Azərbaycan dilində ismin qeyri-müəyyən hallarının yeni təsnifatı – ARAŞDIRMA

0
3636
Zərdab-muellim-İntiqam İsmayilov

Dilçilik elminin əsas bölmələrindən biri qrammatika bölməsidir. Bu bölmənin bir hissəsi olan morfologiya bölməsində öyrənilən nitq hissələri leksik məna ifadə edib-etməmək baxımından əsas və köməkçi nitq hissələri olmaqla iki yerə bölünürlər.

Əsas nitq hissələri də öz daxilində iki yerə bölünür:

  1. Adlar (isim) qrupu
  2. Feil qrupu

Adlar qrupuna isim, sifət, say, əvəzlik, zərf, ismi birləşmələr (birinci, ikinci, üçüncü növ və qeyri-təyini söz birləşmələri), feili sifət və feili sifət tərkibləri, məsdər və məsdər tərkibləri daxildir.

Feil qrupuna isə təsriflənən feillər, feili bağlama və frazeoloji birləşmələr daxildir.

Bildiyimiz kimi, bütün dünya, həyat və kainat maddi varlıqlardan ibarətdir. Başqa sözlə desək, həyatda mövcud olan hər şey isimdir. İnsan həyatda mövcud olmaqdan ötrü bu maddiyyatlardan istifadə edir. Bu maddiyyatı, yəni ismi əldə etməkdən ötrü bizə hərəkət, yəni feil lazımdır. Başqa sözlə desək, yaşamaq üçün bizə isim və feil mütləq lazımdır. Digər nitq hissələri bu prosesdə ikinci dərəcəli rol oynayır. Belə ki, bizə qidalanmaq üçün çörək, su, hava, meyvə və s. lazımdır. Bunların əlamət və keyfiyyəti o qədər də önəmli deyil. Yəni çörəyin ağ və ya qara, təzə və köhnə olması, suyun adı və yaxud bulaq suyu olması o qədər də ciddi məsələ deyil. Elə bu səbəbdəndir ki, isim adlar qrupunun başında, feil isə feil qrupunun başında durur.

Adlar qrupuna daxil olan nitq hissələri cümlə üzvü olmaqdan ötrü, cümlə yaratmaqdan ötrü yalnız ismə aid olan qrammatik şəkilçilərdən istifadə edir. Çünki isim qrupuna aid olan digər nitq hissələrinin özünəməxsus qrammatik şəkilçiləri yoxdur. Yalnız sifətin azaltma və çoxaltma dərəcələrini yaradan şəkilçilər qrammatik şəkilçilərdir ki, bunların da cümlənin yaradılmasında, cümlədəki sözlər arasında qrammatik bağlılığın yaradılmasında heç bir rolu yoxdur.

Feil də aparıcı nitq hissəsi olmaqla özünəməxsus qrammatik şəkilçiləri vardır ki, bunlardan da yalnız təsriflənən feillərdə təsdiq və inkar forması yaradarkən, şəxsə, kəmiyyətə və zamana görə dəyişərkən və s. hallarda istifadə olunur.

Azərbaycan dilində ismə aid cəmi dörd qrammatik şəkilçi vardır ki, bunlar cəm, mənsubiyyət, hal və xəbərlik şəkilçiləridir. Bu şəkilçilər sözün tərkibində yuxarıdakı ardıcıllıqla işlənir və bu ardıcıllıq heç vaxt pozulmur ki, bu da dilimizin iltisaqilik prinsipindən irəli gəlir.

Mənim fikrimcə, indiyə qədər olan elmi mənbələrdə ismin hal şəkilçiləri lazım olan qədər tam, geniş və müfəssəl araşdırılmamış, ismin bəzi hallarının vacib olan bir sıra xüsusiyyətləri diqqətdən kənarda qalmışdır.

Ona görə də mən bu yazımda həmin xüsusiyyətləri ətraflı araşdırmağa çalışacağam.

Adlıq hal

İsmin adlıq halı kim? nə? hara? suallarından birinə cavab verməklə ya şəkilçisiz, yəni başlanğıc formada, ya da şəkilçili, yəni cəm, mənsubiyyət və xəbərlik şəkilçilərini qəbul edərək bütün cümlə üzvləri: mübtəda, xəbər, sifətləşərək təyin, qoşmalarda birlikdə tamamlıq, təyin, tərzi hərəkət zərfliyi, xəbər, ayrılıqda qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan xitab rolunda çıxış edir.

