Zərdabın qəhrəman oğulları Sırxavənd döyüşündə…

0
33

Gənclərimiz öz qəhrəmanlarını tanımalı, kimliyini bilməlidirlər ki, onları sevsinlər…

1990-cı ilin əvvəllərində könüllülərdən təşkil olunmuş Zərdab batalyonu öz igid oğulları, qəhrəmanları ilə seçilirdi. Bu gün sizə həmin igid oğulların keçirdiyi ağır döyüşlərdən biri və həmin döyüşlərdəki itkilər barədə məlumat verəcəyik. O igid oğullar ki, onlar bizim fəxrimiz, qürurumuzdur…
Qeyd etdiyimiz kimi, Zərdab batalyonu könüllülərdən təşkil olunmuşdu və cəbhənin qaynar nöqtələrində düşmənlə igidliklə vuruşurdu.
Qərərgahı Ağdamın Zəngişanlı kənd orta məktəbinin binasında yerləşən Zərdab batalyonu 1992-ci il iyunun 14-dən 15-nə keçən gecə Sırxavənd kəndi istiqamətində böyük qüvvə ilə hücuma keçən erməni silahlı qüvvələri ilə şiddətli döyüşə girdi. Bu döyüşdə Zərdab oğulları maksimum səviyyədə düşmənə müqavimət göstərdilər, mərdliklə vuruşdular. Düşmən qüvvələri istər texnika, istərsə də hərbçilərin sayı baxımından xeyli üstün görünürdü. Bütün bunlara baxmayaraq, döyüşçülərimiz geri çəkilmək bilmirdilər və son anacan mübarizə aparmaqda davam edirdilər. Ermənilər bu dirənişi görüb əsgərlərimizin sayının daha çox olduğunu zənn etdilər və döyüş bölgəsinə bir neçə saat ərzində yeni texnika və həbçi cəlb etdilər. Qüvvələrin qeyri-bərabər olduğu bu döyüşdə hərbçilərimiz çoxlu sayda düşmən əsgərini məhv etdilər. Ermənilər üz-üzə əsgərlərimizə qalib gələ bilməyəcəklərini görüb yeni plan üzərində işləməyə başladılar: mühasirə. Düşmənlərimiz döyüş bölgəsinə bir neçə saatın içərisində yeni hərbi qüvvə cəlb edib qarşı tərəfi mühasirəyə salmaq planını işə saldılar. Beləcə, bir neçə saat davam edən döyüşdən sonra hərbçilərimiz mühasirəyə düşdülər. Lakin bütün bunlara baxmayaraq, döyüşçülərimiz döyüşə-döyüşə mühasirəni yara bildilər. Düşmən sanki başını itirmişdi. Bu plan da baş tutmurdu…
Lakin çox təəssüf ki, bu ağır döyüşdə Zərdab batalyonunun 5 igid əsgəri itkin düşdü. Həmin döyüşdə itkin düşən həmyerlilərimiz bunlardır: Zərdab şəhər sakinləri, leytenant Əhməd Mamayev, Rofiq Eyvazov, Körpükənd kəndindən Ələsgər Əliyev, Gödəkqobudan Əfqanıstan müharibəsinin veteranı Tehran Soltanov, İsaqbağı kəndindən Müqtədir Soltanov.
Rofiqin bacısı Əminə xanım deyir ki, qardaşı cəbhəyə gedəndə 25 yaşı var idi: “Qardaşım qorxmaz insan idi. Zərdab batalyonunu, yəni qardaşımgili döyüşə yola saldığımız günü unuda bilmirəm. 1992-ci ilin may ayı idi… Cəbhəyə gedəndən bir həftə sonra qardaşım bizə məktub yazmışdı. Məktubdakı bir şeir indi də yadımdadır:
...Mən ki, bir əsgərəm, çatma qaşını,
Tökmə gilə-gilə gözün yaşını,
Şax dayan, köksünə əymə başını,
Qəlbində qəm izi qalmasın, Ana!..

Belə… Zərdab batalyonunun, Zərdab igidlərinin döyüş yolunu hər zaman xatırlamaq, bu barədə gənc nəslə bilgilər vermək borcumuzdur. Yaxşı olardı ki, Zərdab rayon Tarix Diyarşünaslıq Muzeyində Zərdab batalyonuna aid bir guşə də yaradılaydı…

Yazının davamı olacaq…