“Əkinçi”nin yaranmasında Mirzə Fətəli Axundovun rolu

0
10308

Hər bir Azərbaycan ziyalısına məlumdur ki, 22 yaşından ömrünün sonunadək Tiflisdə yaşayan Mirzə Fətəli Axundov öz rəsmi məşğuliyyətindən əlavə 1836-1840-cı illərdə Tiflis qəza gimnaziyasında Azərbaycan dilindən dərs deyir. Sonra öz yerini müəllimi Mirzə Şəfi Vazehə verir.

Tiflis ədəbi mühiti M.F.Axundovun ictimai görüşünün formalaşmasında böyük rol oynayır. O, burada Abbasqulu ağa Bakıxanovla, İsmayıl bəy Qutqaşınlı, eyni zamanda gürcü ədibləri Georgi  Sereteli, Qriqori Arelyani ilə görüşüb tanış olur.

Artıq Tiflisdə nüfuz sahibi olan Mirzə Fətəli Qasım bəy Zakirin sürgündən qayıtmasına kömək edir. Dostu və yaxın silahdaşı olmuş Həsən bəy Zərdabinin Tiflisdə “Torpaq palatası”nda işləyərkən çar məmurları tərəfindən ona qarşı sui-qəsdin qarşısı dövlət qulluğunda işləyən M.F.Axundovun müdaxiləsi nəticəsində alınır.

Azərbaycan milli dramaturgiyasının, realist bəddi nəsrin, realist janrın banisi, maarifçilik hərəkatının böyük ideoloqu, yazıçı, şair, filosof, ictimai xadim olan Mirzə Fətəli Axundovun çoxsahəli və çoxşahəli fəaliyyəti ilə tanış olan, onun irsini araşdıran, tədqiq edən ziyalılarımız, alimlərimiz bu tarixi şəxsiyyətin 1837-ci ildə Puşkinin ölümünə yazdığı “Şərq poeması”, 1850-1857-ci illər ərzində bir-birinin ardınca yazıdığı “Hekayəti Molla Xəlil Kimyagər”, “Hekayəti Müsyo Jordan Həkimi – Nəbatət və Dərviş Məstəli Şah Cadüküni Məşhur”, “Sərgüzəşti – Vəziri – Xani – Lənkəran”, “Hekayəti Xırsi – Quldurbasan” dramlarını, “Mürafiə Vəkillərinin hekayəti”, “Aldanmış Kəvakib (Hekayəti – Yusifşah)” satirik povestləri, eyni zamanda 1859-1865-ci illərdə yazdığı “Təhristi kitab”, “Nəzm və nəşr haqqında”, “Tənqid risaləsi”, “Kamalüddövlə məktubları” adlı məqalələri, səhnələşdirilmiş tamaşaları və filmləri ilə tanış olduqda hər bir ziyalı alim, sənətkar, adi tamaşaçı bu dahi şəxsiyyətin nə qədər dərin istedada, böyük dünya görünüşünə malik olduğunu görür və onun Azərbaycan xalqının, millətinin tərəqqisi, gələcəyi yolunda göstərdiyi tarixi xidmətlərini dəyərləndirir.

Onun yazdıqları, səhnələşdirilmiş tamaşalar, filmlər bu günün özündə də çox aktual səslənir.

Həsən bəy Tiflisdə “Torpaq palatası”nda işləyərkən M.F.Axundovla mütəmadi ünsiyyətdə olmuşdur. Zərdabi yazırdi ki, M.F.Axundov yazdığı komediya kitabının bir cildini o vaxtı mənə vermişdi. Bir gün Bakı gimnaziyasında oxuyan müsəlman balalarını bir yerə yığıb, Axundovun komediyalarını onlara oxudum və təvəqqi elədim ki, bu əsərlərdən birini seçib oynasınlar. Onlar “Hacı Qara”nı seçdilər. Biz rolları bölüşdürdük və tamaşaları hazırlamağa başladıq. Gimnaziyanın otaqlarından birində teatr çıxardıq. Əvvəlinci teatrımıza gələn müsəlman az idi. Bu ilk tamaşanı müvəffəqiyyətlə verdik.

