Zərdabda 25 il sonra həyəcanlı görüş…

0
9406

Hardan başlayacağımı özüm də bilmirəm… Qəlbdən süzülüb qələmlə sətirlərə düzüləcək həyəcan dolu cümlələr… Mövzunu gözəlləşdirəcək uşaqlıq illərinin xatirələri… Arzular, xəyallar, istəklər… Gerçəklər…

Heç də az müddət deyil… 25 il… Belə bir deyim var el arasında: “Bir igidin ömrüdür.”

İllər var ki, heç xatırlanmaz, illər də var ki, heç vaxt unudulmaz…

Həm yaddaşlara, həm də qəlblərə köçən illər var… Məktəb illəri kimi… Qəlbimizin dərinliklərinə həkk etdiyimiz, gələcəyimizə yol açan o gözəl illər…

Bizim məktəb illərimiz Azərbaycanımızın çox çətin sınaqlardan keçdiyi bir dövrə təsadüf etmişdi. Çox çətin dövrü geridə qoyub müstəqilliyə yenicə qədəm qoymuş Vətənimizin ilk birincilərindən idik biz…

Həmçinin XXI əsrin ilk məzunları…

Çevrilən səhifələrdə yarıyuxulu xatirələrə toxunduq…

Tam 25 il sonra balaca ayaqları ilə o məktəbə qədəm qoyan, toppuş əlləri ilə hərfləri yazan, böyümüş məsum baxışları ilə kitabları vərəqləyən o uşaqlar görüşürdü…

Çox böyük həyəcanla o günü gözləyirdi hamı. Düzdür, bəzi uşaqlar bir-biri ilə əlaqə saxlayırdı. Amma bir yerə yığılıb keçmişə qayıtmağın sevinci bir başqa idi…

Mən iki sinif dəyişdiyimə görə bu sevinci iki dəfə yaşadım.

Həm “A” sinfində, həm də “B” sinfində təhsil almışdım. Baxmayaraq ki, 9 il “A”, 2 il isə “B” sinfində oxumuşdum, amma hər iki görüşdə iştirak etmək istəyirdim. Hər iki sinif mənim üçün doğma və əziz olub.

Hər iki təklifi dəyərləndirməli idim. Belə gözəl fürsəti əldən qaçırmaq olardımı?

İlk olaraq “A” sinfinin uşaqları ilə görüşümüz oldu.

Çox səmimi, maraqlı bir görüş keçdi. Doqquz ili bir parta arxasında əyləşdiyimiz uşaqları görmək, yadda qalan uşaqlıq illərimizə qayıtmaq, söhbətləşmək o qədər xoş idi ki…

Təsəllim vardı… Yenidən məktəb illərinə “dönəcəkdim”.

Bir həftə aralığı ilə ikinci görüşə hazırlaşdım. Həyəcan dolu günlər yavaş-yavaş azalırdı. Artıq həmin gün gəlib çatmışdı.

Doğma məktəbimiz — Həsən bəy Zərdabi şəhər H. Zərdabi adına 1 nömrəli məktəb-liseyinin böyük darvazasının qarşısına gəlməli idik.

Çatdı həmin dəyərli dəqiqələr…

Çox qəribə, izaholunmaz, heç nəyə bənzəməyən hisslər keçirir insan. Ümumiyyətlə, məktəb adlandırdığımız məkan bizim ayrılmaz, qopmaz bir parçamızdır. Hansı ki, orada bizim dəcəlliyimiz, saflığımız, uşaqlığımız yatır.

O məşhur mahnıda deyildiyi kimi: “Özümüzü biz hamıdan ağıllı, özümüzü nə bəxtəvər sanırdıq…”

Həqiqətən də qədrini bilmədiyimiz illərdən uzaq düşmüşük… Nə az, nə çox — düz 25 il.

Məktəbə hər gün gələndə məktəbin həyətində səhər idmanı edərdik. Sonra siniflərimizə “qaçardıq”.

Tez-tez yuxuma girir o günlər… Gah dərsə gecikirəm, gah da imtahana…

Tənəffüsdə dəhlizin bir tərəfində yığılıb söhbət edən kişi müəllimlər vardı.

Atam da onların arasında olardı. Çəkinə-çəkinə dəhlizə daxil olub salam verərdik.

Məktəbin direktoru Elbrus müəllim, müavini Saday müəllim, Məlikmahmud müəllim, Rəfi müəllim, atam orada dayanıb söhbət edərdilər. Uşaqlar da bu kişi müəllimlərini görüb hərəkətlərinə bir çəki-düzən verərdilər.

Üstündən illər keçsə də, hələ də gözüm o dəhlizdə, əllərini arxasına qoyub müəllimlərlə söhbət edən atamı axtarır…

Allah dünyadan köçən bütün müəllimlərimizə rəhmət eləsin.

Acılı və şirinli xatirələrin arasında bir körpü quracaqdıq bu gün.

Bax, o günlər ki var idi… Qədrini bilmədiyimiz… Onlar üçün çox darıxmışdıq…

Qayıdaq bu gözəl günə…

Məktəbin həyətində oğlanlarımız müəllimlərə və bizə gül dəstələri təqdim etdilər. Bir az da bizi duyğulandırdılar.

