Adam var, Həccə gedir; adam var, Həcc ona gəlir

2
71

Həcc ziyarəti

Abdullah bin Mübarək Həcc ziyarətindən qayıdanda yolda yatır. Yuxusunda göydən mələklərin endiyini görür və onların söhbətini eşidir:
– Mələklərdən biri o birinə deyir ki, Şamda Əli bin Müvəffəq adlı birisi var. O, bu il Həccə gəlməsə də, Həcc ziyarəti qəbul olundu və üstəlik, Allah-Təala onun ziyarəti hörmətinə bütün zəvvarların da ziyarətlərini qəbul etdi.

Abdullah bin Mübarək yuxudan ayılır və yönünü dəyişərək Şama üz tutur. Gəalib Əli bin Müvəffəqin evini tapır. Qapını döyür. İçəridən bir adam çıxır və tanış olurlar. Abdullah gördüyü yuxunu ona danışır və soruşur ki, görəsən hansı əməlinə görə Allahın bu cür lütfünə, mərhəmətinə layiq görülüb.

Əli bin Müvəffəq deyir:

– Mən pinəçiyəm, 30 ildir ki, alnımın təri ilə qazandığım pullardan qəpik-qəpik yığıb Həcc ziyarətinə getmək istəyirdim. Bu il hər şey tamam olmuşdu və mən ziyarətə gedəcəkdim. Yoldaşım hamilə idi, necə oldusa, qonşudan bişmiş ət iyi gəldiyini hiss etdi və mənə dedi ki, get bu yeməkdən bir tikə də mənə gətir. Qonşunun qapısını döydüm, xanımın istəyini söylədim. Qonşu başını aşağı salıb hönkür-hönkür ağladı və dedi:

– Ey qonşu, biz uzun illərdir burda qonşuyuq. Bilirəm ki, siz çox təmiz, həyalı, Allahdan qorxan, halallıqla yaşayan insanlarsınız. Mən o ətdən sizə verə bilmərəm. Uşaqlarım üç gündür ki, heç bir şey yemirdilər. Mənim də nə işim-gücüm var, nə də əldə-ovucda sərmayəm. O ət ölmüş heyvanın bir parçasıdır. Əlacım kəsildi, dedim körpələr acından ölməsin. Sizin kimi təmiz insanlara o ət halal olmaz.

Mən özümü saxlaya bilmədim, ağlaya-ağlaya evə döndüm və 30 il boyunca Həcc ziyarəti üçün yığdığım pulları aparıb qonşuma verdim və dedim ki, görünür mənim Həccim bu imiş.

Abdullah bin Mübarək Əli bin Müvəffəqi qucaqlayır və üstəlik də, onun Həcci hörmətinə builki bütün zəvvarların Həccinin qəbul olunduğunu müjdələyir.

Görünür ki, Allah-Təala bəzən də Həcci sevdiyi qullarının ayağına aparır.

2 ŞƏRH

Comments are closed.