
Zərdabda əhalinin kütləvi tibbi müayinəsi müvəffəqiyyətlə davam edir və artıq 12 yaşayış məntəqəsində bu humanist aksiya başa çatıb.
Zerdab.com saytı xəbər verir ki, Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-a bildirilib ki, aksiya çərçivəsində 18 yaşdan yuxarı 35 min 886 nəfər tibbi müayinədən keçməlidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən aksiyadan indiyədək 14 min 311 nəfər yararlanıb. Onlardan 365 nəfər ambulator, 12 nəfər stasionar müalicəyə cəlb edilib. 12 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb, 10 nəfər isə Bakı şəhərinə, ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.
Əhalinin tibbi müayinəsi lazımi şərait yaradılan rayon mərkəzi xəstəxanasında, xəstəxananın poliklinika şöbəsində, habelə Körpükənd və Məlikli kənd sahə xəstəxanalarında aparılır. Yaşayış məntəqələrinin sakinləri, idarə və təşkilatların kollektivləri tərtib olunan qrafik əsasında hər gün məntəqələrə gəlir, təşkil olunan həkim briqadaları tərəfindən müayinə edilirlər. Gəlmək imkanı olmayan ahıl insanların müayinəsi xüsusi səyyar briqada tərəfindən evlərdə aparılır.








