Zərdabi yurdunun dəyərli ziyalılarından olan Ələddin Həsənovun vəfatından 12 il ötür

0
7283
eleddin-hesenov-zerdab.png

Həsən bəy Zərdabi yurdunun dəyərli ziyalılarından biri olan Həsənov Ələddin Tapdıq oğlunun vəfatından 12 il ötür. Həmyerlimiz, Beynəlxalq Ekoenergetika Akademiyasının professoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” və “Ali Media” mükafatı laureatı, Zərdabişünas tədqiqatçı alim, Bakı Dövlət Universitetinin müəllimi Eldəniz Həsənovun Zərdabi yurdunun dəyərli ziyalılarından biri olan Ələddin Tapdıq oğlu Həsənovun tarixin səhifələrində humanist, qayğıkeş, yaradıcı-qurucu, rəhbər bir şəxs olaraq tarixin yaddaşlarında nümunə simvolu kimi iz qoyması faktları ilə bağlı 1993-cü ildə “Masallı xəbərləri” qəzetində çap olunan məqaləni (müsahibəni) Zerdab.com saytına ünvanlayıb.

Həmin müsahibəni oxucularımızın diqqətinə təqdim etməyi özümüzə borc bilirik.

Onu da diqqətə çatdırırıq ki, Həsən bəy Zərdabi irsinin cəfakeş tədqiqatçısı Eldəniz müəllim Zərdabi yurdunun hər bir tarixi şəxsiyyətləri haqqında yazmış olduğu bir çox məqalələrdə, kitablarda geniş məlumatlar verib və onların keçmiş olduqları mənalı və keşməkeşli həyat yollarını işıqlandırıb və təbii ki, hər zaman onların anım günləri yad edilir.

Sözügedən müsahibəni təqdim etməmişdən öncə Ələddin müəllimin keçmiş olduğu həyat yolu, abadlıq-quruculuq işləri, unudulmaz xatirəsinin yad edilməsi münasibətilə Zerdab.com saytı tərəfindən 20.02.2012-ci il tarixində “Rayonumuza ağır itki üz verib” başlıqlı yazını – başsağlığını da xatırladırıq.

“Rayonumuza ağır itki və kədər üz vermişdir. Həmyerlimiz Həsənov Ələddin Tapdıq oğlu vəfat etmişdir.
Ələddin Həsənov 1937-ci ildə Zərdab rayonunun Dəli Quşçu kəndində anadan olmuşdu. 1954-ci ildə M. Qorki adına Zərdab şəhər orta məktəbinin 10-cu sinfini bitirmiş, 1954-1957-ci illərdə hərbi xidmətdə olmuşdu. 1957-1960-cı illərdə Zərdab rayon Komsomol Komitəsində təlimatçı və şöbə müdiri işləmişdi, daha sonra Zərdab rayon ZDS İcraiyyə Komitəsində plan şöbəsində iqtisadçı və şöbə müdiri vəzifələrində çalışmışdı. 1963-1965-ci illərdə (Zərdab və Ucar  rayonları birləşərkən) Ucar Rayon Məhəlli Statistika İdarəsinin rəisi vəzifəsində işləmişdi. 1965-1970-ci illərdə Zərdab rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi, 1970-1972-ci illərdə Zərdab XDS icraiyyə komitəsinin sədri vəzifələrində çalışmışdı.
1972-1974-ci illərdə Moskva şəhərində Sov. İKP MK yanında Ali Partiya Məktəbində təhsil almışdı. 1974-1975-ci illərdə Azərbaycan KP MK kənd təsərrüfatı şöbəsinin təlimatçısı olmuşdu.