Məsələn:

  1. Qarabağ Azərbaycandır – Mübtəda
  2. Azərbaycanın dilbər guşələrindən biri də Qarabağdır – Xəbər
  3. Qarabağ üçün canından keçməyə hazıram – Tamamlıq.
  4. Qarabağ, sən mənimsən! – Xitab.
  5. Dəmir yumruq Qarabağı azad etdi – Təyin.

Adlıq hallı söz -kimi, -tək, -üçün və sair qoşmalarla işlənərkən təyin, tərzi-hərəkət zərfliyi və xəbər ola bilir.

Məsələn:

O, soyuqdan donaraq heykəl kimi dayanmışdı – cümləsindəki heykəl kimi ifadəsi feili xəbərə (dayanmışdı) aid olduğu üçün, Böyüyəndə atam kimi vuruşacağam cümləsindəki atam kimi söz birləşməsi də necə? sualına cavab verərək feili xəbərə – vuruşacağam sözünə aid olduğu üçün tərzi-hərəkət zərfliyi rolunda çıxış etmişdir.

Mübariz kimi qəhrəmanları tarix az-az yetişdirir – cümləsindəki Mübariz kimi ifadəsi necə sualına cavab verərək qəhrəman sözünə aid olduğu üçün cümlənin təyinidir.

Hər şey Qarabağ üçündür – cümləsindəki Qarabağ sözü xəbərlik şəkilçisi qəbul etmiş üçün qoşması ilə birlikdə cümlənin xəbəri rolunda çıxış etmişdir.

Yiyəlik hal

Müəyyən və qeyri-müəyyən olmaqla iki yerə bölünən yiyəlik halın şəkilçisini qəbul etmiş söz özündən sonra gələn mənsubiyyət şəkilçisi qəbul etmiş sözlə birlikdə ikinci və üçüncü növ təyini söz birləşmələrinin asılı tərəfi olur və əsas sözlə birlikdə adlıq halın sualına cavab verərək mübtəda, xəbər, təyin, hal şəkilçisi qəbul edərək tamamlıq, zərflik və qrammatik cəhətdən cümlə üzvü olmayan xitab rolunda çıxış edir.

Məsələn:

  1. Qarabağın təbiəti adamı heyran edir – Mübtəda.
  2. Bizi heyran edən Qarabağın təbiətidir – Xəbər.
  3. Qarabağ təbiəti, mən sənə heyranam – Xitab.
  4. Qarabağın dilbər guşəsi Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir -Təyin.
  5. Əsl sakinləri Qarabağ torpaqlarına qayıdacaqlar – Yer zərfliyi.

Bütün elmi mənbələrdə yiyəlik halın ayrılıqda əsasən cümlənin xəbəri olması fikri göstərilir. Lakin yiyəlik hal ayrılıqda cümlənin xəbəri, təyini, qoşmalarla işlənərək tamamlığı, zərfliyi, təyini və xəbəri olur.

Nümunə:

  1. Kitab Əhmədindir – Xəbər.
  2. Sizin ev gözəldir – Təyin.
  3. Sənin üçün kitab almışam – Tamamlıq.
  4. Sənin kimi oxuyacağam – Zərflik.
  5. Sənin kimi şagird yoxdur – Təyin.
  6. Qardaşın da sənin kimidir – Xəbər.

Nümunələrdən də göründüyü kimi, yiyəlik hal xəbərlik şəkilçisi qəbul edərək cümlənin xəbəri (1-ci cümlə), hansı? sualına cavab verərək təyini, (2-ci cümlə), kim üçün? sualına cavab verərək cümlənin tamamlığı (3-cü cümlə), neçə? sualına cavab verərək feili xəbərə aid olduğu üçün tərzi-hərəkət zərifliyi (4-cü cümlə),yenə neçə? sualına cavab verərək ismə – şagird sözünə aid olduğu üçün təyin (5-ci cümlə), kimi qoşması ilə birlikdə xəbərlik şəkilçisi qəbul edərək xəbər rolunda çıxış etmişdir.

Buraya əlavə etmək lazımdır ki, yiyəlik hallı sözdən sonra gələn söz mənsubiyyət şəkilçisiz işlənərsə (1 T.y. – 2 To), bu zaman mənsubiyyət şəkilçisi atılmış söz müstəqil şəkildə cümlənin mübtədası, xəbəri, tamamlığı, qoşmalarla işlənərək təyini, zərfliyi və xitabı rolunda çıxış edir və bu zaman asılı söz, yəni yiyəlik hallı söz cümlənin təyini olaraq qalır.

