Zərdablı müəllimlər “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliklərinin müzakirəsində iştirak ediblər

0
29

Zərdab-müəllim
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Ağcabədi regional bölməsinin təşkilatçılığı ilə cari ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında Azərbaycan dili və ədəbiyyat fənlərindən istifadə edilmiş test tapşırıqlarının və yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış VIII sinif “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliklərinin müzakirəsi aparılıb.

Zerdab.com xəbər verir ki, Ağcabədi şəhər 3 nömrəli məktəb-liseydə keçirilən müzakirələrdə Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Füzuli, Beyləqan, Zərdab, Laçın, Xocavənd rayonlarının ümumi və tam orta məktəblərinin müvafiq fənn müəllimləri, metodistlər iştirak ediblər.

Seminarı TQDK-nın Ağcabədi regional bölməsinin müdiri Samir Əliyev açıb.

TQDK-nın sektor müdiri Cavanşir Orucov qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının formaları və yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış VIII sinif dərslik komplektlərinin təhlili ilə bağlı görülən işlərdən danışıb.

Sonra 2015-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının elmi‑metodiki baxımdan təhlili haqqında məlumat verilib, yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış VIII sinif “Azərbaycan dili” və “Ədəbiyyat” dərslik dəstlərinin monitorinqi haqqında rəy təqdim olunub.

Müzakirələrdə ümumi və tam orta məktəblərinin fənn müəllimləri və metodistlər fikirlərini bildirib, təkliflər veriblər.