Həsənov Ələddin Tapdıq oğlu 1975-1983-cü illərdə Azərbaycan KP Masallı rayon komitəsinin birinci katibi vəzifəsində çalışmışdı. Azərbaycan SSR Ali Sovetinə deputat, Azərbaycan KP MK-ya üzv seçilmişdi. Daha sonra Respublika Dövlət Plan Komitəsində şöbə müdiri, Dəvəçi və Bakı Broyler-quşçuluq fabrikində direktor vəzifəsində çalışmışdı. Bakı şəhərində yaşayırdı.
Ə. Həsənov istər Zərdab rayon İK-nin sədri olarkən, istərsə də Masallı RPK-nin birinci katibi işləyərkən geniş quruculuq işləri aparmışdır.
Zərdabda RİK-nin sədri işləyərkən rayonun girəcəyində quruculuq işləri görülmüş, küçə və yollar salınmış, “Köhnə bazar” məhəlləsindəki ikimərtəbəli inzibati binalar tikilmiş, şəhərdaxili açıq kanalizasiya xətləri çəkilmiş, “Su-19″ massivindəki yaşayış və inzibati binalar inşa edilmişdir. Belə ki, rayon mərkəzindəki 3 mərtəbəli inzibati bina, meliorasiya işçiləri üçün qəsəbə, səhiyyə və mədəni-maarif müəssisələri üçün müasir tipli binaların tikilməsində, Kür sahili parkın salınmasında və bənd bərkitmə işlərinin görülməsində Ələddin müəllimin çox böyük xidmətləri olmuşdur.
Masallı rayonunda birinci katib işləyərkən isə şəhər bazarı kompleksi yaradılmış, Lənkərana çıxış yolu üstündəki dairəvi xətt tiktirmiş,”İdeoloji Mərkəz”, yeni rabitə evi, şəhər mədəniyyət və istirahət parkı, park ətrafındakı beşmərtəbəli binalardan ibarət şəhərcik tikilib istifadəyə verilmişdir. “İstisu” istirahət zonasının təşkili və tikilişi, yeni beşmərtəbəli mehmanxana binası, məhkəmə, polis, prokurorluq binaları, RİH-nin inzibati binası, parkdakı idman qurğuları, rayonun su təchizatı və sair işlər onun adı ilə bağlıdır. Ə. Həsənov Masallıda birinci katib işləyərkən rayonun kəndlərində də bir çox quruculuq işləri aparmışdır.
Viləşçayın şəhər hissəsindəki abadlıq işləri də onun adı ilə bağlıdır.
Ələddin Həsənovun əməyi “Xalqlar dostluğu” və “Qırmızı Əmək Bayrağı” ordenləri ilə, medallarla və çoxsaylı fəxri fərmanlarla qiymətləndirilib.
Həsənov Ələddin Tapdıq oğlunun əziz və unudulmaz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin”.

  • Bu gün on illərin uzaqlığında Masallı sizə necə görünüb?

– Masallı on ilin uzaqlığında mənə yenə də əvvəlki kimi doğma və unudulmaz ən çox sevdiyim, uzun illər bağlı olduğum yer-yurd kimi görünür. Bu illərdə özümü həmişə Masallı ilə, masallılarla bağlı hesab edir, özümü masallılı saymışam. Həmçinin on ilin uzaqlığında çox şey mənə az qala dünən kimi görünür. Elə bilirəm, orda işlədiyim dövrdə tikilən onlarla bina indi daha da gözəlləşib, abadlaşıb. Bəlkə bizdən sonra elə yaşayış elələri tikilib ki, biz tikdiklərimiz, öyündüklərimiz onların yanında solğun görünür.

  • Masallıda işlədiyiniz 8 ildə hansı işlərinizə həmişə sevinir, hansı işləriniz üçün həmişə təəssüflənirsiniz? 

– Sevinirəm ki, o dövrdə əhalinin güzəranı daha da yaxşılaşdı. Qısa müddətdə xalqla səmimi dil tapa bildim. Onların inamını qazandım. Həmin dövrdə tikililərin hədsiz dərəcədə çoxalması respublika səviyyəli tədbirlərin keçirilməsi, başlıcası isə camaatın məni, mənim isə onları istəməyimə daha çox sevinirəm.