Məsələn:

  1. Bizim məktəb kəndin kənarında yerləşir – Mübtəda.
  2. Yarışda birinci yeri tutan bizim məktəbdir – Xəbər.
  3. Sizin məktəb üçün hədiyyə almışam – Tamamlıq.
  4. Bizim məktəb, sən məktəblərin ən gözəlisən – Xitab.
  5. Sizin məktəb kimi məktəb yoxdur – Təyin.

Qeyd: Qeyri-müəyyən yiyəlik halda olan söz heç vaxt ayrılıqda işlənmir, cümlə üzvü olmur, yalnız ikinci növ təyini söz birləşməsinin asılı tərəfi olaraq qalır.

Yönlük hal

Yönlük hallı söz -kimə?-nəyə? suallarından birinə cavab verərək cümlənin tamamlığı, -haraya? sualına cavab verərkən yer zərfliyi, xəbərlik şəkilçisi qəbul edərək cümlənin xəbəri olur. Bundan əlavə, yönlük hallı söz qoşmalarla işlənərək cümlənin tamamlığı, yer və zaman zərfliyi və xəbəri olur.

Nümunə:

  1. Sözümü Əhmədə dedim – kimə? Tamamlıq.
  2. Fikrimi dəqiqləşdirmək üçün kitaba baxdım – nəyə? Tamamlıq.
  3. Sənubər kəndə qayıtdı – haraya? Yer zərfliyi.

4.Yolumuz Qarabağadır – Xəbər.

Qoşmalar -kimə?-nəyə? sualına cavab verən sözlərə qoşularaq cümlənin vasitəli tamamlığı, -hara? və yaxud -haraya? sualına cavab verən sözlərə qoşularaq yer zərfliyi və xəbər, zaman anlayışı verən sözlərə qoşularaq zaman zərfliyi olurlar.

Məsələn:

  1. Mövzuya aid suallar tərtib etdik – Tamamlıq.
  2. Yazıçıya aid məlumat topladıq – Tamamlıq.
  3. Deyilənlər sənə aiddir – Xəbər.
  4. Maşın kəndə tərəf getdi – Yer zərfliyi.
  5. Səhərə kimi yol getdik – Zaman zərfliyi.
  6. Yolumuz dağlara tərəfdir, yaxud dağlar tərəfədir – Xəbər.

Burada xüsusilə qeyd etmək lazımdır ki, ismin yönlük halının da yiyəlik və təsirlik hallarda olduğu kimi qeyri-müəyyənlik xüsusiyyəti, yəni qeyri-müəyyən forması var və bu zaman yer zərfliyi haraya? deyil, hara? sualına cavab verir. Bu hal, xüsusilə, yer zərfliyində özünü daha qabarıq şəkildə göstərir.

Nümunə:

  1. Uşaqlar bura toplaşacaqlar (buraya toplaşacaqlar).
  2. Mənzərəni daha aydın seyr etmək üçün yuxarı qalxmaq lazımdır (yuxarıya qalxmaq).
  3. Biz bir azdan aşağı düşəcəyik (aşağıya düşəcəyik).
  4. Ora getmə (oraya getmə) kimi və sair cümlələrdə olan yer zərfləri həm hara? həm də haraya? sualına cavab verirlər. Bu hal həm də qoşmalarda işlənən yönlük hallı sözlərə aiddir: maşın kənd tərəfə getdi cümləsindəki kəndə sözündəki yönlük hal şəkilçisini tərəf qoşmasına da artırmaq olar: maşın kənd tərəfə getdi. Hər iki halda yönlük hal şəkilçili söz həm -hara? həm də -haraya? suallarına cavab verərək cümlənin yer zərfliyi rolunda çıxış etmişdir.

Hara? sualı həm adlıq halın, həm də qeyri-müəyyən yönlük halın sualıdır. Bunları bir-birindən fərqləndirmək üçün bilmək lazımdır ki, cümlədə -hara? sualına cavab verən söz adlıq haldadırsa,o zaman həmin cümlənin xəbəri mütləq ismi xəbər olacaqdır və suala -ya -yə şəkilçilərindən birini artırmaq mümkün olmayacaqdır. Qeyri-müəyyən yönlük halda olan və -hara? sualına cavab verən sözü isə çox asanlıqla müəyyən yönlük hala çevirmək olur və bu zaman həmin cümlənin xəbəri mütləq feili xəbər olacaqdır.

