədakar bir gənc olmuşdu. Hər səhər günəş doğmamış namazını qılıb evdən çıxar, axşama qədər əlləşib-vuruşar, qazandığını da gətirib anasının ovcuna qoyardı.

Yenə yorğun gəlmişdi, əl-üzünü yudu, süfrəyə əyləşib bir-iki tikə yedi, “əlhəmdüllah” deyib çəkildi, mütəkkəyə söykəndi və elə o saat da yuxuya getdi. Anası yüngülcə qolundan tutub silkələdi və:

– Dur, gözümün işığı, dur namazını qıl, sonra yatarsan,- dedi. O da yarıyuxulu cavab verdi:

– Yaxşı da, ay ana, indi dururam, qoy bir az gözümün acısını alım.

Ana mətbəxə keçdi, qab-qaşığı yuyub, yerbəyer elədi və dönəndə oğlunun hələ də durmadığını görüb hirsləndi. Saata baxdı, namaz vaxtının ötməsinə az qalırdı, bir daha çağırdı, oğlu isə durmaq istəmirdi. Ana gəlib oğlunun başının üstündə durdu, əllərini qaldırıb içindən gələn yanğılı bir səslə dua eləməyə başladı:

– Ey Böyük Allahım, Sən özün bilirsən ki, bu işıqlı dünyada mənim Səndən və bu oğlumdan başqa bir sığınacağım, güvənəcəyim yoxdur. İndi Özün görürsən ki, nə qədər çağırsam da bu oğlum qalxıb Sənin əmrini yerinə yetirmir, namazını qılmaq istəmir. Sənin sözünə baxmayan, Sənin yolunu tutmayan oğul mənə də lazım deyil, bütün gücünü dünya işlərinə verib, namaza qalxa bilməyən bu xeyirsiz övladı al məndən, Allahım!

Ananın köksündən qopan bu fəryad kəsilməmiş oğul yerindən sıçrayıb dəstəmaz almağa qaçdı.