Qaldı sualın ikinci tərəfinə, yəni hansı işlərə təəssüflənməyə. Başladığım, ancaq başa çatdıra bilmədiyim, daha doğrusu, çatdırmağa imkanım olmadığı işlərə təəssüflənirəm.

  • Masallıda kimlərinsə qarşısında özünüzü günahkar hesab edirsinizmi?

– Mən Masallıda heç kimin qarşısında başı aşağı deyiləm. Ev yıxmamışam, kiminsə bədbəxtliyinə rəvac heç verməmişəm, kiminsə çörəyinə bais olmamışam. Lakin, nə edəsən ki, hamı üçün yaxşı olmaq qeyri-mümkündür. Hamının möhübünü düzmək olmur. Məndən incik düşənlər varsa, qoy öz vicdanları qarşısında cavab versinlər. Bir də deyirəm, orada işlədiyim dövrdə elə qəbahətli, üz qaraldıcı pis işlərə yol verməmişəm ki, onlar üçün təəssüf edim. Gördüyüm işlər göz qabağındadır. Onlar üçün iftixar hissi keçirirəm və keçirəcəyəm də.

– Bütün bunlarla yanaşı rayonda hələ də belə söhbətlər gəzir ki, kimlərinsə bağrını çatlatmısınız, onları xəstəliyə salmısınız. 

– Belə söhbətləri o vaxt da eşitmişəm, sonralar da. O adamın sözləridir ki, onların rayondakı ağalıqlarına, hədsiz imtiyazlarına, uzun illər hakimiyyət pərdəsi altında özbaşınalıqlarına son qoymuşdum. Bir də ki, ölüm haqdır, Allah işidir, mən isə Allah olmamışam, Allahlıq iddiasını etməmişəm. Belə deyənlər heç özlərindən soruşmurlar ki, məndən əvvəlki və sonrakı müdirləri kim olmuşdur? Axı, o vaxt biz necə deyərlər, bütün cəbhə boyu hücuma keçirdik. Kimsə öz düşmənlərini yıxmaq üçün bizdən istifadə etmək istəyirdi. Ola bilsin ki, haradasa bəlkə səhv olub, tələsmişik, amma bunları hədsiz şişirtmək insafsızlıq olardı. Bir də deyirəm, xalq malını çapıb-talayanlardan kimsə qorxudan, xiffətdən dünyasını dəyişibsə, Allah onlara rəhmət eləsin. O dünyada hər kəs öz əməlləri üçün cavab verəcək.

eleddin-hesenov-zerdab1.png

 

 

 

 

 

 

  • Sizin əlinizlə onlarla adam çörəyə çatıb. Onlardan sizə ən çox sədaqətli, yaxud vəfasız çıxanlar haqqında nəsə demək istəmirsiniz?

– Əlimlə çörəyə çatanlara bir məsləhətim var – insaflı və vicdanlı insanları heç vaxt unutmasınlar. O ki qaldı həmən adamların mənə vəfalı və vəfasız çıxmalarına, bunun mənim üçün heç bir əhəmiyyəti yoxdur. Axı, onlara vəzifə verəndə gözləməmişəm ki, nə vaxtsa mənə vəfalı və vəfasız olsunlar. Şəxsi yaxınlığa görə isə kiməsə vəzifə verməmişəm. Meyarım professionallıq və işgüzarlıq olub. Bir də sədaqətli həmişə sədaqətlidir. Vəfasızlara isə nə deyim? Belələri də olur. Sənə deyərəm, istəsən dost tanışa da deyə bilərsən, ancaq qəzetə yazmaq lazım deyil, özləri bilsin, Allahları bilsin.

  • Sizin Masallıda şəxsi dostunuz varmı?

– Bütün Masallı mənim dostumdur. Orada şəxsi dostlarım olmadığı üçün onların adını çəkə bilməyəcəyəm. Ürəyimə ən yaxın adamlar isə əli qabarlı zəhmətkeşlərdir. Onların da sayı-hesabı yoxdur.

