Zərdabda toyda qeyri-adi cinayət: “Ağacdan düş, yoxsa…” – Təfərrüat

0
77
zerdab-vakansiya-isci-axtarilir

Zərdab rayonunda toy məclisində qanlı cinayət törətməkdə təqsirli bilinən 1985-ci il təvəllüdlü Ruslan Abdullayevin məhkəmə prosesi başa çatıb.

Zerdab.com saytı teleqraf.com-a istinadən xəbər verir ki, Ağdaş rayonu Yuxarı Ləki kəndində yaşayan Ruslan Abdullayev tanışı Bəhrəm Məmişovun dəvəti ilə onun toy məclisində iştirak edib.

Zərdab rayonu, Bıçaqçı kəndində baş tutan toy məclisində Ruslan Abdullayev sərxoş olub. O, sərxoş vəziyyətdə alça ağacına çıxıb.

Bu zaman ona “ağacdan düş, yıxılarsan, peşmançılıq olar, spirtli içki də içmisən, sərxoşsan” deyən Zamin Salikova sərt cavab qaytarıb. O, Zamin Salikova “ağacdan düşməsəm, nə edərsən?” deyə bildirib.

Ruslan Abdullayev ağacdan düşərək, ona bıçaqla xəsarətlər yetirib. Yaralı xəstəxanaya yerləşdirilib, vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Ruslan Abdullayev polis əməkdaşları tərəfindən yaxalanıb.

Onun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.

Cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Hakim Natiq Əliyevin sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.

Ruslan Abdullayev Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib və o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham olunması sübuta yetirilməyib və həmin maddə üzrə ona bəraət verilib.

Ruslan Abdullayev hökmdən narazı qalıb və apelyasiya şikayəti verib. O, həmçinin apelyasiya şikayətinin bərpa olunması və şikayətinə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə müraciət edib.

Hakim Gündüz Abbasovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb və sonda təmin olunmaması barədə qərar qəbul edilib.

Ruslan Abdullayev kasasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada onun şikayətinin rədd edilməsi barədə qərar qəbul edib.