Zərdabın Ağabağı–Kəndəbil–Şıxbağı–Nəzəralılı avtomobil yolu yenidən qurulur – Fotolar

0
316

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Zərdab rayonunun Ağabağı–Kəndəbil–Şıxbağı–Nəzəralılı avtomobil yolunu V texniki dərəcəyə uyğun yenidən qurur.

Zerdab.com xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, aparılan işlər çərçivəsində yolboyu texnoloji ardıcıllığa uyğun olaraq, yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, qazılmış hissələrinin doldurulması, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, yararlı qruntun yayılması, lay-lay kipləşdirilməsi, müəyyən hissələrdə yolun genişləndirilməsi, optimal-qırmadaş qarışığı ilə əsasın alt layının, qum-çınqıl qarışığından isə əsasın üst layının tikintisi, yol əsasının inşası aparılır, yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilir, zəruri olan yerlərdə müxtəlif diametrli yeni dəmir-beton suötürücü borular quraşdırılır.

Layihənin Nəzəralılı hissəsində sadalanan işlər artıq icra olunub və yeni asfalt-beton örtüyünün döşənməsinə start verilib.

Yolun Şıxbağı hissəsi üzrə torpaq işləri və suötürücü boruların inşası yekunlaşıb, hazırda bu hissədə yol əsasının tikintisi işləri aparılır.

Layihə üzrə yolboyu asfaltlanma işləri yekunlaşdıqdan sonra yol nişanı və məlumatverici lövhələrin, siqnal dirəklərinin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

4 min nəfərin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən, 13 km uzunluğa malik Ağabağı–Kəndəbil–Şıxbağı–Nəzəralılı avtomobil yolun torpaq yatağının eni 10, hərəkət hissəsinin eni müvafiq olaraq 6 metr təşkil edir.

Zerdab.com