  • Bəlkə rayonda yadınızda qalan on hörmətli adamın adını deyəsiniz?

– Cavan oğlan (bu müsahibəni alanda 41 yaşım var idi – red), məni niyə dərinə çəkirsiniz? Yaddaşımda Masallıdan yüzlərlə, minlərlə adamın adı həkk olunub. Onların körpəsindən tutmuş pirani qocasınadək hamısının qəlbimdə yeri var.

  • Siz o vaxt işdən çıxarılmağınızı qanuni, yaxud haqsız bir iş kimi qiymətləndirirsiniz. Həmin vaxtdan bəri Masallıda olmusunuz?

– İşdən çıxarılmağım, əlbəttə, qeyri-qanuni idi. Yuxarıdakı əliqanlı mafiozlar çoxdan idi ki, fürsət axtarırdı. Bunu həm də o vaxt bəzi rəhbərlərin mənə, bir sıra hallarda isə rayonun özünə qərəzli münasibəti kimi qiymətləndirirəm. Həmin dövrdə Masallının sağındakı və solundakı rayonlara yuxarılara daha yaxın olan adamlar rəhbərlik edirdilər. (Həmin vaxt Cəlilabada İbrahim Qurbanov, Lənkərana isə İsa Məmmədov rəhəbrlik edirdi). Onlar, eləcə də MK-dakı bəzi rəhbərlər Masallının o vaxtki yüksəlişini birmənalı qəbul etmirdilər. Mən onlar üçün sərfəli adam deyildim. Çox arzu edirdilər ki, bir çox məsələlərdə onların diktəsi ilə işləyim. Buna nail olmayanda da məqsədli badalaqlar kifayət qədər olurdu. Qaldı ki, sualın ikinci hissəsinə, bəli, Masallıda olmuşam. Cəmi bir dəfə ötən il (1992-ci il nəzərdə tutulur). Biləsuvar rayonundakı yas məclisindən Bakıya qayıdanda bir anlığa fikrimi dəyişmişdim. Masallıya yollandıq. Rayonda cəmi bir neçə saat oldum. Məndən sonra aparılan abadlıq işləri ilə tanış olmağa imkan tapmadım. Sağlıq olsun.

  • Sizdən sonra rayona rəhbərlik edənlər haqqında nə deyə bilərsiniz?

– Hər kəs öz işinə cavabdehdir. Daha doğrusu, bu sualın cavabını, şair demişkən, mən bilmirəm, eldən soruş. Mən isə onların hamısına hörmət və ehtiram bəsləyir, işlərində uğurlar arzulayram.

  • Masallıdan gedəndən sonra heç də zəif adam olmadığınızı necə sübut edə bildiniz?

– Birincisi, zəif adam kimi getməmişdim ki, zəifliyimi də sübut edim. İkincisi, uzun illər rəhbər işdə olmağıma baxmayaraq, birbaşa ən kiçik istehsalat sahəsində də nəyə qadir olduğumu sübut edə bilmişəm. Təkcə göstəriş verməyi yox, icra etməyi də pis bacarmıram. Hansı sahəyə göndərilmişəmsə, üz ağartmışam. Cəsarətli olmuşam, haqqı nahaqqa verməmişəm. Həyatda da nə qazanmışamsa, yuxusuz gecələrin hesabına, az qala bütün sutqanı gərgin işləməyin hesabına qazanmışam.

  • Əgər bu gün yenidən Masallıya rəhbər gəlsəniz, əvvəlki Həsənovla fərq nədə olar?

– Sualınız məni mütəəssir edir. Düzü bir az da qəribə görünür. Əvvala, Masallının gənc, enerjili, fərasətli kadrları var. Qoy, rayona da onlar rəhbərlik etsinlər. Uğurlarına mən də sevinərəm. Bir də məni tanıyanlar yaxşı bilirlər ki, ikiləşməkdən, özgələşməkdən zəhləm gedir. Müdriklər demişkən, ya olduğun kimi görün, ya da göründüyün kimi ol. Bunu yəqin bilin ki, Həsənov 1976-cı ildə Masallıya gələndə necə işləyirdisə, yenə elə işləyir.