Nümunə:

  1. Bura doğma Şuşadır.
  2. Yuxarı daha gözəldir.
  3. Aşağı istidir.

Bu cümlələrdə -hara? sualına cavab verən sözlər cümlənin mübtədası olmaqla, adlıq haldadır və həmin cümlələrin xəbəri ismi xəbərlərdir.

  1. Bir az gəzdikdən sonra biz aşağı düşdük.
  2. Bulaq suyundan içmək üçün aşağı enərsiniz.
  3. Qarabağın gözəlliklərini görmək üçün ora getməlisiniz.
  4. Dəstədən geri qalanlar yoldaşlarına çatmaq üçün çay sahili ilə üzüyuxarı getdilər – kimi cümlələrdə işlənmiş “aşağı”, “ora”, “üzüyuxarı” sözləri həm hara?, həm də haraya? suallarına cavab verərək, hər iki halda cümlənin yer zərfliyidir və bu zaman həmin sözləri həm müəyyən, həm də qeyri-müəyyən yönlük halda işlətmək mümkündür və fikir vermək lazımdır ki, həmin cümlələrin xəbəri feili xəbərlərdir.

Belə nümunələrdən istənilən qədər göstərmək olar. Bu nümunələr deməyə əsas verir ki, yönlük halın həm müəyyən, həm də qeyri- müəyyən forması var.

Təsirlik hal

İsmin təsirlik halı da müəyyən və qeyri-müəyyən olmaqla iki yerə bölünür. Əvvəlcə onu qeyd etmək istəyirəm ki, istər yiyəlik, istərsə də təsirlik halın qeyri-müəyyən formasında bir ümumilik, bir qeyri- müəyyənlik var. Məsələn: Kənd yolları birləşməsindəki kənd sözü bir qədər ümumi, bir qədər konkretlikdən uzaqdır, qeyri-müəyyəndir. Amma kəndin yolları birləşməsindəki kənd sözü konkretdir, burada söhbət konkret olaraq bir kənddən gedir. Təsirlik halda da belədir. Məsələn: Alma yedim – cümləsindəki alma sözü bir qədər ümumi, bir qədər konkretlikdən, dəqiqlikdən uzaq olsa da, almanı yedim-cümləsində bir konkretlik var. Yəni burada söhbət konkret olaraq bir almadan, məlum olan almadan gedir.

İstər müəyyən, istərsə də qeyri-müəyyən təsirlik hal cümlədə uyğun olaraq müəyyən və qeyri-müəyyən vasitəsiz tamamlıq rolunda çıxış edir. Məsələn: Mən kitabı stolun üstünə qoydum – cümləsindəki kitabı sözü müəyyən təsirlik halda işlənibsə, stolun üstünə kitab qoydum -cümləsindəki kitab sözü qeyri-müəyyən təsirlik halda işlənib və hər iki halda təsirlik hallı söz müəyyən və qeyri-müəyyən vasitəsiz tamamlıqdır.

Bir çox elmi mənbələrdə təsirlik halın cümlədə yalnız tamamlıq ola bildiyi göstərilir. Amma təsirlik hal yeri gələndə yer və zaman zərfliyi də ola bilir.

Məsələn:

  1. Biz Bakını xeyli gəzib-dolaşdıq.
  2. Uşaqlar Qubanı küçəbəküçə gəzdilər – cümlələrindəki təsirlik halda olan sözlər hərəkətin icra olunduğu yeri bildirdiyi üçün yer zərfliyi kimi götürülməlidir.

Biz Bakıya getdik – cümləsindəki Bakıya sözü -haraya? sualına cavab verməklə, biz Bakıda xeyli gəzib-dolaşdıq – cümləsindəki Bakıda sözü hərəkətin icra olunduğu yeri bildirdiyi kimi, Biz Bakını xeyli gəzib-dolaşdıq -cümləsindəki Bakını – sözü də hərəkətin icra olunduğu yeri bildirdiyi üçün yer zərfliyi olması fikrinə şübhə ilə yanaşmaq doğru deyil.

Beləliklə, ismin hara? sualı hal şəkilçilərini qəbul edərkən yer zərfliyi olması fikri təsirlik hala da aid edilməlidir.

Səfərə çıxanlar gündüzü istirahət edib, gecəni yol getdilər – cümləsindəki gündüzü gecəni sözləri –nə zaman? sualına cavab verərək cümlədə zaman zərfliyi rolunda çıxış etmişlər.

