
Ədəbiyyat dərslərində yeni texnologiyaların, fəal-interaktiv yanaşmanın güclü və zəif cəhətləri
Fəal-interaktiv dərs məzmununa və quruluşuna görə xeyli fərqlidir. Fəal-interaktiv təlimin başlıca məqsədi şagirdləri fəallaşdırmaq, biliklərin qazanılmasında onların maksimum müstəqillik göstərməsini təmin etməkdir. O, mərhələlərinin çoxluğu, məzmunca mürəkkəbliyi ilə seçilir. Belə dərsləri təşkil etmək müəllimdən ciddi elmi-metodiki hazırlıq və böyük zəhmət tələb edir. Fəal-interaktiv təlim üzrə dərsin quruluşu, mərhələləri ənənəvi təlimin quruluşundan fərqlənir. Fəal-interaktiv dərsin mərhələlərinin təşkili müəllimdən təkcə böyük zəhmət yox, həm də yaradıcılıq tələb edir. Fəal-interaktiv təlimdə şagirdlərin idrak fəallığının təmin edilməsi hər şeydən üstün tutulur. Bu məsələdə isə iki cəhətə önəm verilir. Birincisi idrak fəallığının yaradılması, ikincisi onun davamlılığına nail olunmasıdır.
Ədəbiyyat dərslərində mövzunun öyrənilməsinin müəyyən mərhələsində məsələn, bədii əsərin təhlili ərəfəsində sinfə sualla müraciət edən müəllim şagirdlərin diqqətini mətləbə çəkir, “mövzu haqqında nəyi bilirik, nəyi bilmirik?” və s. Tədqiqat üçün sual məhz cavabların əsasında müəyyənləşdirilir. Bir nümunəyə baxaq. İ. Hüseynovun “Zəhər” əsərinin təhlilinə ayrılan dərsdə müəllim sinfə müraciət edir: Əsərin məzmununu dərindən mənimsədiniz. Artıq öyrəndiklərinizə əsasən suallara çətinlik çəkmədən cavab verə bilərsiniz: Yazıçı bu əsəri nə üçün “Zəhər” adlandırmışdır? Meşəbəyi Mirqasımın xarakterindəki başlıca cəhətlər hansılardır? Daşdəmirlə meşəbəyi Mirqasımı bir-birindən hansı cəhətlər fərqləndirir? Meşənin su altında qalması ərəfəsində göy ürgənin qəfil ölümünü təsvir etməklə yazıçı nə demək istəyir? (Şagirdlərin cavabları dinlənilir). Bu cür suallara çoxvariantlı açıq suallar deyilir. Açıq suallarda idrak fəallığını oyadan “Nə üçün?”,”Nəyə görə?” və s. sözlərdən istifadə edilməsi faydalıdır.
Proqrama uyğun olaraq Rəsul Rzanın “Mən torpağam” əsəri IX sinifdə tədris edilir. Şeirin tədrisinə proqramda üç saat ayrılmışdır.
Məktəb təcrübəsində, adətən, birinci saat məzmunun öyrənilməsinə, ikinci saat isə təhlilə həsr edilir. Təəssüf ki, şerin mayasında, alt qatlarında olan güclü bədiiliyi şagirdlər duymur. R. Rzanın bu şerinin şagirdlər tərəfindən qavranılmasının çətinliyi onun mənası, daha dəqiq desək mətnaltı mənası ilə bağlıdır. Həmin şeri yalnız insan və həyat, insanın taleyi, mübarizəsi barədə düşüncələri əks etdirən fəlsəfi şeir kimi tədris etmək onun məğzinin, mənasının, ideyasının birtərəfli çatdırılması olardı. Bu, həm də proqramın tələbinin nəzərə alınmaması kimi dəyərləndirilərdi. Çünki əsərdə sadə insan əlinin yaratdığı nemətlərdən, zəhmət adamlarından söz açılır, təkrirlər, bənzətmələr və bədii təzadlar yaradılır. Şair insanın həyatda qürurla, ləyaqətlə yaşaması üçün zəruri olan keyfiyyətləri sadalayır. İnsanı qranitlə, bulaqla müqayisə edir.
