Həmyerlimiz – nazir müavini Elnur Soltanova yeni vəzifə verildi

0
2914
elnur-soltanov.png

Energetika nazirinin müavini Elnur Soltanov COP29 Azərbaycan üzrə baş icraçı direktor təyin edilib.

Zerdab.com saytı xəbər verir ki, bu barədə COP29-un “X” sosial səhifəsində  məlumat verilib.

Elnur Soltanov 2004-2009-cu illərdə Texas Texnologiya Universiteti, Slippery Rock Universiteti və Truman Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.

O, 2000-2003-cü illərdə Türkiyədə Avrasiya Strateji Araşdırmalar Mərkəzində tədqiqatçı işləyib, daha sonra 2003-2009-cu illərdə ABŞ-nin Texas Texnologiya Universitetinin siyasi elmlər fakültəsində aspirantura təhsili alıb.

Həmçinin 2009-2018-ci illərdə ADA Universitetində baş müəllim, Xəzər Enerji və Ətraf Mühit Mərkəzində direktor, ictimai və beynəlxalq münasibətlər fakültəsində dekan vəzifəsində çalışıb.

2018-ci ildən Azərbaycan Respublikası energetika nazirinin müavinidir.

Məlumat üçün bildirək ki, onun ata və anası Zərdab rayonunun Məlikli kəndindəndirlər. Ailəsi daha sonra mərkəzə – Zərdab rayonuna köçüb.

Sonralar isə müəyyən səbəblərdən Mingəçevirə köçüblər və elə Elnur Soltanov da bu şəhərdə doğulub.

“Amma Zərdab rayonunda evimiz olub, bu gün də var, həmişə gedib-gəlmişik, bu gün də gedib-gəlirik”,-deyə Elnur Soltanov Zerdab.com saytına eksklüziv müsahibəsində bildirib.

Onu da əlavə edək ki, Elnur Soltanovun atası Zabit Soltanovun atası 70-ci illərin ən yaxşı qarmon ifaçılarından biri olub. Atası çox erkən – 54 yaşında rəhmətə gedib. Onun atası məşhur “Gecələr” mahnısının bəstəçisidir.