Həmin günü mən Bakıda olmuşam – cümləsində günü sözü təsirlik halda olmaqla, həmin sözü ilə birlikdə nə zaman? sualına cavab verərək cümlənin zaman zərfliyidir. Buradan da belə bir qənaətə gəlmək olar ki, ismin təsirlik halı təkcə vasitəsiz tamamlıq deyil, həm də yer və zaman zərfliyi olur.

Elmi mənbələrdə təsirlik halın cümlədə yeri haqqında yazılarkən göstərilir ki, qeyri-müəyyən təsirlik hallı söz cümlədə yalnız feili xəbərin yanında gəlir. Məncə, bu fikrə də bir qədər geniş aspektdən baxmaq lazımdır. Belə ki, çox cümlələrimiz var ki, burada qeyri-müəyyən təsirlik hallı söz xəbərin yanında deyil, cümlənin əvvəlində və ortasında gəlir.

Məsələn:

  1. Bir kitab da qardaşım üçün almışam.
  2. Bir səbət alma da stola düzmək üçün gətirmişəm.
  3. Qardaşım bir dəst paltar da evdə geymək üçün gətirib.

Birinci cümlədə kitab, ikinci cümlədə alma, üçüncü cümlədə paltar sözü qeyri-müəyyən təsirlik haldadır və bu sözlər xəbərin yanında deyil, cümlənin əvvəlində və ortasında gəlmişdir.

Bir çox elmi mənbələrdə daha çox insan anlayışı bildirməyən, yəni nə? sualına cavab verən sözlərin qeyri-müəyyən təsirlik halda işləndiyi bildirilir. Lakin çox məqamlarda kim? sualına cavab verən, yəni insan anlayışı bildirən sözlər də qeyri- müəyyən təsirlik halda işlənir.

Məsələn:

  1. Fənni tədris etmək üçün müəllim dəvət etdik.
  2. Məsələni araşdırmaq üçün polis çağırmaq lazımdır.
  3. Bu sahəni öyrənmək üçün mütəxəssislər dəvət etməlisiniz.
  4. Xəstə üçün həkim gətirdim.

İnsan anlayışı bildirən sözlər qeyri-müəyyən təsirlik halda işlənərkən onlara nə? sualını vermək tövsiyə olunur. Amma mənə elə gəlir ki, belə sözlərə, yəni insan anlayışı bildirən və qeyri-müəyyən təsirlik halda işlənən sözlərə nə? sualı deyil, kimi? sualını vermək daha məqsədəuyğun olar.

QEYD: Təsirlik hal qoşmalarda işlənmir.

Yerlik hal

İsmin yerlik halı -da, -də şəkilçiləri vasitəsilə düzəlir, -kimdə? -nədə?

-harada? suallarından birinə cavab verərək vasitəli tamamlıq, yer zərfliyi, xəbərlik şəkilçisi qəbul edərək xəbər rolunda çıxış edir.

Məsələn:

  1. Kitabım Əhməddə qalıb –kimdə? Tamamlıq.
  2. Bu kitabda çox maraqlı fikirlər var -nədə? Tamamlıq.
  3. Azərbaycanda nadir bitkilər yetişir -harada? Yer zərfliyi.
  4. Kitabım evdədir -haradadır? Xəbər.

Yerlik halın özəlliklərindən biri odur ki, -da, -də şəkilçiləri üçüncü şəxsin təkinin və cəminin mənsubiyyət şəkilçisini qəbul etmiş sözlərə artırılarkən özündən əvvəl -n bitişdirici samitini tələb edir. Halbuki qrammatik qaydalara əsasən, bitişdirici samitlər, adətən, iki sait arasında gəlməlidirlər. Amma yerlik və çıxışlıq hal şəkilçiləri o, bu əvəzliklərinə və üçüncü şəxs mənsubiyyət şəkilçili sözlərə artırılarkən bu qayda pozulur: Ağacın yaprağında – söz birləşməsində, onda, bunda sözlərində yerlik hal şəkilçisindən əvvəl -n bitişdirici samitin gəlməsi öyrəndiyimiz ənənəvi qaydaya uyğun deyil.

Onu da qeyd etmək lazımdır ki, bu zaman -n bitişdirici samiti həm də ikinci şəxsin təkinin mənsubiyyət şəkilçisi kimi düşünülə bilər: Üzündə göz izi var – cümləsindəki üzündə sözünü həm ikinci, həm də üçüncü şəxsin mənsubiyyət şəkilçisini qəbul etmiş söz kimi düşünmək olar.