Bütün bu göstərilən məsələlərin həyata keçirilməsi ilə xalqının maariflənməsinin tam şəkildə mümkünsüzlüyünü yaxşı bilən, millət fədaisi Həsən bəy xalqı ilə danışmaq, sözünü demək, ideyalarının həyata keçirilməsində əsas vasitə olaraq ana dilində qəzet nəşr etməyin zəruriliyini qarşısına məqsəd qoyur.

Qəzetin açılması məsələsinin süründürməçiliyə salınması və çətinliklərlə qarşılaşan Zərdabi dostu Axundova yazdığı məktubunda deyirdi: “Siz mənim çap olunması nəzərdə tutulan qəzetimin əməkdaşı olmaq istəyirsiniz. Sizə təşəkkür edirəm. Lakin bədbəxtlikdən mən indiyədək icazə almamışam. Sizin baron nə fikirləşir, bilmirəm, ancaq mənə elə gəlir ki, o, qəzetə pis münasibət bəsləyir. Xülasə, gəlin fala baxmayaq, nə olacağını görərik. Əlbəttə qəzetin nəşr olunması haqqında elanı Sizə də göndərəcək və xahiş edəcəyəm ki, onun yayılmasına köməklik göstərəsiniz”.

Həsən bəy yaxşı bilirdi ki, xalqı bir məqalə, yaxud bir neçə pyes yazmaqla, tamaşa göstərməklə oyatmaq olmaz. Bu işdə əsas vasitə olaraq ana dilində qəzetin nəşr olunmasını görürdü.

Zərdabi elə sözü gedən bu məktubunda Axundova yazırdı: “Zənn etməyin ki, xalq maarifinə balaca bir məqalə, yaxud pyes ilə nail olmaq mümkündür. Xeyr, bunun əziyyəti Siz fikirləşdiyinizdən çox çoxdur! Bunun üçün bir nəfərin, hətta onlarca rəhbərin həyatı və əməyi azdır. Bəlkə Sizi bir sual dayandırır ki, nə üçün başqası yox, məhz Siz, özü də müftə zəhmət çəkməlisiniz. Halbuki “sağ ol” eşitməyə də ümüd yoxdur. Əgər belədirsə mən bunu başa salmağı lazım görürəm ki, söhbət xalqa, maarifə məhəbbət haqqında gedən zaman belə sual artıq və yersizdir… Öz həyatını xalqın… maariflənmasinə həsr edən adamı belə fikirlər dayandırmamalıdır, o, mükafatını öz varlığında tapır, o, öz vicdanını təmizləyir”.

Mirzə Fətəli Axundov dostu Həsən bəy Zərdabiyə belə bir məktub yazır: “Əzizim, gözümüzün işığı Həsən bəy, sən hər qəzetində bir müsəlman tayfasına elmin fəzilətini və səməratını zikr edib bizə hey təklif edirsən: elm öyrənin, elm öyrənin… Çox yaxşı, sözün baməna və nəsihətin müfiq və xeyirxahlığın sabit. İndi biz hazırıq ki, sənin nəsihətini əmələ gətirək. Bizə de görək elmi harada öyrənək, kimdən öyrənək və hansı dildə öyrənək? Əgər şəhərlərdə öyrənək, şəhərlərdə məktəbxanalar yoxdur. Əgər külli şəhər xalqı padşahlıq məktəbxanalarında oxusalar, yer tapılmaz. Deyəcəksən ki, özümüz şəhərlərdə məktəbxanalar bina edək, çox yaxşı, hansı istitaət ilə (maliyyə)? Bərfəruz ki, etdik, müəllimləri haradan alaq? “Türki və farsı və ərəbi dillərində elm bilən müəllimlər yoxdur və bu dillərdə elm kitabları yoxdur, bəs necə edək? Deyəcəksən ki, rus dilində oxuyun, öyrənin. Çox yaxşı, şəhərlərdə məktəbxanalar açdıq, rus dilində elm öyrənməyə başladıq. Kənd əhlimiz necə etsinlər, kəndlərdə də məktəbxanlar açaq və müəllimlər gətirdək, ya yox? Əgər deyirsən açın, insaf elə, hansı istitaət ilə və hansı qüdrət ilə?