Yeni texnologiyaların, fəal-interaktiv yanaşmanın həm güclü, həm də zəif cəhətlərini yuxarıda qeyd etdiyim dərslərin təsvirində aydın şəkildə görmək olur. Bir az da konkrektləşdirsək bu texnologiyaların tətbiqində, xüsusən humanitar fənlərin tədrisində vaxt qıtlığı problemi ilə qarşılaşırıq. Dil dərslərində, o cümlədən Azərbaycan dili dərslərində bu, özünü bir o qədər də göstərmir. Sadəcə olaraq tapşırıqların həcminin və tələblərinin müəyyənləşdirilməsində diqqətli olmaq lazım gəlir. Ümumiyyətlə, fəal-interaktiv təlimin baçlıca məqsədi çoxlu həcmdə bilik vermək yox,öyrənəni tədqiqatçı vəziyyətinə qoymaq, müəyyən problemi müstəqil araşdırmaq bacarığını formalaşdırmaqdır. Madam belədir, onda təlim materialının həcmcə böyük olması vacib olmadığı kimi, sərfəli də deyildir. Bu mənada humanitar fənlərin indiki proqramı, qeyd etdiyimiz kimi, fəal-interaktiv təlimin tətbiqi baxımından əlverişli deyildir. Təlim materiallarının çoxluğu, onların tədrisinə ayrılmış saatların məhdudluğu səmərəli nəticənin əldə edilməsinə, əksər hallarda, mane olur. Fəal-interaktiv təlimin digər nöqsanı isə qrup işinin təşkili ilə bağlıdır. Beləki qruplardakı şagirdlərin heç də hamısı işə – qrup üçün müəyyənləşdirilmiş tapşırığın icrasına – fəal qoşulmur. Hər qrupda bir, yaxud iki uşaq işin bütün ağırlığını öz üzərinə götürür. Zəif şagirdlər fəallıq göstərmir. Qrupdakı şagirdlərin arasında vəzifə bölgüsünün aparılması pedaqoji ədəbiyyatda bu vəziyyət üçün çıxış yolu kimi göstərilir. Müşahidə etdiyimiz digər bir qüsur bu və ya digər bir qrupun nümayəndəsi öz işlərinin nəticəsi haqqında danışır, digər qruplar əndişə içində təqdimata hazırlaşır. Yuxarı sinif şagirdləri yeni texnologiyalara çətinliklə alışırlar. Fərdi sorğuya alışan şagirdlərə cütlük şəklində, qruplarda işləmək çox çətin olur.
Ənənəvi təlimi bir kənara atmaq, tamamilə gərəksiz saymaq qeyri-mümkündür. Ənənəvi təlimdə bu gün, eləcə də sabah üçün faydalı çox şey var. Bunları sadəcə olaraq yaşatmağı, yeni təlimi yanaşmalarla uzlaşdırmağı bacarmaq lazımdır. Xüsusən ənənəvi təlim metodları, bəziləri anlaya bilməsə də fəal-interaktiv təlimlə yanaşı, çiyin-çiyinə yaşayır, fəaliyyət göstərir. Diqqət etsək görərik ki, fəal-interaktiv dərsin mühüm mərhələsi-motivasiya (sövqetmə) müəllimin şərhi, müsahibə metodlarının aparıcı mövqeyi ilə reallaşdırılır. Sonrakı mərhələdə fəal-interaktiv metodlar ənənəvi metodlarla dərsin informasiya mübadiləsi mərhələsində müsahibə yenə bir metod kimi mühüm yer tutur. Lakin bütün bunlarla yanaşı bu təlimi yanaşmanın həm güclü, həm də zəif cəhətləri var. Fəal-interaktiv təlimin tətbiqi prosesində mövzunu bir sra hallarda bütövlükdə əhatə etmək mümkün olmur. Belə hallarda müəllimin yenidən monoloqa müraciət etməsi zərurəti yaranır. Bu bir daha təsdiq edir ki, ümumiyyətlə təlimdə çoxlu həcmdə bilik vermək cəhdindən birdəfəlik imtina edilməlidir. Hər gün 3-5 saat dərsi olan müəllim bütün dərslərini fəal – interaktiv təlim əsasında qura bilməz. Hazırki şəraitdə bu, mümkün deyildir. Zəruri metodik köməkdən məhrum olan müəllimin buna fiziki cəhətdən gücü çatmaz. Bu, işin bir tərəfidir. İkinci tərəfdən ədəbiyyat fənnində, elə mövzular olur ki, onların tədrisində fəal-interaktiv təlimin tətbiqi xeyirdən çox zərər verər. Məsələn, ədəbiyyatımızın klassik dövrünün tədrisində ənənəvi təlimə daha tez-tez müraciət olunmasına ehtiyac yaranır. Bu, elə gələcəkdə də, müəllimlərimiz fəal-interaktiv təlimlə əlaqədar metodik ədəbiyyatla təchiz olunanda da belə olacaqdır. Deməli, təlim texnologiyalarının heç birinin rolunu şişirtmək doğru deyildir. Əsas vəzifə dərsdə hansı texnologiyanın tətbiqinin daha faydalı olduğunu müəyyənləşdirməkdir. Lakin bu məsələdə müəllimin özünün yaradıcı işləməyə meyilli olması, axtarışlar aparması, həssaslığı və işgüzarlığı daha önəmlidir.





Meqaleni oxudum ve cox gozel aciqlamalarinizi derslerde tedbiq etmek ucun muellimlere tovsiyye etdim.
Comments are closed.