Çox qəribə hisslər vardı içimdə. Sanki kiçik mənlə böyük mən üz-üzə idi. Nə böyük mən o tərəfə, nə də balaca mən bu tərəfə keçə bilirdi…

Məktəbin pilləkənlərini qalxdıqca o səs-küylü uşaqlıq illərinə döndüm. Məktəbimiz təmirdən sonra nə qədər dəyişmiş olsa da, uşaqlığımın istiliyi hələ də orada “yuxulayıb yatmışdı”.

O mürgülü xatirələri oyatmadan sinif otağına keçdik.

Mənim ibtidai sinif müəllimim Sara müəllimə olmayıb. Amma Sara müəllimənin danışığı məni o qədər kövrəltdi ki, onun səsindəki həyəcanı, danışdıqca yaşaran gözlərini görməmək, çırpınan ürəklərin səsini eşitməmək mümkün deyildi.

Müəllimə elə sevinclə danışırdı ki…

Həm Sara müəllimə, həm də Zenfira müəllimə duzlu-məzəli danışığı ilə otağa sanki bir günəş doğmuşdu. Gözlər önündə rəngli bir keçmiş işıqlandırılmışdı.

Budur, artıq məktəbin həyətindəyik. Məktəb həyəti də çox dəyişib… Az deyil axı — 25 il… Təbii ki, dəyişəcək.

Dəyişməyən tək bir şey var — qəlbimizin dərinliyində özünə yer edib hər zaman öndə olan uşaqlığımız.

Məktəbin həyətindəki ağaclar da dəyişib, daşlar da dəyişib. Dəyişməyən o divarlardan bizə: “Mən sizin doğma məktəbinizəm” deyən sədası idi sanki. Bizə qucaq açan, səhvimizlə, düzümüzlə bizi qəbul edən, izahı olmayan doğma məktəbim!

Ayrılan zamanı dəyərləndirmək üçün restoranın salonuna tələsirik. Bəzən belə görüşlərdə səslənən melodiya ilə xatirələr vəhdət halında yeni bir dünya yaradır və sən o dünyanın ortasında yolunu seçə bilməyən sakin kimi qalırsan. Həm ağlamaq, həm hayqırmaq, həm də sevinmək istəyirsən. Əvvəldə dediyim kimi, izahı olmayan hisslər yaşayırsan.

Orada hər kəs sənin doğmandır, hər kəs sənin əzizinə çevrilir. Kini bir tərəfə atırsan, utancaqlığı tamam başqa tərəfə atırsan və əsl sən olursan.

Bax budur uşaqlıq… Səni səndən alıb sən edən uşaqlıq… Ruhunun dərinliyində bəzən üşüyən, bəzən ağlayan həzin duyğulu uşaqlıq…

Məktəbi bitirənə qədər sən məktəbli sayılırsan. Müəllimin gözündə uşaqsan…

Müəllimlər bizimlə görüşəndə diqqət etdim. Onlar bu gün ailəli-uşaqlı, hər hansı bir vəzifədə işləyən insanlarla deyil, dərs dedikləri parta arxasında gördükləri uşaqlarla görüşürdülər. Onları bağırlarına basdıqca həm sevinir, həm də qürurlanırdılar.

Və məclisimiz başladı…

Birinci söz müəllimlərə verildi. İbtidai sinif müəlliməsi Sara müəllimə, tarix müəllimimiz Ömər müəllim, sinif rəhbərimiz Zenfira müəllimə öz ürək sözlərini dilə gətirdilər. Çox sevindiklərini, belə görüşün təqdirəlayiq olduğunu söylədilər.

Öz arzularını dilə gətirən müəllimlərimiz danışdıqca hiss olunurdu ki, qəlbləri qürur hissi ilə çırpınır.

Az müddət deyil axı… İllər sonra dərs dedikləri şagirdlərlə bir arada idilər.

Söhbətlər əsnasında bizi çox tez tərk etmiş (məktəbi bitirdikdən sonra) Elmini xatırladıq. Ruhu şad olsun.

Hər birimizə söz demək haqqı verildi və bundan yararlanıb ürək sözlərimizi dedik.

Müəllimlik müqəddəs bir peşədir. Hər birimiz bir sahədə çalışırıq. Hər birimizin peşəsinin altında o müəllimlərin imzası var.

Çox gözəl bir məclisimiz keçdi. Əməyi keçən uşaqların hər birinə xüsusi təşəkkür edirəm. Söhbət etdik, dedik, güldük, oynadıq…

Ömrümüzə yazılan gözəl günlərin üstünə bir gün də gəldi…

İnsan nə qədər böyüsə də, uşaq olmaq istəyir. Uşaqlıq illərinin də yadda qalan dövrü ən çox məktəb illərinə təsadüf edir. Ona görə də insan o illəri daha doğma bilir. O illər insanı daha çox duyğulandırır…

Danışdıqca daha da çoxalan bir mövzudur…

30, 35, 40, 50 illik görüşlər keçirmək diləyi ilə…

Leyla Yaşar