Vətənində dilən gəz – cümləsindəki vətənində sözü də buna misal ola bilər.

Bəzən yerlik hal şəkilçisi ilə omonimlik təşkil edən -da,-də bağlayıcısı və -da, -də ədatı qarışdırılır. Bunları fərqləndirmək üçün bilmək lazımdır ki, -da, -də iştirak bağlayıcısı, mütləq adlar qrupuna daxil olan sözlərdən sonra -da, -də ədatı isə feillərdən sonra gələrək ayrı yazılır.

QEYD: Yerlik hal da qoşmalarda işlənmir.

Çıxışlıq hal

Çıxışlıq hal –dan, -dən şəkilçiləri vasitəsilə düzəlir və -kimdən?, nədən?haradan? suallarından birinə cavab verir. Yuxarıda deyildiyi kimi, çıxışlıq hal şəkilçisiləri o bu əvəzliklərindən və üçüncü şəxs mənsubiyyət şəkilçisindən sonra işlənərkən özündən əvvəl -n bitişdirici samitini tələb edir. Məsələn: Ondan, bundan, atasından, qardaşından və s. kimi sözlərdən sonra bu hal baş verərkən -n bitişdirici samiti ı, i, u,ü mənsubiyyət şəkilçisi ilə birlikdə ikinci şəxsin təkinin mənsubiyyət şəkilçisi ilə omonimlik təşkil edir:

Evindən didərgin düşüb – (öz evindən, sənin evindən, onun evindən). Fikrini gözlərindən oxudum (sənin gözlərindən, onun gözlərindən).

Çıxışlıq hal şəkilçili söz ayrılıqda cümlədə vasitəli tamamlıq, yer və zaman zərfliyi, səbəb zərfliyi və xəbər rolunda çıxış edir.

Məsələn:

  1. Çoxdandır ki, qardaşımdan xəbərim yoxdur – Tamamlıq.
  2. Bu gün səhər kənddən gəlmişəm – Yer zərfliyi.
  3. Yağış gecədən başlayıb – Zaman zərfliyi.
  4. Oxumaqdan səsim batıb – Səbəb zərfliyi.
  5. Məktub anamdandır – Xəbər.

Çıxışlıq hallı söz qoşmalarla işlənərkən tamamlıq, zaman zərfliyi, səbəb və məqsəd zərifliyi və xəbər olurlar.

Məsələn:

  1. Səndən başqa dərdimi deməyə heç kəsim yoxdur – Tamamlıq.
  2. Yağışdan sonra gün çıxdı – Zaman zərfliyi.
  3. Dünəndən bəri səni gözləyirəm – Zaman zərfliyi.
  4. Qardaşımdan ötrü çox darıxmışam – Səbəb zərfliyi.
  5. Torpaqlarımızı azad etməkdən ötrü canımdan keçərəm – Məqsəd zərfliyi.
  6. Mənim növbəm səndən sonradır – Xəbər.

Beləliklə, çıxışlıq halın ayrılıqda cümlənin tamamlığı, yer zərfliyi, səbəb zərfliyi, xəbər, qoşmalarla işlənərkən tamamlıq, yer, zaman, səbəb, məqsəd zərfliyi və xəbər olması fikri çıxışlıq hal haqqında tam, dolğun və əhatəli təsəvvür yaradır.

Qeyd etmək lazımdır ki, ismin hal şəkilçiləri və ümumiyyətlə, adlar qrupuna daxil olan sözlərin hallanması morfologiya bölməsinin geniş qrammatik xüsusiyyətlərə malik olan və çox istifadə olunan mövzularındandır.

Dilçilik elmini öyrənənlər hal şəkilçisi qəbul etmiş sözlərin bütün xırdalıqlarını dərindən dərk edərək qruplaşdırmaqda, ismin hər bir halının cümlədə rolunu və digər xüsusiyyətlərini tam təsəvvür etməkdə çətinlik çəkirlər. Ona görə də bu yazımda ismin hər bir halının bütün qrammatik xüsusiyyətlərini, cümlədəki rolunu qruplaşdırmağa, bununla da bu sahəni öyrənən hər bir kəsə daha konkret, daha aydın məlumat verməyə çalışdım.

İntiqam İsmayılov,
Zərdab rayonu, M. Rahim adına Pərvanlı kənd tam orta məktəbin dil-ədəbiyyat müəllimi