Zərdabda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib – Fotolar

0
2349

Zərdabda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Zerdab.com xəbər verir ki, Həsən Bəy Zərdabi parkında təşkil olunan bayram tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi əlilləri və iştirakçıları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Məktəblilərin və gənc rəssamların əl işlərindən və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə çıxış edən Zərdab rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə 44 günlük Vətən müharibəsi, müharibədən keçən 3 il ərzində, həm də bu ilin sentyabr ayında keçirilmiş antiterror tədbirləri haqqında məlumat vermiş, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun müharibədə möhtəşəm qələbə qazanaraq, dünya hərb tarixinə yeni şanlı səhifələr yazdığını diqqətə çatdırıb.

Qeyd olunub ki, Vətən müharibəsində böyük, tarixi qələbənin qazanılmasına Zərdab rayonu da öz töhfəsini vermişdir. Respublika Prezidentinin sərəncamı ilə Vətən müharibəsində qəhrəmanlıq və şücaət göstərmiş yüzlərlə zərdablı müxtəlif orden və medalları ilə təltif ediliblər.

Tədbirdə şəhid valideynləri çıxış edərək şəhidlərin xatirəsinə göstərilən bu böyük diqqət və qayğıya görə cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Tədbirdə respublikamızın tanınmış incəsənət ustaları Mirələm Mirələmov, Xətai Hacıyev, Günel Məhərrəmova və yerli musiqi kollektivlərinin iştirakı ilə konsert proqramı təqdim olunub.

Zerdab.com