Rusiya dövləti bu istitaət və qüdrət ilə kəndlərdə, məktəbxanalar bina etməyibdir ki, biz füqarə necə edək? Əgər deyirsən ki, kənd əhli qalsın, ancaq şəhər xalqı elm öyrənsin, onda sənin muradın əmələ gəlməz, bir gül ilə bahar olmaz. Şəhər xalqı kənd əhlinə nisbətdə qətrədir dəryaya nisbət. Bəs bica yerə bizə tənə etmə, əl çək bizim yaxamızdan. Elm öyrənməyə istitaət gərək, vəsilə gərək. Əvvələn istitaətimiz yoxdur, səbəbini izah etməyə cürət yoxdur. İttifaqımız da yoxdur. Qafqaz cəbhəsində sakin olan müsəlmanların yarısı şiədir, yarısı sünni. Şiələrin sünnilərdən zəhləsi gedir, sünnilərin şiələrdən. Heç biri bir-birinin sözünə baxmaz, ittifaq hardan olsun?..”.

Bu məktubu ilə bağlı Həsən bəy Zərdabi Mirzə Fətəli Axundova belə bir cavab yazır:  “Ey mənim dostum, ərz edirəm ki, o kağız (yəni yazdığı məktub) qışın çilləsində olan çovğun kimi onu diqqət ilə oxuyanın bədəninə qorxu lərzəsi salır. Doğrudur, bizim zəmanədə elmsiz qalan millətin puç olmağı məlum və aşkardır və əgər elm təhsil etmək üçün istitaət, ittifaq, vəsilə gərək imişsə və bunlardan heç biri biz müsəlman tayfasında yox imiş və ola bilməz imiş, bəs belə də sizin kağız bəzi elm təhsil edənlərin sözünü təsdiq edir ki, deyirlər gələcəkdə müsəlman milləti bisəmərə olacaq. İş, həqiqət belə deyil. Bu, siz buyurduğunuz qədər müşkül deyil. Bu halda bizim vilayətdə ildə 100 manat verməyə tavannası çatan 500 adam tapılar və əgər onlardan 200-cən adam işdən xəbərdar olub öz millətini bisəmərə olmaqdan qorumaq istəyə, onda hər ildə 20 min manat cəm etmək olar.

Ey mənim dostum, heç bilirsiniz bu məbləğ ilə nə qayırmaq olar? Əvvələn, on ilə bir çapxana açmaq olar ki, orada qəzet və elm kitabları çap olunub müftə və ya bir cüzi qiymətə xalqa paylansın. Tiflis və ya başqa şəhərdə bir məktəbxana açmaq olar ki, hər 300 ev o məktəbxanada öz xərci ilə bir uşaq oxutsun. Həmin uşaqlar təhsil aldıqdan sonra onları şəhərlərə və ya kəndlərə aparıb evə 1 manat vermək ilə məktəbxana aça bilər. Bu halda Qafqazın şəhərlərində və kəndlərində məktəbxana aça bilərik ki, orada öz dilimizdə uşaqlarımız təlim olunsun və yəqin ki o vaxt indikindən yaxşı müsəlman olarıq.

Bilirəm mənim dostum, bu sözü eşidib güləcəksiniz ki, bu xəyaldır. Doğru deyirsiniz, həqiqət bu xəyaldır. Amma onun xəyal olmağına səbəb biz özümüzük. Bizə ki, göydən kömək gəlməyəcək, əgər bisəmərə olmaqdan özümüzü mühafizə etmək istəyirik, qəflətdə olmaq nə lazım. Yəqin deyəcəksiniz ki, ittifaqımız yoxdur, sünni, şiə sözü bizə mane olur. Əzizim, bizim zəmanədə və vilayətdə sünni, şiə sözü yalnız anlamaz ağzında qalıb. Bəs mənim dostum, halva-halva deməklə ağız şirin olmaz, siz də mənim kimi baldırınızı çırmalayıb meydana daxil olun ki, bəlkə zikr olan xəyal əmələ gəlsin, yoxsa doğru deyirsiniz ki, bir gül ilə bahar olmaz”.

