Körpükənd kəndində şəhid Turan Muradovun doğum günü münasibətilə tədbir keçirilib – FOTO

0
2680
zerdab-korpukend.png

Zərdabın Körpükənd kəndində Vətən müharibəsi şəhidi Turan Muradovun doğum günü münasibətilə tədbir keçirilib.

Zerdab.com saytı xəbər verir ki, tədbirdə Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev, Aparatın məsul şəxsləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektvirlərinin üzvləri, şəhid ailələri iştirak ediblər.

Turan Muradovun və Körpükənd kənd qəbiristanlığında dəfn olunmuş digər şəhidlərin məzarları ziyarət olunub.

Şəhid gizir Muradov Turan Vaqif oğlu 5 dekabr 1994-cü ildə Zərdab rayonunun Körpükənd kəndində anadan olub.

2012-ci ildə M. Hüseynzadə adına Körpükənd tam orta məktəbini bitirib. Hələ şagird olduğu dövrdə hərbiçi peşəsinə böyük marağı olub.

2013-2014-cü illərdə hərbi xidmətini Füzuli rayonu istiqamətində, döyüş bölgəsində çəkib. Torpaqlarımızın işğal altında olması və düşmənə olan sonsuz nifrət hissi daim onu narahat edirdi.

2018-ci ildə könüllü olaraq MAXE (müddətdən artıq həqiqi hərbi xidmət) kimi hərbi xidmətə başlayıb. Yüksək vətənpərvərlik və çevikliyi ilə fərqlənən Muradov Turan Vaqif oğlu komandanlığın diqqətini cəlb edərək gizir hazırlığı kursuna göndərilib.

2020-ci ilin yanvar-fevral ayları ərzində gizir hazırlığı kursunu müvəffəqiyyətlə bitirib, gizir hərbi rütbəsi ilə təltif olunaraq manqa komandiri kimi xidmətini davam etdirib.

Daim yoldaşlarına nümunə olan gizir Muradov Turan Vaqif oğlu dəfələrlə komandlıq tərəfindən “Fəxri Fərman” və digər qiymətli mükafatlarla təltif edilib.

27 sentyabr 2020-ci ildə düşmən təxribatlarına cavab olaraq əks-hücum əməliyyatında xüsusi fəallıq göstərib.

Suqovuşan yaşayış məntəqəsinin azad olunmasında, strateji yüksəkliyin tutulmasında manqa komandiri kimi şücaət göstərib.

14 oktyabr 2020-ci ildə qəhrəmancasına döyüşərək şəhid olub.

Nəşi 25 oktyabr 2020-ci ildə Zərdab rayonunun Körpükənd kənd qəbiristanlığında geniş rayon ictimaiyyətinin izdihamlı müşaiyəti altında torpağa tapşırılıb.

Onun atası mərhum Muradov Vaqif Müseyib oğlu da 1-ci Qarabağ müharibəsində Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib.

Zerdab.com