Zərdablı qaçaq Sadayı ölümdən qurtaran qadın

0
26064

Səfərəliyeva Tüfrə Səfəralı qızı 1885-ci ildə Zərdab rayonunun Təzəkənd kəndində anadan olub. 1935-ci ildə Zərdabda ilk qadın olaraq Təzəkənd kəndindəki Kaqanoviç adına kolxoza sədr təyin edilib. Kasıb ailədən olub, kasıblara, fağırlara həmişə kömək edib. 1930-cu illərdə Zərdab ərazisindəki meşə və bağlarda gizlənən qaçaq Saday bəy bir gecə Türfəgilin həyətinə gəlir ki, bolşeviklərlə kolxoz sədri işləməyə cürət edən bu qadını öldürsün. Saday bəy həyətə girəndə həmişə ayıq-sayıq olan Türfə arvad onu qarşılayır və deyir ki, NKVD (xalq daxili işlər komissarlığı, ÇEKa) sənə qarşı pusqu qurub, bu saat gələcəklər, tez tövlədə gizlən…

Az keçmiş silahlı milis dəstəsi həyətə girir və deyirlər ki, gizli agentlərimiz Saday bəyin kəndə girdiyini, bu tərəflərdə olduğunu xəbər verdilər. Qorxuruq qəfil hücum edib səni öldürər…

Qadın cavab verir ki, Saday bəy mən olan kəndə cürət edib gəlməz, bunu heç ağlınıza da gətirməyin…

Milislər gedirlər və Saday bəy tövlədən yox, ot tayasının altından çıxır və deyir ki, sənin bu qədər mərd və kişi qeyrətli qadın olduğunu bilməmişəm.

Mən səni öldürməyə gəlmişdim, amma sən mənə həyat bağışladın, sənə bir can borcluyam, əvəzini nə ilə ödəyə bilərəm? T. Səfərəliyeva deyir ki, bircə xahişim var ki, bir də bizim kəndə gəlmə, camaatımızı incitmə…

Saday bəy bir daha Təzəkəndə üz tutmur. T. Səfərəliyeva 1968-ci ildə vəfat edib.

Allah rəhmət eləsin.

Fərasət Bilalov