Prezident həmyerlimiz, general-mayor İnqilab Muradovu yenidən təltif etdi – Antiterror tədbirlərində də xidmətləri olub

0
2951
Zerdab-inqilab-muradov

Prezident İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçuları və Daxili İşlər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və Daxili İşlər Nazirliyinin əməkdaşları təltif edilibər.

Zerdab.com saytı xəbər verir ki, dövlət başçısının Sərəncamı ilə təltif edilənlər arasında həmyerlimiz, general-mayor İnqilab Muradov da var.

General-mayor Muradov İnqilab Heydər oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Zerdab.com saytı olaraq onu da əlavə edək ki, İnqilab Muradov birinci Qarabağ müharibəsində Ağdərə istiqamətində döyüşlərdə iştirak edib.

Vətən müharibəsində isə onun rəhbərlik etdiyi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlıları Murovdan Şuşayadək böyük bir döyüş yolu keçib.

23 saat davam edən lokal xarakterli son antiterror tədbirlərində də döyüş fəaliyyətini icra edib.

Bir maraqlı məqamı da qeyd edək ki, İnqilab Muradov illər öncə Zaqatalada “Meşə qardaşları” terror təşkilatının üzvlərinin məhv edilməsində birbaşa iştirak edib.

O, dünyanın 10-dan çox ölkəsində keçirilən təlimlərdə iştirak edib. Bu gün də xidməti fəaliyyətini Daxili qoşunlar komandanının müavini – Şəxsi heyət üzrə İdarənin rəisi kimi icra edir.

İnqilab Muradov 1967-ci ildə Zərdab rayonunun İsaqbağı kəndində anadan olub.

1988-ci ildə keçmiş SSRİ Kamışınsk Ali Hərbi İnşaat Komandanlıq Məktəbini, 2006-cı ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kurslarını bitirib.

1988-1992-ci illərdə keçmiş SSRİ Müdafiə Nazirliyinin tərkibində müxtəlif vəzifələrdə, 1994-2018-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında mənzil-istismar xidmətinin rəisi, döyüş hazırlığı bölməsinin rəisi, hərbi hissə komandirinin müavini, hərbi hissə komandiri, Daxili Qoşunların Baş İdarəsində əməliyyat və döyüş hazırlığı İdarəsinin rəisi – qərargah rəisinin müavini vəzifələrində xidmət edib.

İnqilab Muradov Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 aprel tarixli Sərəncamı ilə DİN-in Daxili Qoşunlarının qərargah rəisinin 1-ci müavini, 2021-ci il 29 dekabr tarixli Sərəncamı ilə Daxili qoşunlar komandanının müavini – Şəxsi heyət üzrə İdarənin rəisi vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, mütəşəkkil cinayətkarlığa, terrorçuluğa və digər təhlükəli cinayətlərə qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində, habelə xidməti vəzifələri və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusilə fərqləndiyinə, şücaət və igidlik göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni, 2005-ci il 6 mart tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” və 2020-ci il 11 mart tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalları ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 mart tarixli Sərəncamı ilə İnqilab Muradova “general-mayor” hərbi rütbəsi verilib.

Ailəlidir. Üç övladı var.

Dəyərli həmyerlimizlə qürur duyur, ona yeni-yeni uğurlar arzulayırıq.

Nicat, Zerdab.com