Milli Məclisdə 2021-ci ilin dövlət büdcəsinin müzakirələri zamanı millət vəkili, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva çıxışı edib.
Zerdab.com saytı deputatımızın çıxışını təqdim edir:
“Təşəkkür edirəm, hörmətli Sahibə xanım. Hörmətli hökümət üzvləri və deputat həmkarlar!
Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev və Birinci xanım, Birinci vitse-Prezident xanım Mehriban Əliyeva ötən gün Qubadlıya və Zəngilana səfər etdilər. Bu gediş də, işğaldan azad olunmuş digər torpaqlarımıza səfərləri kimi, tarixi Gediş, tarixi Qayıdış idi. Bu səfərlər Qarabağın bizim olduğunu, Qarabağın Azərbaycan olduğunu və kimsənin bundan sonra ona əsla sahiblənə bilməyəcəyini bir daha dünyaya nümayiş etdirdi. Azərbaycanın dəmir yumruqlu, qətiyyətli, yenilməz Ali Baş Komandanı, nəyi, nə zaman, necə etmək lazım olduğunu hamıdan yaxşı bilən güclü liderinin olduğunu dünya bir daha gördü və anladı! Bu ölçüyəgəlməz qüruru, sevinci bizə yaşatdığı üçün Xilaskar Prezidentimizə, Müzəffər Ali Baş Komandanımıza borcluyuq.
Müzakirə etməkdə olduğumuz “2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin təhlili də ən gözlənilməz, fövqəladə şəraitdə belə ölkəsini və xalqını həmin çətin və gözlənilməz məqamlardan xilas etmək iqtidarında olan, mümkün olmayanı da mümkün etməyi bacaran güclü, qüdrətli bir dövlətin uğurlarının mahiyyətinin məcmusudur. Layihədə Qarabağımızın yer alması əlbəttə ki, qürur qaynağımızdır.
Ölkə Prezidenti cənab İlham Əliyev Füzuliyə tarixi səfəri zamanı söylədi ki: “Bu gün artıq biz quruculuq işlərinə başlamışıq. Qələbə günündən 8 gün keçəndən sonra Füzuli-Şuşa avtomobil yolu çəkilir. Bu yol, imkan verəcək ki, Şuşaya rahat gedib gələ bilək” deyən ölkə Prezidenti bunu da qeyd etdi ki, düşmən tərəfindən vurulmuş ziyan hazırda hesablanır və dəqiq hesablanacaq”.
Bəli, şanlı Vətən müharibəsindən dərhal sonra bu torpaqlarda böyük quruculuq işləri başlanıb. Lakin Ermənistan, bütün törətdiyi cinayətlərə görə cavab verməlidir və verəcəkdir. Ermənistanın vurduğu maddi və mənəvi ziyan təzminat şəklində Azərbaycana ödənməlidir. Onların yıxıb, dağıdıb, viran qoyub, yerlə yeksan etdikləri ərazilərimizin, evlərimizin, tarixi və mənəvi abidələrimizin, infrastrukturun bərpası böyük vəsait tələb edir. Əlbəttə ki, Azərbaycanın, Azərbaycan büdcəsinin bütün bu dağıntıları bərpa edib, Qarabağımızı yenidən qurmaq imkanı və gücü var.
2021-ci ilin büdcə layihəsi yeni reallıqlar, Qarabağın yenidən qurulması reallıqları altında, həm də eyni zamanda COVID-19-un yaratdığı narahatlıqların, yaşatdığı problemlərin də mövcud reallıqları altında hazırlanıb. Və biz çox fərqli bir büdcəni müzakirə edirik. Bu, içərisində, səhifələrində Qarabağın olduğu, bütöv Azərbaycanın büdcəsidir! Bu, Qələbə büdcəsi, Əzmkarlıq büdcəsi, Dəmir Yumruq büdcəsidir!
Dünən də səsləndi. Mən də bütün imkan və resursların daha çox Dağlıq Qarabağımızın dirçəldilməsinə yönəldilməsini alqışlayıram. Bizim seçicilərimiz də eyni fikirdədirlər. Mən bir maraqlı fakta diqqət çəkim. 44 gün ərzində şəxsən mənə məhəlli, fərdi xarakterli heç bir müraciət demək olar ki, daxil olmadı. İnsanımız öz şəxsi, rayon səviyyəli xahişlərini və tələblərini sanki unutmuşdu. Hər kəs sadəcə bir məqsədə köklənmişdi: “Qarabağ! Döyüşlər! Ordumuz! Prezident! Və Zəfər!” Bu anlayışa, həmrəyliyə və vətənpərvərliyə görə bütün seçicilərimə təşəkkür edirəm.
Fürsətdən istifadə edərək, deputatı olduğum Zərdab və Ucar rayonları sakinlərinin böyük təbriklərini, təşəkkürərini əziz Prezidentimizə bu tribuna vasitəsilə çatdıraraq, eyni zamanda onların çoxdan bəri həllini gözlədikləri və daha əvvəlki illərdə də bir-neçə dəfə səsləndirdiyim, lakin hələlik həllini tapmamış ən vacib məsələlərin bir hissəsinə toxunmaq məcburiyətində olduğumu bildirmək istəyirəm.
Zərdab rayonu üzrə:
1.Tikintisi illər əvvəl başladılmış, lakin sonradan yarımçıq qalmış və bir neçə dəfə səsləndirdiyimiz kanalizasiya işlərinin nəhayət başlanması;
2.Ağabağı, Gəndəbil, Sileyli kəndlərinin və Alıcanlı kəndinin Cilovxanlı adlanan hissəsinin qazlaşdırılması;
3.Körpükənd kəndini əsas yolla birləşdirən 4.5 km-lik yolun əsaslı təmiri;
Ucar rayonu üzrə:
4.Bərgüşad və Lək kəndlərində içməli su probleminin aradan qaldırılması;
5.Bərgüşad kəndini Ucara birləşdirən və bərbad vəziyyətdə olan yolun əsaslı təmir edilməsi;
6.Bərgüşad kəndində istifadəsi çoxdan ötmüş elektrik dirəklərinin yenilənməsi;
7.Eyni zamanda hər iki rayonun əkinəyararlı sahələrinin suvarılmasında yaşanan böyük problemlərin aradan qaldırılması ilə bağlı xahiş və təkliflərimizin 2021-ci ildə həyata keçiriləcək iqtisadi layihələrə daxil edilməsini, daha əvvəlki illərdə proqrama salınan, lakin hələlik başladılmayan layihələrin isə mövcud imkanlar daxilində sürətləndirilməsini rica edirik.
Bir daha layihənin hazırlanmasında əməyi keçən bütün hökümət üzvlərinə təşəkkür edir və layihəyə səs verəcəyimi bildirirəm”.