Zərdabın bəzi kəndlərində sutəmizləyici qurğu problemi – Bu qurğular niyə normal işlədilmir?

0
105
zerdab-rayonu-zərdab-rayonu

Hələ bir neçə il öncə cənab Prezident İlham Əliyevin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, bir çox rayonlarda, o cümlədən Zərdabın kəndlərində modul tipli sutəmizləyici qurğular, bulaqlar inşa edildi. Məqsəd Zərdabın kəndlərində əhalinin keyfiyyətli içməli suya olan tələbatının ödənilməsi idi.

Cənab Prezidentin Sərəncamına əsasən, rayonun Şıxbağı, Ağabağı, Nəzəralılı, Lələağacı, Sarıqaya, Qoruqbağı, Şəftəhal, Otmanoba, Siləyli, Kəndəbil, Hüseynxanlı, Burunlu, Allahqulubağı və Əlibəyli və digər kəndlərində modul tipli sutəmizləyici qurğular quraşdırıldı.

İnsafən, ilk illərdə sutəmizləyici qurğular normal fəaliyyət göstərirdi və insanlar da Kürün çirklənmə dərəcəsi normadan qat-qat artıq olan suyundan istifadə etməkdənsə, modul tipli sutəmizləyici qurğular vasitəsilə təmizlənərək verilən sudan istifadə edirdilər. Yeri gəlmişkən, Kür çayının suyunu birbaşa, yəni təmizlənmədən içmək insan orqanizmi üçün çox təhlükəlidir. Kür çayının suyu tullantılarla hədsiz dərəcədə çirklənib.

Ancaq indi Zərdabın demək olar ki, rayonun əskər kəndlərində qəribə vəziyyət yaranıb. Belə ki, sözügedən bulaqlar fasilələrlə işləyir, su götürmək istəyəndə su gəlmədiyi məlum olur.

Bir çox kəndlərdə isə vəziyyət daha da acınacaqlıdır. Belə ki, bəzi kəndlərdə hər kəs bilir ki, hər gün bu bulaqdan filan saatda su verilir və insanlar da o vaxtı qablarını götürüb bulağa gedirlər və su götürürlər. Ancaq sakinlərin bizə verdikləri məlumata görə, Zərdabın elə kəndləri də var ki, sutəmizləyici qurğular, bulaqlar qrafik əsasında işləmir. Məsələn, tutaq ki, dünən bulaqdan su 13:00-14:00 aralığında verilmişdisə, bu gün eyni vaxtda həmin bulağa su götürməyə gedən sakin görür ki, bulaqda su yoxdur. Bu gün isə su həmin saatda yox, deyək ki, 15:00-16:00 arası verilir. Bu isə sakinləri çaşbaş salır.

İstərdik ki, Zərdabın kəndlərində modultipli sutəmizləyici qurğuların, sözügedən bulaqların fəaliyyətinə nəzarət bir qədər gücləndirilsin. Birincisi, müəyyənləşdirilsin ki, həmin qurğularda filtirlər vaxtı-vaxtında dəyişdirilirmi, təmizliyə riayət edilirmi? İkincisi, bulaqların işlədilməsi ilə bağlı qrafikə hansı kəndlərdə əməl olunmursa, zəhmət olmasa, bu iş konkret saatlara – qrafikə salınsın və kənd icra nümayəndələri də camaata məlumat versinlər ki, bəs kənddə bulaqlarda su filan saatlarda verilsin. Bulağı, modul tipli qurğunu işlədən adam da bu qrafikə əməl etməlidir. Və yaxud Zərdab Rayon İcra Hakimiyyəti qrafik müəyyənləşdirsin də bütün kəndlərdə su eyni vaxtda verilsin.

“Bu gün işim var bulağa suyu 11:00-da, sabah işim var 14:00-da, birigün işim var 16:00-da verirəm” düşüncəsinə son qoyulmalıdır. Çünki həmin işə məsul olan şəxslər oradan maaş alırlar. Kənd sakinləri gəlib gün ərzində əlində qab bulağın başında su gözləməlidirlər? İnanırıq ki, problemlə aidiyyəti qurumlar tərəfindən ciddi nəzarət olunacaq. Olunmasa, kənd sakinlərinin göndərdikləri videolarla daha təfərrüatlı məlumat verəcəyik. Yaxşı olardı ki, Zərdab Rayon İcra Hakimiyyəti də bu məsələni nəzarətdə saxlasın.

Zerdab.com