
Sözə-hikmətə dəyər verən əziz Zərdablılar!
Azərbaycan şifahi xalq ədəbiyyatı qaynar bulaqdır. Min illərdir ki, bir qətrə suyunu azaltmadan axır-axır. Bir yeni söz üçün əlimizə dəmir əsa alıb, ayağımıza dəmirdən çarıq geyinərək oba-oba, oymaq-oymaq dolaşırıq, amma yenə də hardasa bir ocaq başından xəbər tuta bilmirik, hardasa sinəsi el yatırı ilə dolu olan bir ürək diqqətdən kənarda qalır.
Bu belə də olmalıdır. Çünki el-ağız ədəbiyyatı bir günə, beş günə, on günə bir adam, beş adam, on adam tərəfindən yaranmamışdır. Bu ədəbiyyatı el yaratmışdır. Elin yaratdığını elliklə toplamaq gərəkdir. Deyilən hər bir söz, hər bir kəlmə sanana-sanana, sınana-sınana, cilalanmış, vətəndaşlıq hüququ qazanaraq folklor örnəklərinə daxil olmuş və günümüzə qədər gəlib çatmışdır.
Əziz zərdablılar!
Müşahidələr göstərir ki, Zərdab rayonu folklor örnəkləri ilə zəngindi. Özü qədər folkloru da yüzillikləri adlayan bu bölgənin el-ağız ədəbiyyatını toplayıb təqdim etməkdə gecikmişik. Baxmayaraq ki, bir sıra rayonların folklor nümunələri ötən yüzilliklərdən toplanıb çap edilmişdir. Ziyanlığın yarısından deyiblər, əzizlərim. Gec də olsa, Zərdab rayonunun folklorunu toplamaq, onu nəşr edib geniş oxucu auditoriyasına təqdim etmək niyyətindəyik. Bunun üçün bizim mənəvi dəstəyə ehtuyacımız var. Bu işdə bizim hər birimizdən vətəndaşlıq qeyrəti tələb olunur.
Hörmətli həmyerlilərimiz! Hazırda Zərdab rayonunda sinəsi el-ağız ədəbiyyatı ilə dolu olan nənələrimiz, babalarımız, eləcə də bu sahədə maraqlı olan şəxslərimiz qədərincədir. Bu nənələrin, babaların sinələrində söz yatırı pünhan qalır. Biz bayatı nənələrin, nağıl babaların sinələrində hələlik gizli qalan söz xəzinəsini vaxtında toplamasaq,bu folklor nümunələri həmin nənə-babalarla birlikdə dünyasını dəyişəcəkdir.
Demirik ki, altdan geyinib üstən qıfıllanaraq, üstən geyinib altdan qıfıllanaraq bütöv həyatınızı bu işə həsr edin, xeyr, belə demirəm. Deyirəm ki, heç olmasa hər brimiz bir sözün qulpundan yapışaq. Hərəmiz bir sözə söykək olsaq, nə imiş bir rayonun folklor kitabını (bir yox, bir neçə kitabını) ortalığa qoymaq. Bu tək adamın işi deyil, axı.
Hörmətli zərdablılar! Sizdən xahiş edirəm ki, Zərdab rayonunun el-ağız ədəbiyyatı nümunələrini toplamaq üçün bizə yardımçı olasınız. Biz Zərdab rayonunun folklorunu toplamaqla Azərbaycan şifahi xalq ədəbiyyatı xəzinəsini xeyli zənginləşdirmiş olarıq.
Toplanan materialların bu ünvana göndərilməsi xahiş olunur. (zerdabi_em@mail.ru)
Whatsapp 050 344 76 01
Sizə uğurlar diləyirəm. “Zərdab rayonu antologiyası” kitabının birinci cildinin təqdimatında görüşənədək! İnşallah!
Hörmətlə Elman Qasımov,
Azərbaycan Jurnalistlər və Yazıçılar Birliklərinin üzvü