“Əkinçi”nin fəaliyyətə başlaması ilə Həsən bəy dostu Axundova bir yazı göndərib  xəyalları qəzet vasitəsilə gerçəkləşdirməyə, millətinin nümayəndələrini başa salır.

O, “Əkinçi”nin 29 mart 1876-cı il tarixli, 6-cı nömrəsində yazırdı: “Bir neçə ildir ki, Osmanlı dövləti məktəbxanalar açıb, hər bir elmi öz dillərində xalqa öyrədir. Çünki onların kitablarını bizim kimi adama oxumaq çətindir, ona bianən yaxşı olurdu ki, bizim millət qeyrəti çəkən qardaşlar bir icma bina edib, ol kitablardan gətirib, bir az dəyişdirib, çapxana açıb öz dilimizdə çap elədib, xalqa müftə, ya bir az qiymətə paylasın ki, bizim məktəbxanalarda şair kitablarının əvəzində ol kitablar oxusun… Elm kitablarımız olsa, onları oxurlar və necə ki, su damcı düşmək ilə daşı deşər, habelə ol kitabları oxummaqdan elm və ədəb mürur ilə xalqın könlündə nəqş bağlayıb möhkəmlənər”.

Axundov dil islahatının həyata keçirilməsi uğrunda ciddi mübarizə aparmışdır ki, milləti öz əlifbasında yazıb, oxuya bilsin, yazılanları yaxşı başa düşə bilsinlər.

Mirzə Fətəli Axundov Həsən bəy Zərdabiyə 21 aprel 1875-ci il tarixli məktubunda yazırdı: “Sizin qəzetinizin məziyyətlərindən biri elə üslub gözəlliyi, məlumatların şərhinin incəliyi və aydınlığı, orfoqrafiyasının düzgünlüyüdür. Ona görə ki, Sizin qəzetiniz, eyni zamanda öz məqsədləri ilə tatar dilinin (əlbəttə tatar dili deyəndə Azərbaycan dili nəzərdə tutulurdu) qüsurlardan təmizlənməsinə çalışmalı və nümunə olmalıdır. Orfoqrafiya barədə qoy Sizin gələcək redaktorunuz mənim komediyalarımın imla qaydalarını əsas tutsun” (AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutu, H.B.Zərdabi fondu, sənəd №176/7676).

Qeyd edək ki, dil islahatı ilə bağlı M.F.Axundovun dəfələrlə İrana, Türkiyəyə getməsində əsas məqsədi ərəb əlifbasını dəyişdirməkdən ibarət idi. Mətbəələrdə olan çətinliyi və bir sıra məsələləri nəzərə alaraq dil islahatında dəyişikliklər edilməsi barədə məsələ qaldırmasına baxmayaraq Axundov məqsədinə nail ola bilmir. Bu arzu, istək qismən onun dostu Həsən bəy Zərdabi tərəfindən həyata keçirildi. 1875-ci ilin 22 iyul tarixində “Əkinçi” qəzetinin nəşri ilə ana dilli mətbuatımız yaradılır.

ekinci-qezeti-milli-metbuat-hesen-bey-zerdabi.png

Deməliyəm ki, bu məsələdə Axundovun dostu, silahdaşı Zərdabi nəşr etdirdiyi “Əkinçi” qəzetinin nizamnaməsində dil məsələsinə əsas yer verərək Azərbaycan dilini ərəb və fars sözləri ilə dolduranlara qarşı mübarizəyə qalxır və beləliklə milli publisistik dilinin əsasını qoyur. O, deyirdi ki, istəyiriksə Azərbaycan milləti yaşasın, qabağa getsin, elmi və mərifəti olsun, mədəniyyəti olsun, ona dil verin, çünki, azərbaycanlılar Türkiyə və İran istismarı zamanı öz dillərini itiriblər.

Qeyd edək ki, şərqşünas, tarixçi, türkşünas və filoloq Mirzə Kazım bəy (1802-1870) ərəb əlifbasının dəyişdirilməsi məsələsində Mirzə Fətəli Axundovla həmfikir olmuş, onu müdafiə etmişdir. Onu da diqqətə çatdıraq ki, dilimizin ilk elmi qramatikasını Mirzə Kazım bəy yazmışdır.

