Kəndlərinə qaz çəkilsin, yolların abad olsun, zavod, fabrik açılsın istəyirəm

4
62
Bu foto Zərdab rayonunun Qoruqbağı kəndində çəkilib. Foto: www.zerdab.com
Zərdab. Foto: www.zerdab.com

Onu böyüdüb boya-başa çatdırmış ata-anasını unudan, xatırlamayan, ildə ən azı bir neçə dəfə üzünü görməyən və yaxud aparıb qocalar evinə atan övlada el arasında dəqiq bir ad verirlər – naxələf.

Allah bizləri bu adla damğalanmaqdan qorusun.

Ancaq mənə belə gəlir ki, naxələf adını təkcə anasını, atasını unudanlara deyil, həm də doğulub boya-başa çatdığı rayonu, kəndi, el-obanı yaddan çıxaranlara da şamil etmək lazımdır.

Əgər kənar yerdə yaşayan bir insan imkan düşəndə, vaxtı olanda öz doğma vətəninə, rayonuna, kəndinə getmirsə, yaxud elə rayonun özündə, kəndində yaşayırsa, qohumları ilə görüşmürsə, xəstələrini ziyarət etmirsə, ölülərinin məzarını yad etmirsə, öz ata-baba yurdunun vəziyyəti ilə maraqlanmırsa, o da naxələf insandır.

Nə yaxşı ki, bu xasiyyət məndə yoxdur. Yenicə ayrılmışam sənin qoynundan əziz Zərdabım. Ancaq o vaxtdan cəmi iki aya yaxın vaxt ötməsinə baxmayaraq, çox darıxıram sənin üçün…

Kənddə yaşayan o qədər adam var ki, səndən uzaqda, məsələn, elə Bakıda yaşamaq arzusundadır. Amma mən sənsiz özümlə bacara bilmirəm. Fikrim, zikrim elə hey sənin yanındadır.

Yaxşı ki, www.zerdab.com var, onunla müəyyən mənada təsəlli tapıram…

***

Mən səni çox sevdim, Zərdabım.

Qoynuna qayıdacağım günü səbirsizliklə gözləyirəm. Çünki yenə səninlə görüşəcəyəm.

Axşamlar kəndimizin təmiz havasını almağı, dostlarla, tanışlarla bir yerdə olmağı, sənə doya-doya tamaşa etməyi türklər demişkən, o qədər özlədim ki…

Sənin hər qarıcın, hər bölgən,  hər bir kəndin, hər sakinin mənim üçün doğmadır, əzizdir.

Mən Səni çox sevdim, Zərdabım. Elə ona görə də görüşəcəyimiz günü səbirsizliklə gözləyirəm.

Sənin hər uğurun mənim uğurumdur, sənin hər dərdin mənim dərdimdir.

İnsanlarını xoşbəxt, rahat, firavan, gözü-könlü tox, bütün problemləri həll olunmuş görmək ən böyük arzularımdan biridir.

Mən səni çox sevdim, Zərdabım.

İstəmirəm ki, insanların işsizlikdən, imkansızlıqdan başqa-başqa yerlərə üz tutsunlar, xaricdə, qonşu Rusiyada yaşamağa məcbur qalsınlar. Bir tikə çörəyə görə qürbətdə hər əzab-əziyyətə dözən, hər çətinliyə qatlaşan nə qədər övladların var…

Mən səni çox sevdim, Zərdabım.

İstəmirəm ki, insanların hər qış odun-ocaq dərdi çəksinlər. Sənin də hər bir kəndinə qaz çəkilsin, yolların abad olsun istəyirəm.

Mən səni çox sevdim, Zərdabım.

Zavod, fabrik, yeni iş yerləri açılsın qoynunda. Cavanlar bekarçılıqdan təngə gəlməsinlər. Özləri demişkən, nə vaxta qədər qara qəpik xeyir gətirməyən işlərlə məşğul olmaq, boş-boş vaxt keçirmək olar?! Hər axşam çayxanada, tində-dalanda nərd, domino oynamaqla, axşam da sallana-sallana evə getməklə bu işlərin axırı hara gedir. Ömür-gün də keçib gedir. Axı nə vaxta qədər, sonu varmı bunun? Ehhh, birdirmi, beşdirmi, hansını deyim?

Mən səni çox sevdim, Zərdabım.

Görəsən, “nisyə dəftəri” olmayan bir dənə də olsun mağazan varmı?

Mən səni çox sevdim, Zərdabım.

Yeri gəlib qoy bir sirr də açım. Hərənin bir qisməti var, heç kim bu dünyada nə qədər yaşayacağını bilmir. Mənim qismətimə hələ ki, 3 on illiyi tamamlamaq düşüb. Bundan sonrasına gəlincə, Allah kərimdir. Ancaq indidən yaxınlarıma məni sənin qoynunda dəfn etməyi vəsiyyət etmişəm.

Mən səni çox sevdim, Zərdabım.

Bu gün Sevgililər Günü idi. Bu yazını sənə olan sevgimdən yazıram. Deyirlər axı, sevgililər sevdiyindən Sevgililər Günündə hədiyyə umurlar. Qoy bu yazı da mənim sənə hədiyyəm olsun…

Mən səni çox sevdim, Zərdabım…

İmza: Səni sevən oğlun. Nə fərqi var, adı nədir…

4 ŞƏRH

  1. Mənim də sənə olan sevgim sonsuzdur, əziz balam! Heç vaxt səndən və digər övladlarımdan hədiyyə ummamışam..Çünki mənim ən böyük hədiyyəm sizlərin mənə sevgisidir..Mən bunu sizin hər addımınızdan, hər baxışınızdan hiss eləmişəm, duymuşam..Allah sizləri saxlasın!!! Var olun!!!Bu yazın bütün məni sevənlərin ürəyindən oldu..Səndən sonra neçə-neçə zərdablı məni gülər üzlə təbrik etdi…Təkcə Həsən bəyin yeri görünür…Bəlkə o da bu gün gəlibmiş mən görməmişəm…

  2. Cox gozel sevgi etirafidi tebi urekden gelen qaynar sevgini tesvir eden bir sevgi etirafi.

Comments are closed.