Həsən bəy Zərdabi İrs Mərkəzi və Zərdab rayon Heydər Əliyev Mərkəzi birgə maraqlı layihəyə başladı

0
78

Həsən bəy Zərdabi İrs Mərkəzi və Zərdab rayonu Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı iləHəsən bəy Zərdabi İrs Mərkəzi, Zərdab rayonu Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Türk dünyasının xilaskarları” adlı layihəyə start verilib.

Mərkəzdən Zerdab.com saytına verilən məlumata görə layihə çərçivəsində “Türk dünyasının xilaskarları – müstəqillikdən zəfərə doğru” adlı silsilə onlayn konfransların keçirilməsi nəzərdə tutulur. “Bir millət iki dövlət – Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” şüarı altında onlayn formatda keçirilən layihənin ilk konfransı Türkiyədən qatılan araşdırmacı yazar Qazi Karabulut, Ankara Hacı Bayram Veli Universiteti Asiya Araşdırmalar Mərkəzinin professoru dr. Sinan Demirtürk , araşdırmacı yazar Önder Karakartalın iştirakı ilə gerçəkləşdirilib.

“Türk dünyasının xilaskarları – müstəqillikdən zəfərə doğru” mövzusunda keçirilən konfrans Samux, Astara, Sabirabad, Ağdaş, Qax, Şabran, Göyçay, Ucar, Salyan, Şirvan, Tovuz, Hacıqabul, Bakı şəhəri Yasamal rayonu Heydər Əliyev Mərkəzlərinin rəhbərləri və nümayəndələrinin birgə iştirakı ilə Zərdab rayonu Heydər Əliyev Mərkəzinin rəhbəri Könül Rəhimovanın mərkəz haqqında təqdimatı, ümumilli lider Heydər Əliyevin irsinin təbliği istiqamətində görülən işlər və gələcək planlar haqqında çıxışı ilə başlanıb. Həsən bəy Zərdabi İrs Mərkəzinin həmtəsisçisi və sədri Seymur Bayramov Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin strateji əhəmiyyəti, birgə əməkdaşlıq müstəvisində görüş və konfransların müsbət nəticələri haqqında danışıb və gələcək mühüm layihələr haqqında qonaqlara geniş məlumat verib. 44 günlük Vətən müharibəsi zamanı qardaş Türkiyə Cümhuriyyətinin hökumət və qeyri-hökumət təşkilatlarının mənəvi dəstəyi, Azərbaycanın haqq səsinin, erməni vandalizm və terror cinayətlərinin dünyaya çatdırılmasında mühüm təsiri haqqında danışan Seymur Bayramov strateji birgə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi, informasiya müharibəsində ortaq diaspora fəaliyyəti müstəvisində həqiqətlərin dünyaya çatdırılmasının zəruriliyindən bəhs edib.

S. Bayramov ümumilli lider Heydər Əliyevin əzmi və iradəsi, xaqlımızın ona olan etimadı ilə başlanan xilaskarlıq missiyasının cənab Ali Baş Komandan İlham Əliyevin gücü və qətiyyəti nəticəsində zəfərlə nəticələnməsini xüsusi qeyd edərək bu şərəfli missiyanın sağlam şəkildə gələcək nəsillərə  ötürülməsinin vacibliyini vurğulayıb.

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün həyat və yaradıcılığını daim araşdıran və təbliğ edən yazar Qazi Karabulut mühüm tarixi hadisələrə şərh verərək hər iki liderin qarşılaşdığı çətinliklər haqqında danışıb və milli-mənəvi dəyərlərimizin təbliğində məhz xilaskar tarixi şəxsiyyətlərin həyatının daim təbliğ olunmasının əhəmiyyətini qeyd edib. Milli kimlik, qurtuluş və dirçəlişimizin banisi olan liderlərin həyat yolu və hədəflərinin türk millətinin işıqlı sabahı üçün çıraq rolunu oynadığını qeyd edib. Azərbaycan və Türkiyə dostluq və qardaşlıq əlaqələrinin əbədi olacağını əminliklə söyləyən yazar bu əlaqələlərin dünyaya örnək münasibət olduğunu vurğulayıb.

Ankara Hacı Veli Bayram Universitetinin professoru dr. Sinan Demirtürk, tədqiqatçı-yazar Önder Karakartal, Samux rayonu Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Astara rayonu Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Sabirabad rayonu Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacızadə çıxış edərək layihənin gələcək uğurlu əməkdaşlıq əlaqələrin təmin olunmasında xüsusi əhəmiyyətindən, birgə tədbir və görüşlərin davamlı olmasının vacibliyindən bəhs ediblər.

 Şuşa şəhərində mədəni-ictimai tədbirlərin birgə keçiriliməsinin vacibliyi də qeyd olunub.

Qeyd edək ki, layihə çərçivəsində Türkiyə və Azərbaycan birgə əməkdaşlıq müstəvisində ümumilli lider Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün həyat və fəaliyyəti haqqında seminarlar təşkil olunacaq. Ümumilli lider Heydər Əliyevin xilaskarlıq missiyası, müzəffər Ali Baş Komandanmız cənab İlham Əliyevin qalibiyyəti haqqında da tanınmış ictimai-siyasi xadimlərin iştirakı ilə vebinarların keçirilməsi planlaşdırılır.

Zerdab.com