Zərdabda yaşayış binasının kanalizasiya suyu məktəbin həyətinə axıdılır

0
24

Zərdabda əllillər üçün tikilmiş binanın kanalizasiya suyu şəhər 3 saylı orta məktəbin həyətində biabırçı vəziyyət yaradıb. Bolge.info xəbər verir ki, 2007-ci ildə istifadəyə verilmiş 4 mərtəbəli binanın kanalizasiya suyu məktəbin həyəti ilə arx vasitəsilə kanala axıdılır. Xəstəlik təhlükəsi həm şagirdlər, həm də məktəb yaxınlığında yaşayan sakinlər üçün qorxulu vəziyyət yaradıb. Üstüaçıq arxın dəhşətli iyindən “məst” olmamaq mümkün deyil. Şagirdlər üçün olan ayaqyolunun məhz həmin arxın yaxınlığında yerləşməsi isə məktəbliləri arxa yıxılmaq təhlükəsi ilə üz-üzə qoyur.

Ötən il kanalizasiya suyunun borular vasitəsilə kanala axıdılması üçün işə başlanılsa da, sonradan hansısa səbəbdən yarımçıq dayandırılıb. Hətta boruları basdırmaq üçün qazılmış yeni arx da açıq vəziyyətdə qalıb.

Deyilənə görə rayonun icra hakimiyyəti başçısı L.Babayev də məktəbin həyətində olmuş və yaranmış iyrənc və antisanitar vəziyyətlə bağlı müvafiq idarə rəhbərlərinə iradlarını bildirmişdir. Lakin görünən odur ki, başçının iradı da yarımçıq işi başa çatdırmaq üçün yetərli olmayıb.

Məsələ ilə bağlı Zərdab rayon Mənzil İstismar Sahəsi ilə əlaqə saxladıq. Sahə rəisi Kamil Ağayev Bolge.info-ya bildirdi ki, problemdən xəbərdardır:

“Sakinlərlə bu barədə söhbətimiz olub. Əlimizdən gələni edəcəyik ki, ilin sonuna qədər problemi həll edək”

Xatırladaq ki, sahə rəisi bu vəzifəyə bir neçə ay öncə təyin olunub. Yeni rəis sələfinin yarımçıq saxladığı işi başa çatdıra bilsə, yəqin ki, bu, uşaqlar üçün ən yaxşı Yeni il hədiyyəsi olacaq.