Azərbaycan dilinin, ədəbiyyatının, poeziyasının inkişafı tarixində böyük tarixi xidmətləri olmuş, diplomatik əlaqələrin yaxşılaşdırılmasına çalışan, müsəlman Şərqində ilk müdrik, uzaqgörən, tədbirli dövlət xadimləri kimi tanınmış, xarici işğalçılara qarşı mübarizələrin fəal təşkilatçıları olmuş dahi insanların həyatı və yaradıcılığı Həsən bəy Zərdabinin diqqətindən bir an belə yayınmamış, onların hər birini böyük məhəbbətlə sevmişdir. Məhz onlardan biri dərin biliyi, hərtərəfli istedadı ilə seçilmiş, bir çox məsələlərdə xüsusi xidmətlər göstərmiş, həmçinin qoşmaları, təcnisləri, qəzəlləri, müxəmməsləri, müstəzadları və s. Həsən bəy Zərdabinin dilinin əzbəri olan Molla Pənah Vaqif (1717-1797) olmuşdur.

Sözün əsl mənasında qeyd etmək lazımdır ki, Həsən bəydə Vaqif şəxsiyyətinə, onun yaradıcılığına qarşı yaranmış isti, dərin məhəbbətin, vurğunluğun ən başlıca səbəbkarı yaxın dostu, silahdaşı dahi ədib – mütəfəkkir M.F.Axundov olmuşdur. Çünki onunla mütəmadi olaraq yaxın əlaqədə olan Zərdabi yaxşı bilirdi ki, Mirzə Fətəli daim Vaqif və eləcə də Qasım bəy Zakir yaradıcılığının işıqlandırılmasına, çapına təşəbbüs göstərmişdir.

Mirzə Kazım bəy ömrü boyu Azərbaycandan uzaqlarda yaşasa da, vətəni ilə əlaqələrini heç zaman kəsməmişdir. O, Abbasqulu ağa Bakıxanovun, M.F. Axundovun, H.B.Zərdabinin və bir çox dahi mütəfəkkirlərin yaradıcılığına yüksək dəyər vermişdir.

Mirzə Fətəli Axundovun anadan olmasının 100 illik yubleyi münasibəti ilə ən maraqlı məqalələrdən birinin müəllifi Azərbaycanın ilk fizika alimi, professor, tanınmış publisist və teatrşünas, milli ali təhsil qurucularından biri olan, Həsən bəy Məlikov – Zərdabinin qardaşı oğlu Rəhim bəy Məlikov (1886-1936) olmuşdur. O, “Baku” qəzetində (1911, 17 oktyabr) çap etdirdiyi “Unudulmaz xatirə” adlı məqaləsində M.F. Axundovun anadan olmasının 100 illiyinin Azərbaycan xalqının mədəni və ictimai həyatında oynadığı rol haqqında bəhs etmiş və onun ədəbi-mədəni fikir tariximizin inkişafında xidmətlərini yüksək qiymətləndirmişdir.

Mirzə Fətəli Axundov – görkəmli Azərbaycan yazıçısı, materialist, filosof, ictimai xadim, Azərbaycan dramaturgiyasının  banisi, Həsən bəy Zərdabinin böyük dostu, məsləhətçisi, məsləkdaşı olmuşdur. Axundov “Əkinçi” qəzetinin nəşrinə böyük əhəmiyyət vermiş, onun səhifələrində “Vəkili-milləti-naməlum” imzası ilə məqalələr dərc etdirmişdir.

Əkinçi (qəzet) — Vikipediya

Sonda onu qeyd etmək istəyirəm ki, Milli Mətbuatımızın 150 illik yubileyinin ölkəmizdə geniş şəkildə qeyd olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının verdiyi 25 aprel 2025-cü il tarixli Sərəncam tarixi əhəmiyyət kəsb etməklə yanaşı, yalnız ölkəmizin çoxsaylı mətbuat və informasiya orqanları üçün deyil, bütövlükdə dünya azərbaycanlıları üçün böyük bir bayrama, sevincə səbəb olmuşdur.

Eldəniz Həsənov,

Aqrar elmləri üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” və “Ali Media” mükafatı laureatı, Zərdabişünas, Azərbaycan Kooperasiya Universitetinin dosenti.