Zərdabda “Şəhid Anar Məmmədzadə: “Bayraq mənim namusumdur!” adlı sənədli film və eyniadlı kitabın təqdimatı olub

0
4159

Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Gəncliyə Dəstək” İctimai Birliyi təşkilatının üzvü olmuş, Zərdab şəhidlərinin ən gənci olan, ictimai aktiv 21 yaşlı Məmmədzadə Anar Nazim oğlunun xatirəsinə həsr olunmuş “Şəhid Anar Məmmədzadə: “Bayraq mənim namusumdur!” adlı sənədli filmin və eyniadlı kitabın təqdimatını keçirib.

“Gəncliyə Dəstək” İctimai Birliyindən Zerdab.com-a verilən məlumata görə, təqdimat Zərdab rayon Heydər Əliyev Mərkəzində 150 nəfərin iştirakı ilə təşkil olunub.

Tədbirdə Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, icra hakimiyyətinin nümayəndələri, digər yerli dövlət strukturlarının rəhbərləri və şəhid ailələri iştirak ediblər. Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Təşkilatın sədri Vəfa Xəlilli çıxış edərək layihənin icra müddəti haqqında məlumat verib. Donora və dəstək göstərən bütün qurumlara təşəkkürünü bildirib. Filmin çəkilişinin yaradıcı heyət rəhbəri Vüsal Rəhimov filmin yaranma tarixi barədə danışıb. Şəhid Anar Məmmədzadənin atası Nazim Babaşov çıxış edərək əməyi keçənlərə təşəkkürünü bildirib.

Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev şəhidlərimizin ailələrinə göstərilmiş diqqət və qayğıdan danışaraq

şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyib. O, eyni zamanda, “Gəncliyə Dəstək” İctimai Birliyinin fəaliyyətini yüksək qiymətləndirib, Azərbaycan Gənclər Fonduna təşəkkürünü bildirib.

Sonra “Şəhid Anar Məmmədzadə: “Bayraq mənim namusumdur!” adlı sənədli film təqdim edilib.

Layihənin məqsədi ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən şəhidlərimizin tanıdılmasıdır.