Zərdablı polis kapitanı, şəhid Bəhruz Hüseynov

0
5887
sehid polis-zerdab-behruz-huseynov

Bəhruz Hüseynov 18 noyabr 1957-ci ildə Zərdab rayonunun Alıbəyli kəndində dünyaya göz açıb. Zerdab.com saytı “Zərdab Simaları”na istinadən xəbər verir ki, o, 1977-1979-cu illərdə Sovet Ordusunda həqiqi hərbi xidmət keçib, hərbi borcunu layiqincə yerinə yetirib. Ordudan tərxis olunduqdan sonra Kalininqrad şəhərindəki (milis) polis məktəbinə daxil olub. Təhsilini başa vurduqdan sonra Sverdlovsk vilayətində polis orqanlarında xidmətə başlayıb, burada göstərdiyi xidmət və peşəkarlıq sayəsində polis baş leytenantı rütbəsinədək yüksəlib. Qarabağda erməni işğalçıları baş qaldıranda Bəhruz iş yerini Azərbaycana dəyişmək qərarına gəldi.
Vətənin ağır günlər yaşadığı bir vaxtda uzaqlarda, rahat şəraitdə yaşamaq Bəhruz Hüseynovun vicdanına sığmırdı. O, harada xidmət etməsindən asılı olmayaraq, özünü ilk növbədə Azərbaycan torpağının bir övladı hesab edirdi. Buna görə də iş yerini dəyişərək Azərbaycana qayıtmaq qərarına gəldi. Bu qərar sadəcə bir iş yeri dəyişikliyi deyildi. Bu, Vətənin harayına verilən cavab, doğma torpağın müdafiəsinə atılan cəsarətli bir addım idi. Bəhruz Hüseynov iş yerini Azərbaycana dəyişdikdən sonra Daxili İşlər Nazirliyinin göndərişi ilə Zəngilan Rayon Polis Şöbəsində xidmətə başlayıb. O, polis zabiti kimi qanunun və asayişin qorunması ilə yanaşı, torpaqlarımızın müdafiəsində də iştirak edirdi. Onun döyüş yolu Qubadlı, Zəngilan və Füzuli rayonlarının ərazilərindən keçdi.
Bəhruz Hüseynov 1994-cü il yanvarın 28-də Füzuli rayonunun ərazisində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid oldu. Bəhruz kimi qəhrəman oğullarla fəxr edirik. Allah cəmi şəhidlərimizə rəhmər eləsin.