Prezidentdən əmək pensiyaları ilə bağlı sərəncam – Pensiyalar nə qədər artırıldı?

0
2409
mana-maas-pensiya

Əmək pensiyaları indeksləşdiriləcək.

Bineqedi.com saytı xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2024-cü il yanvarın 1-nə 2023-cü il üzrə Dövlət Statistika Komitəsinin müəyyən etdiyi:

– orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə – həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların;

– istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2024-cü il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən məlumata görə, Sərəncamla 2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır.

“Həmçinin qulluq stajına görə əlavələr təyin edilmiş pensiyaların həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğlərinin və 2023-cü il yanvarın 1-dən pensiyaların tərkibinə daxil edilən maddi yardımların da qeyd olunan qədər indeksləşdirilməklə bu ilin əvvəlindən artırılması təmin edilir.

Artımlar elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir və pensiyaçıların bunun üçün hər hansı sənəd təqdim etmələrinə, müraciətinə ehtiyac yoxdur.

Yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödəniləcək.

Məsələn, şəxsin pensiyası 500 manatdırsa, bu məbləğ cari il yanvarın 1-dən 11,2 faiz, yəni 56 manat artırılmaqla 556 manata çatdırılacaq, yanvar ayının 56 manat artımı da fevral ayının pensiyasına əlavə olunaraq veriləcək.

Ümumilikdə 1,1 milyon pensiyaçını əhatə edən artımlar üçün illik əlavə olaraq təqribən 630 milyon manat xərclənəcək.

Qeyd edək ki, pensiyaların indeksləşdirilməklə artırılması ötən ilin əvvəlindən bütün növ pensiyalara şamil olunur.

Hazırkı artım da həm ümumi əsaslarla pensiya təyin olunmuş, həm də qulluq stajına görə əlavə alan pensiyaçıları (pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.) əhatə edir.

Sərəncamla tətbiq edilən indeksasiya üzrə artım 2023-ci il üzrə orta inflyasiya dərəcəsini (8,8 faiz) üstələyir.

Eyni zamanda, Sərəncamla istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarında 2024-cü il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da 8,8 faiz indeksləşdirilərək artırılır. Məsələn, şəxsin fərdi hesabında 50 min manat pensiya kapitalı toplanıbsa, bu məbləğ 8,8 faiz, yəni 4400 manat artırılmaqla 54 400 manata çatdırılacaq”, – məlumatda qeyd edilib.