  • Masallıdan çıxandan sonra rayondan eşitdiyin ən fərəhli və ən ağrılı xəbər hansı olub?

– Ən ağrılı xəbər Masallıda istehsalın ağılasığmaz dərəcədə aşağı düşməsidir. Bilirsiniz, bu, nə deməkdir? Əhalinin maddi vəziyyətinin pisləşməsi, tikinti-abaqlıq işlərinin səngiməsi, son nəticədə isə dərin uçurum. Bir də dostların, yaxından tanıdığım adamların başlarına gələn qəza-qədərlər, onların vəfatı, bəzən isə haqsızlığın, yersiz intriqaların qurbanı olması məni həmişə kədərləndirir.

eleddin-hesenov-zerdab2.png

 

 

 

 

 

 

  • Ən fərəhli xəbər? 

– Nə deyim. Yaxşı olar, bu barədə susaq.

  • Bəs özünüz Masallıda işlədiyiniz dövrdən üç ən unudulmaz məqamı xatırlaya bilərsinizmi?

– Birincisi, Viləşçay su dəryaçasının tikintisinə başlanmasını çox unudulmaz hesab edirəm. Çünki bu tikintinin parlaq perspektivini görürdüm. İkincisi, iki ay yarıma şəhər mərkəzində 1176 yerlik məktəb binasını tikdirib başa çatdırmağımız. Nəhayət, üçüncüsü, fəhlələrin halal qazancı ilə əldə etdiyimiz mükafatlara yer-yurd edə bilməyimiz. Onlara bağışlanan maşınların, digər qiymətli şeylərin təqdim olunduğu anların sevinci heç vaxt yaddaşımdan çıxmır.

Ümumiyyətlə isə Masallıda işlədiyim bütün məqamlar mənim xatirəmdə yaşayır.

  • Oğlunuz Araz, eləcə də digər övladlarınız haqqında məlumatlar oxucularımız üçün maraqlı olar.

Oğlum Araz Xalq Təsərrüfatı İnstitutunu bitirdikdən sonra hüquq sahəsində qiyabi təhsil alır. Məsul vəzifədə çalışır. Ailə həyatı qurub. Qızlarım Rəmziyyə və Raifə də ali təhsil alıb, ailə həyatı qurublar. Başlarını aşağı salıb işləyirlər. Sevinc qızım isə ikinci sinifdə oxuyur və o, Masallını görməyib.

  • Masallılara sözünüz? 

– Hamıya xoşbəxtlik, səadət, xoş güzəran arzulayıram. Əzizlərim, çətinliklər müvəqqətidir; dözün. Lakin masallılara məxsus işgüzarlığı, zirəkliyi əldən verməyin. Hay-küyə uyub əlinizi işdən soyutmayın.

  • Nəsə deyilməmiş sözünüz qaldımı?

– Sözüm çoxdur, oğul. Çox sağ olun ki, yada salmısız. Yanımda olduğunuz bu saatlarda məni on il əvvələ qaytardınız. Bakıda Masallı mikro mühiti yaratdınız. Həmişəki kimi iş adamıyam. Vaxt imkan vermir ki, daha geniş, daha ətraflı söhbət edək. Görürsünüz ki, telefonlar dalbadal zəng vurur. Selektorun lampaları aramsız yanıb sönür. Katibə qəbulda olanları sakitləşdirməyə çalışır. Bax mənim iş günüm belə başlayır və gecədən xeyli keçənədək davam edir. Kabinetdə yatdığımız vaxtlar da olub. Söhbətimizin sonunda bütün masallılara cansağlığı, xoşbəxtlik, çətinliyə dözüm, qələbəyə inam arzulayram.